Bitməyən melodiya

A- A A+

... O gün səhnəyə son çıxışı idi...

Son dəfə uğrunda canını fəda etdiyi xalqının pişvazına çıxmışdı...

Son dəfə görüşürdü yetişdirdiyi sevimli tələbələri, bəstəkarları, musiqiçiləri, sənət adamları - övladları ilə...

Hər kəs onu son dəfə görmək üçün o səhnəyə doğru axışırdı...

O gün o səhnədə onun həyat tamaşasının son nümayişi idi. Ömür pərdəsi bir daha qalxmamaq şərtilə qapanırdı. Əbədi antrakt başlanırdı...

Hər kəs dahi bəstəkarla vidalaşırdı, onu son mənzilinə yola salırdı. Elə özünün bəstələdiyi musiqi sədaları altında... Bülbül bu dəfə "Sənsiz”i ona ithafən daha da yanğılı oxuyurdu.

Səməd Vurğun ona daim arxa-dayaq olmuş bu böyük şəxsiyyətə həsr etdiyi şeirini ürəyindən qara qanlar axıdaraq deyirdi: "Ölüm sevinməsin qoy, ömrünü vermir bada...”

O gün səhnədə əsl faciə yaşanırdı. Amma Məcnun Leylinin məzarı başında çeşmi-giryan ağlamırdı. Bu dəfə minlərlə insan məhz onun nəşi önündə göz yaşı axıdırdı...

Halbuki hər şey elə "Məcnun Leylinin məzarı üstündə” səhnəciyindən başlamışdı. Düz 50 il əvvəl... O ilk səhnə təcrübəsindən bəri keçən yarım əsrdə nələr etməmişdi ki, nələr sığışdırmamışdı ki qısa insan ömrünə?!

Azərbaycan professional musiqi mədəniyyətinin təməl daşını qoymuş, çoxsaylı ilklərə imza atmış, ölməz əsərləri ilə cahan mülkünü lərzəyə salmış dahi bəstəkar, bütün Şərq aləmində opera və operetta janrının yaradıcısı, dramaturq, publisist, pedaqoq, musiqişünas alim, tərcüməçi, mütəfəkkir, filosof, akademik, ictimai xadim, novator sənətkar, əvəzolunmaz böyük insan Üzeyir bəy Hacıbəylinin ölməz həyat melodiyasına qulaq kəsiləcəyik "Unudulmazlar”da...

***

...Ana kəcavədə körpəsini köksünə sıxıb, payızın sazağından qorumağa çalışsa da, sərin meh yolçuların üzünə isti sığal çəkirdi. Torpaqdan boy atıb böyüyən, indisə ömrünü başa vurduğu üçün yenidən yarandığı yerə tökülən saralıb-solmuş rəngbərəng yarpaqların xışıltısı canlı musiqi kimi qulaqları oxşayırdı. Bu xışıltı ilə dəvənin boynundan asılmış zınqırovun səsi bir-birilə ritm tutur, həzin bir melodiya yaradırdı. Amma hələ heç kimin xəbəri yox idi ki, bu melodiya həm də notlar şəklində bir aylıq körpənin ruhuna hopurdu. Və bəlkə də məhz o melodiyadan başlayırdı gələcəkdə bəstələnəcək bütün musiqilər... Eləcə də onun özünün həyat melodiyasını yazırdı... Sonu olmayan, heç zaman bitməyəcək, ölümsüzlük melodiyasını... Hələliksə dəvə ahəstə-ahəstə ləngər vuraraq yolun ağzını tutub gedirdi. Gələcəyin dahi bəstəkarını "Qarabağın konservatoriyasına” aparırdı...

Həyatın ilk notları

Həyatı gözlənilməz təsadüflə başlamışdı Üzeyir bəyin. Əsli-kökü, ailəsi büllur kimi saf Şuşadan olsa da, özü Ağcabədi mahalında dünyaya gəlmişdi 1885-ci ilin 18 sentyabrında. Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla bərabər, onun Ağcabədidəki təsərrüfatına başçılıq edirdi. Elə ona görə də ilin müəyyən hissəsini Ağcabədidə keçirirdi. 1885-ci ildə Şirinbəyim xanım Üzeyirə hamilə olarkən ərini yoluxmaq məqsədilə Şuşadan Ağdama gəlir. Fikirləşir ki, buradan Ağcabədiyə gedib Əbdülhüseyni görər, sonra yenə Şuşaya qayıdar. Lakin Şirinbəyimin Ağdamda yaşayan bacıları onu belə tezliklə Ağcabədiyə getməyə qoymurlar. 8 bacının hərəsi onu bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də dördüncü övladını - Üzeyiri elə Ağcabədidə dünyaya gətirir. Bir aydan sonra isə onları dəvənin üstündə xüsusi hazırlanmış kəcavədə Şuşaya gətirirlər.

Ailənin Şuşadakı evi xan qızı Natəvanın imarətinin aşağı səmtində, "Çöl qala” məhəlləsində yerləşirdi. Bu evdə beş uşaq böyüyürdü: Sayad, Abuhəyat, Zülfüqar, Üzeyir və Ceyhun. Oğlanların gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdu. Valideynlərinin ədəbiyyata, musiqiyə olan maraq və sevgisi uşaqlara da siraət etmişdi. Üzeyir elə kiçik yaşlarından xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalır, şeirləri, qəzəlləri əzbər deyirdi.

Üzeyir bəy ilk təhsilini mədəniyyət və sənət beşiyi olan Şuşada alır. Əvvəlcə mədrəsədə oxuyur, ərəb, fars dillərini mükəmməl öyrənir. Sonra təhsilini maarifçi Haşımbəy Vəzirovun açdığı və müdiri olduğu ikiillik rus-tatar məktəbində davam etdirir. Burada rus dilini öyrənir, həm də sevimli müəllimi Mirzə Mehdi Həsənzadənin (Sarcalı) rəhbərliyi altında Şərq, Avropa və rus yazıçı, şairlərinin yaradıcılığı ilə yaxından tanış olur. Onların əsərlərini ya orijinaldan, ya da Mirzə Mehdinin tərcüməsində oxuyur.

13 yaşı olanda ailəsinə maddi kömək məqsədilə kitab buraxmağa başlayır. Əski əlifba ilə nağıllar, hekayələr yazır, onlara illüstrasiyalar çəkir və kitab şəklində cildləyir. İlk qələm məhsullarına "Kitabi-məzhəkə” adı verən Üzeyir hər gün üç belə kitab hazırlayır, dostları isə onları 15 qəpiyə həmyaşıdlarına satırdı. Kitablardan əldə olunan 45 qəpiyi isə gətirib anası Şirinbəyim xanıma verərdi.

Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri, ədəbi, musiqi məclisləri Üzeyirin musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Özü sonralar yazırdı ki, mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada ən yaxşı xanəndə və sazəndələrdən almışam. Demək, onun musiqi istedadı da Qafqazın konservatoriyası adlanan bu qədim şəhərdə püxtələşmişdi. İlk müəllimi isə Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdu. Amma Üzeyir bəyin bəstəkar kimi yetişməsində Şuşada göstərilən "Məcnun Leylinin məzarı üstündə” adlı səhnəciyin xüsusi rolu var. Görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin Füzulinin "Leyli və Məcnun” poeması əsasında hazırladığı tamaşada 13 yaşlı Üzeyir qardaşları ilə birgə xorda oxuyur. Bu, onun ilk səhnə təcrübəsi olur. Və bu səhnəcik, Cabbar Qaryağdıoğlunun Məcnunu onu o qədər həyəcanlandırır ki, illərlə təsirindən çıxa bilmir. O ifa, muğam qanına, canına, ruhuna hopub illərlə içində yaşayır. Nəhayət, "Leyli və Məcnun” operasını yazır. Amma hələ o vaxta 8 il vardı...

Hər gün 20 km yolu məktəbə piyada gedib-gəlirdi

Hələliksə güclü təhsil almaq lazım idi. Odur ki, 14 yaşında ikən, 1899-cu ildə Ü. Hacıbəyli Gürcüstana gedir və imtahanları müvəffəqiyyətlə verib, o zamanlar məşhur olan Qori Müəllimlər Seminariyasına daxil olur. Burada müxtəlif fənlərlə yanaşı, musiqi dərsləri də keçirilirdi. Üzeyir bir il ərzində 3 alətdə - skripka, violonçel və baritonda çalmağı öyrənir, Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir. Not sistemini və musiqi nəzəriyyəsini öyrənən gənc Üzeyir bəzi xalq mahnılarını nota köçürür. Seminariyada oxuyarkən bədii yaradıcılıqla da məşğul olur. Şeir, povest yazır, tərcümələr edir. Özünün ilk "Dəllək” adlı mənzum felyetonunu da o vaxt yazır və Tiflisdə çıxan "Şərqi-Rus” qəzetində dərc etdirir.

Üzeyir bəy ilk və yeganə sevgisi, həyat yoldaşı Məleykə xanımla da orada tanış olur. O, Məleykə xanımın qardaşı Əli Terequlovla bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli-görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə oradaca görüb sevmişdi.

Seminariyanı bitirdikdən sonra, 1904-cü ildə Ü.Hacıbəylini dərs demək üçün Qarabağ mahalının Hadrut kəndinə müəllim təyin edirlər. Burada bir il rus dili, hesab və musiqidən dərs deyir. Lakin 1905-ci ildə erməni-müsəlman davasının vüsət aldığı vaxtda kəndin ağsaqqaları ermənilərin Üzeyir bəyə qarşı qıcanan dişlərini görüb onu gecəylə gizlincə, at belində, şam işığında kənddən çıxarıb, Yevlağa yola salırlar. Oradan Bakıya gələn 20 yaşlı müəllim elə burada yaşayıb işləməyə başlayır. Əvvəlcə Bibiheybətdəki fəhlə-gənclər məktəbində (hazırda 51 saylı orta məktəbdir) neft mədənlərində çalışan fəhlələrin uşaqlarına dərs deyir. O, millətinin kiçik balalarını maarifləndirmək üçün bütün çətinliklərə qatlaşır. Nəqliyyat olmadığından şəhərin mərkəzindən Bayıla qədər olan 10 km yolu isti, soyuq, külək, yağış, qar-boran demədən hər gün piyada gedib qayıdır.

Bacarıqlı, istedadlı müəllim kimi tanınan Üzeyir bəyi 1908-ci ildə "Səadət” xeyriyyə cəmiyyətinin nəzdində açılmış eyniadlı məktəbə dəvət edirlər. Əli bəy Hüseynzadənin müdir olduğu məktəbdə Üzeyir bəy 1911-ci ilə kimi çalışır. Hər iki məktəbdə ana dili, hesab, coğrafiya, rus dili və musiqidən dərs deyir. Müəllimliklə bərabər mühərrirlik edir, "Türk-rus, rus-türk” lüğətini (1907) və "Hesab məsələləri” dərsliyini (1908) çap etdirir. 1909-cu ildə görkəmli rus yazıçısı N.V.Qoqolun "Şinel” əsərini birinci dəfə ana dilimizə çevirir.

101 yaşlı "Azərbaycan”ın qurucusu

Ü.Hacıbəyli 1905-ci ildən etibarən mahir bir publisist kimi fəaliyyətə başlayır. Ömrü boyunca "Həyat”, "İrşad”, "Tərəqqi”, "Həqiqət”, "İqbal”, "Yeni İqbal”, "Azərbaycan”, "Kaspi”, "Molla Nəsrəddin” də daxil 16-dan çox mətbu orqanda 67 təxəllüs altında özünün bir-birindən maraqlı məqalə və felyetonları çıxır, 4 qəzetə redaktorluq edir. Həmin məqalələr, publisistik yazılar öz mövzu və ideyası ilə bu gün də aktualdır və zəmanəmizlə uzlaşır. Üzeyir bəy, həmçinin duzlu-məzəli ifadələri ilə düşündürməyi bacaran dramaturq idi. "Koroğlu”dan başqa bütün opera və operettaların librettosu özünə məxsus idi.

Üzeyir bəyin publisistik yaradıcılığının ən şərəfli və məhsuldar dövrlərindən biri 1918-1920-ci illərə - Azərbaycan müstəqillik əldə ediyi, əsarətdən qurtulduğu dövrə təsadüf edir. Ölkəmiz istiqlaliyyətini əldə etdikdən sonra Üzeyir bəy Hacıbəyli var qüvvəsi ilə müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirirdi. Bir tərəfdən musiqilər yazır, teatr sahəsində çabalar göstərir, elmi işlər üzərində çalışır, ali musiqi ocağı yaratmaq haqqında düşünür, digər tərəfdən də publisistik yaradıcılıqla məşğul olurdu. Gecə-gündüz Azərbaycanın inkişafı, çiçəklənməsi üçün yollar axtarırdı. O illərdə böyük sənətkarın "Milli marş”ı xüsusi dövlət müsabiqəsindən keçərək, müstəqil Azərbaycanın İstiqlal marşı statusunu aldı. Rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin himni oldu. Bundan əlavə, Üzeyir bəy "Azərbaycan” marşını, "Dağıstan” və "Azərbaycan” adlı birpərdəli baletlər bəstələdi. "Azərbaycan türklərinin musiqisi haqqında” adlı elmi əsərini yazıb, cümhuriyyətin birinci ildönümü günü, 28 may 1919-cu ildə "İstiqlal” məcmuəsində dərc etdirdi. Bunlarla yanaşı, Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının teatr truppası fəaliyyət göstərirdi. Bu truppa müxtəlif opera, operetta, dram əsərləri tamaşaya qoyurdu. Üzeyir bəy tamaşalarda dirijor kimi çıxış edir, hətta səhnə əsərlərinin baş rejissoru kimi də fəaliyyət göstərirdi. Hər vəchlə cavan, müstəqil dövlətimizin inkişafına çalışır, hər sahədə öz töhfəsini verirdi.

Bu töhfələrdən ən mühümü Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan” qəzetindəki fəaliyyəti ilə bağlı idi. Bəstəkarın kiçik qardaşı Ceyhun Hacıbəylinin redaktorluğu ilə çıxan bu qəzetdə Üzeyir bəy əvvəlcə parlament müxbiri olur. Qəzetdəki ilk yazılarını Azərbaycan parlamentinin açılış hazırlıqlarına həsr etməklə bu tarixi hadisəni işıqlandırır. Təəssüf ki, söz ustasının 1918-1920-ci illər kəsiyində yazdığı bütün məqalələri 1991-ci ilə qədər yasaq olunub və dəmir seyflərdə saxlanılıb. Halbuki "Azərbaycan” qəzetində Ü. Hacıbəylinin yüzlərlə publisistik yazıları dərc olunub. Bəzən bir nömrədə müxtəlif imzalarla bir neçə yazısı çap edilirdi. 1919-cu ilin yanvarında Ceyhun bəy Hacıbəyli Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya getdiyi üçün qəzetin redaktorluğu Üzeyir bəyə tapşırılır. O, təxminən 15 ay müddətində - cümhuriyyətimizin süqutuna qədər bu mühüm missiyanı ləyaqətlə yerinə yetirir.

Ü.Hacıbəyli qəzetin 1920-ci il aprelin 25-də çıxan nömrəsində "Surna” adlı felyetonla çıxış edərək düşündüklərini açıq yazmaqdan çəkinmir: "Keçən səfər parlamanda ticarət işlərindən bəhs edərkən məbus əfəndilərimizdən birisi xalı və gəbəyə xammal dedi. Böyük səhvdir. Ondan ötrü ki, xalı və gəbə xammal deyildir! Xammal o şeyə deyirlər ki, ondan bir hazır şey meydana gələ.

... Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizi həmişə "İsvoloç” deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər. Pəs bundan demək olmaz ki, xalı və gəbə xammaldır, hər halda bunu söyləyən böyük səhv edir”.

"Azərbaycan” qəzetində son felyetonunu yazan cəsarətli qələm sahibi bununla da son sözünü deyir. Çəkinmədən, qorxmadan, susmadan xalqımızı gözləyən təhlükəni bəyan edir. 2 gün sonra isə rus qoşunları Azərbaycanı işğal edir. Və "Azərbaycan” qəzeti bağlanır, Üzeyir bəyin də buradakı missiyası sona çatır. Lakin mübariz, qürurlu, cəsarətli söz ustası olan Üzeyir bəy Hacıbəyli ömrünün sonuna kimi Azərbaycan üçün, Azərbaycan xalqı üçün çalışır. Ölməz əsərləri, irsi ilə ana vətənimizi dünyaya tanıdır.

72 ildən sonra "doğulduğu” vətənə qayıdan məşhur mahnı

Üzeyir bəy 1918-ci ildə istiqlal şairimiz Əhməd Cavadın sözlərinə "Çırpınırdın Qara dəniz” mahnısını yazır. Lakin mahnı Azərbaycan sovet hakimiyyəti qurulduqdan, 1920-ci ildən sonra Azərbaycanda ifa edilmir. Üzeyirşünas Səadət Qarabağlı xatırlayır ki, 1990-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına təkmilləşdirməyə gələn İstanbuldakı Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, musiqişünas Süleyman Şenel dahi bəstəkarımızın ev-muzeyində olarkən "Çırpınırdın Qara dəniz” mahnısının uzun illərdir Türkiyədə səsləndiyini və çox sevildiyini bildirir. O, Üzeyir bəyin bu mahnısının notlarını və sözlərini yazıb muzeyə bağışlayır. Beləliklə, bu mahnı 72 ildən sonra "doğulduğu” vətənə qayıdır. 1993-cü ildən etibarən yenidən müstəqil ölkəmizdə səslənməyə başlayır.

Dahi bəstəkarın 1919-cu ildə Əhməd Cavadın sözlərinə yazdığı "Azərbaycan” marşının ilk not yazısı və sözləri türkiyəli musiqişünas Etem Üngörün 1966-cı ildə Ankarada çıxan "Türk marşları” kitabında nəşr olunub. Kitabda yazılır ki, Azərbaycan müstəqilliyini itirməmişdən əvvəl bu marş hər səhər hərbi məktəblərdə, dərs başlamazdan öncə oxunardı.

Ölümdən qaçış

Kəsərli qələm ustası məqalə və felyetonlarında xalqı narahat edən bütün məsələlərə aydınlıq gətirməklə yanaşı, erməni-Azərbaycan mövzusuna xüsusi diqqət yetirirdi. Yazılarının çoxunda bu məsələyə toxunan sənətkar daşnakların fitnələrindən, həyasızlığından, onların hətta sadə erməni millətinin başına gətirdikləri bəlalardan bəhs edir, dəf yollarını göstərirdi. Ona görə də ermənilərin onu görməyə gözü yox idi, hər fürsətdə onu öldürmək istəyirdilər. 1918-ci ilin mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran edirlər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Ancaq xoşbəxtlikdən istəklərini həyata keçirə bilmirlər. Onu ölümdən Nəriman Nərimanov xilas edir. "Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, "mən Azərbaycanı qoyub heç yerə getməyəcəm” deyir. Ancaq Nərimanovun təkidindən, "Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə xalqa göz aydınlığı verirdi”. Bunu Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, şəxsi katibi olmuş baldızı oğlu Ramazan Xəlilov öz xatirələrində qeyd edib. Həmin qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

Nəriman Nərimanov dahi bəstəkarı ikinci dəfə də ölümdən xilas edir. 1921-ci ildə Üzeyir bəyin də adı güllələnmə hökmü çıxarılan Azərbaycanın sayılıb-seçilən 59 şəxsiyyəti ilə birgə NKVD-nin siyahısına salınır. Günlərin bir günü bəstəkarın qaynı Hənəfi Terequlov təsadüf nəticəsində idarənin rəisi S.Pankratovun masasının üstündə həmin siyahını görür. Dərhal ordan çıxaraq başılovlu Qori Seminariyasından yaxın dostu olan Nəriman Nərimanovun yanına gedir. O dövrdə N.Nərimanov Azərbaycana rəhbərlik etməklə yanaşı, həkimliklə də məşğul idi. H.Terequlov ərklə içəri daxil olur, görür doktor xəstə müayinə edir. Qayıdır ki, doktor, sən yatmısan? Nərimanov cavab verir ki, Hənəfi, sən nə danışırsan, görmürsənmi xəstə qəbul edirəm? Terequlov bir də deyir ki, yox, əzizim, sən yatmısan. İndicə mən NKVD-də Üzeyir bəylə birlikdə 59 nəfərin adı olan siyahını görmüşəm, onların hamısı güllələnəcək. Nərimanov deyir, bu, ola bilməz. onda Hənəfi dostuna deyir ki, adam göndər siyahını sənə gətirsinlər. Nəriman Nərimanov dərhal adam göndərir, həmin siyahını Pankratovdan alıb gətizdirir və elə oradaca cırıb tullayır. Bununla da dahi şəxsiyyəti ikinci dəfə ölümün caynağından qoparır...

"Leyli və Məcnun”dan "Koroğlu”yadək...

Üzeyir bəy sənətə gələndə Azərbaycanda nə bir məktəb vardı, nə bir müəllim, nə bir yol... Bu cəfakeş, fədakar insan heç bir məktəb keçmədən, qeyri-adi, fitri istedadı və çalışqanlığı sayəsində hər şeyi özü yaratdı. Özü yoxdan bir yol qurdu. O yoldakı daşlar ayağını əzsə də, incitsə də, təmizləyə-təmizləyə yorulmadan irəlilədi. O yolda bütün cığırları təkbaşına açdı. İlk operası "Leyli və Məcnun” üzərində işləyərkən onun cəmi 22 yaşı vardı. Özü də kirayədə qalırdı. Əsəri 1908-ci ildə "İslamiyyə” mehmanxanasında tamamlamışdı.

1907-ci ilin axırlarına yaxın Bakıda "opera” sözü tez-tez eşidilirdi. Şəhərin sakinləri teatr, sirk tamaşaları görmüşdülər, opera isə onlar üçün yeni idi. Nəhayət, 1908-ci il yanvarın 12-də, şənbə günü böyük səbirsizliklə gözlənilən o an gəlib çatdı. H.Z.Tağıyevin teatrında (indiki Musiqili Teatrda) Hüseyn Ərəblinskinin quruluşunda, Əbdürrəhimbəy Haqverdiyevin dirijorluğu, Əli bəy Hüseynzadənin rəssamlığı ilə "Leyli və Məcnun” operasının premyerası oldu. Üzeyir bəy özü isə seminariya dostları ilə birgə skripkada çalırdı. O gün teatr ağzına kimi doluydu. O gecə binanın dörd tərəfi camaatla dolu idi. Teatrın qapılarında və foyedə səs-küydən qulaq tutulurdu. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu. Azərbaycanın hər yerindən, hətta Qafqazın bir çox bölgələrindən operaya baxmağa gəlmişdilər. Beləliklə, Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yazılan "Leyli və Məcnun”la nəinki Azərbaycanda, bütün Şərq aləmində opera janrının əsası qoyulur.

İlk operasının müvəffəqiyyətindən ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan”, "Rüstəm və Söhrab”, "Şah Abbas və Xurşidbanu”, "Əsli və Kərəm” operalarını bəstələyir. O illərdə dahi bəstəkar "Ər və arvad”, "O olmasın, bu olsun” operettalarını da yazaraq bütün Şərqdə bu janrın da bünövrəsini qoyur. Bu əsərlərin hər biri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır və sevilir. Bircə "Şeyx Sənan”ın premyerasından sonra Üzeyir bəy onu qabili-səhnə görməyib, əsərin partiturasını, əlyazmasını məhv etdi. Bu barədə Ramazan Xəlilov bəstəkara sual verəndə gülümsəyərək belə cavab vermişdi: "Mən kağız üzərindəki əsəri cırıb tulladım. Musiqi isə beynimdə idi. Həmin musiqidən "Koroğlu” operasında istifadə etdim”.

Ü.Hacıbəylinin 1915-ci ildə tamamladığı "Harun və Leyla” operası isə ümumiyyətlə, səhnələşdirilməyib.

1912-ci ildə Üzeyir bəy ali təhsil almaq məqsədilə əvvəl Moskvaya gedir, filarmonik cəmiyyətin musiqi kurslarında dərs alır. 1913-cü ildə isə Sankt-Peterburq Konservatoriyasına daxil olur. O dövr Üzeyir bəyin həyatında və yaradıcılığında mühüm rol oynayır. Özünün bütün dünyada məşhur olan "Arşın mal alan” operettasını məhz təhsil aldığı müddətdə bəstələyir. Lakin I Dünya müharibəsinin başlanması və maddi çətinlik ucbatından Ü.Hacıbəyli konservatoriyada təhsilini tamamlaya bilmir. 1914-cü ildə həyat yoldaşı Məleykə xanımla birlikdə Bakıya qayıdır.

Üzeyir bəy hələ Sankt-Peterburqda ikən 4 pərdəli "Arşın mal alan” operettasını tamamlayaraq partiturasını Bakıya göndərir ki, onu tamaşaya qoysunlar. Və tamaşa ilk dəfə 1913-cü il 25 oktyabrda Tağıyev teatrında göstərilir. Bundan sonra operetta ümumdünya şöhrəti qazanır. 67 xarici dilə tərcümə olunur, 100-dən çox teatrın səhnəsində, o cümlədən ABŞ-ın 13 ştatında, Polşanın 16 şəhərində, Çinin 3 şəhərində, Türkiyədə, İranda, Yunanıstanda, Fransada, Moskvada, Londonda, Berlində, Vyanada və onlarla başqa ölkələrdə tamaşaya qoyulur. 1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan” filmi isə bütün dünyanı dolaşır. Əsər dörd dəfə ekran həyatı yaşayır. Onlardan üçü Bakıda, biri isə ötən əsrin 30-cu illərində ABŞ-da çəkilib. Erməni əsilli Amerika kinorejissoru bu əsəri ekranlaşdıraraq heç yerdə müəllifin adını göstərmir. Və filmin Şərq motivləri əsasında çəkildiyi vurğulanır. Bəs bu operetta ABŞ-a necə gedib çıxmışdı?

Üzeyirşünas Səadət Qarabağlı "Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” kitabında yazır ki, 1915-ci ildə Tiflisdə yaşayan Sedrak Maqalyan adlı erməni Üzeyir bəyin yanına gələrək "Arşın mal alan”ı erməni dilinə tərcümə etmək istədiyini deyir. Hətta Üzeyir bəylə müqavilə də bağlayır. O, operettanı erməni dilinə çevirib, səhnəyə qoyur. Tamaşa Gürcüstanda, Bakıda və başqa şəhərlərdə göstərilir. 1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra S.Maqalyan xaricə mühacirət edir. Gedərkən "Arşın mal alan” əsərini də aparır. Əvvəl Türkiyədə, sonra Yunanıstanda yaşayır və bu operettanın hesabına dolanır. Daha sonra ABŞ-a köçür. Orada bu əsəri tamaşaya qoymaqla külli miqdarda qazanc əldə edir. Hətta o qədər varlanır ki, çoxmərtəbəli hotel tikdirir və ona "Arşın mal alan” adını verir.

1925-ci ildə Üzeyir bəy ABŞ-dan Okorokov soyadlı bir bakılı musiqiçidən məktub alır. Okorokov vaxtilə Bakıda violonçel çalan olub, Asəf Zeynallıya dərs deyib. O, məktubunda Üzeyir bəyə yazır ki, "burada Maqalyan soyadlı biri Sizin "Arşın mal alan” operettanızı özəlləşdirərək çoxlu pullar qazanır. Mənə vəkalətnamə göndərsəniz, halal pullarınızı alıb, Sizə yollayaram”. Lakin o dövrün təzadları üzündən Okorokovun məktubu cavabsız qalır. Ermənilər isə daha da azğınlaşaraq ABŞ-da tamaşaya qoyduqları "Arşın mal alan”ı "erməni operettalarının kraliçası” adlandırırlar.

1942-ci ildə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri İranda olarkən ermənilər tərəfindən Amerikada çəkilmiş həmin filmə baxırlar. Lakin titrlərdə Üzeyir bəyin adına rast gəlmirlər. Buna hiddətlənərək Bakıya dönən kimi bu barədə müəllifə bildirirlər. Bəstəkar bundan çox mütəəssir olur və müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər Bağırova məktub yazır. Lakin məlum olur ki, SSRİ müəllif hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Konvensiyaya daxil olmadığı üçün bəstəkarın hüquqlarını müdafiə etmək imkansızdır.

Aradan iki həftə keçdikdən sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan zəng gəlir. SSRİ Kinematoqrafiya Komitəsinin sədri Bolşakov bildirir ki, Stalin sizin məktubunuzdan xəbərdardır və göstəriş verdi ki, müəllif hüquqlarınızı müdafiə etmək məqsədilə təcili olaraq Bakı studiyasında "Arşın mal alan” filmi çəkilməli və bütün dünya ekranlarında göstərilməlidir.

Elə də olur. 1943-cü ildə II Dünya müharibəsinin qızğın çağlarında film üzərində iş başlayır. 1945-ci ildə Sabit Rəhmanın ssenarisi əsasında Rza Təhmasibin və N.Leşşenkonun rejissorluğu ilə eyniadlı film çəkilib qurtarır və planetin hər guşəsində böyük müvəffəqiyyətlə göstərilir. Bununla da "Arşın mal alan”ın əsl bəstəkarını hamı tanıyır və müəllif hüquqları bərpa edilir.

Şərq musiqisinin atası adlandırılan Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsini isə onun "Koroğlu” operası təşkil edir. Bu əsərdə bəstəkar böyük ustalıqla Qərb və Şərq musiqi alətlərinin sintezini yaradır. Əslində, "Koroğlu” operasını yazmaq barədə Üzeyir bəy uzun illər düşünüb. 1919-cu ildə isə onun bu fikri qətiləşib. Həmin ildə 34 yaşlı bəstəkar ailəsilə bərabər Gürcüstanın Qacar yaylağında istirahət edərkən orada "Koroğlu” qalasını görür. O, hər gün bu qalanın yanına gələr, onun əzəmətinə tamaşa edərdi. Növbəti dəfə bu qalanın yanında olarkən yaşlı bir aşığın "Koroğlu” dastanını əzbərdən söylədiyini eşidir. Ona yaxınlaşır və diqqətlə qulaq asır. Aşığın ifası Üzeyir bəyin çox xoşuna gəlir. Elə oradaca "Koroğlu” dastanını musiqi dili ilə əbədiləşdirməyi qət edir. Aradan 13 il keçir. Üzeyir bəy "Koroğlu” operası üzərində işə başlayır və 4 ildən sonra, 1936-cı ildə əsəri tamamlayır. 1937-ci il aprelin 30-da operanın möhtəşəm premyerası baş tutur.

Tamaşa Moskvada o qədər böyük müvəffəqiyyət qazanır ki, onu Böyük Teatrın səhnəsində tamaşaya qoymaq haqqında qərar qəbul edilir. Lakin Üzeyir bəy şəxsiyyətinə və onun ölməz yaradıcılığına hər zaman qısqanclıqla yanaşan qara qüvvələr özlərini "səfərbər” edib, "Koroğlu”nun Böyük Teatrın səhnəsində tamaşaya qoyulmasına mane olurlar. Bütün bunlara baxmayaraq, 15 mart 1941-ci ildə "Koroğlu” operası SSRİ-nin ən ali təltifinə - Stalin mükafatına layiq görülür.

Ü.Hacıbəyli yaradıcılığının tacı olan "Koroğlu” operası bəstəkara qənirsiz şöhrət və uğur gətirir. SSRİ-nin rəhbəri İosif Stalinin də çox sevdiyi bu opera sayəsində Üzeyir bəy 37-ci il repressiyasından qurtulur. Ramazan Xəlilov danışarmış ki, o ağır günlərdə bəstəkar ayaqqabılarını cütləyib qapının ağzında hazır saxlayırdı. Özü isə pəncərinin önündə, gözü yolda qalırmış ki, indi gəlib məni də aparacaqlar. Amma xoşbəxtlikdən üçüncü dəfə də Üzeyir bəy ölümün cəngindən xilas ola bilir.

Mədəniyyətimizin sütunu olan Ü. Hacıbəyli Azərbaycan musiqi sənətində bir çox ilklərə imza atıb. Musiqi məktəbləri, musiqi texnikumu, Azərbaycan Dövlət Konservatoriyasının, Azərbaycan Bəstəkarlar İttifaqının bünövrəsini qoyub. Xalq çalğı alətləri (notlu) orkestrini, Dövlət xorunu, simli kvarteti, Simfonik orkestri, Mahnı və Rəqs Ansamblını, Sazçı qızlar dəstəsini yaradıb. Azərbaycan Milli Elmlər Akademiyasını təşkil edənlərdən biri olub və akademiyanın nəzdində İncəsənət institutu yaradıb.

"Ayaqqabısını çıxarıb tələbəsinə verir, özü isə...”

Üzeyir bəyin misilsiz xidmətləri ilə yanaşı, onun insanpərvərliyi də dillər əzbəri olub. Tələbələri, dostları, tanışları, müəllimləri, hətta tanımadığı adamlar belə Üzeyir bəyin onlara göstərdiyi qayğıdan, yaxşılıqlardan, ehtiyacı olanlara şəxsi pulundan verdiyi təqaüddən danışırlar. Bu böyük insan Şuşada ona dərs demiş sevimli müəllimi Mirzə Mehdiyə ehtiram əlaməti olaraq, öz şəxsi qazancından hər ay 300 manat təqaüd göndərirdi. Xanəndə İslam Abdullayevə, Keçəçi oğlu Məhəmmədə, tələbələrinə şəxsi pulundan kəsdiyi təqaüd, etdiyi yardımlar hələ də unudulmur. O, saysız-hesabsız insanlara əl tutub. Bəzilərinə pulla kömək edib, bəzilərinə musiqi aləti alıb bağışlayıb, bəzilərini işlə təmin edib, bəzilərinə geyim verib, bəzilərinin təhsil almasına yardım göstərib. Tələbələrinə maddi və mənəvi dəstək göstərməklə yanaşı, əyninin paltosunu, ayağının ayaqqabısını da çıxarıb onlara verib. Məmməd Cavadov xatirələrində yazırdı ki, "Üzeyir bəy Hacıbəyli qeyri-adi insan, qayğıkeş, əvəzsiz müəllim idi. Bir gün Aydın adlı bir tələbə yoldaşımızın ayaqqabısının nimdaş olduğunu görən böyük ustadımız ayağının ayaqqabısını çıxarıb ona verdi. Özü isə evə zəng çalaraq ayaqqabı göndərilməsini xahiş etdi”.

1946-cı ildə Üzeyir bəy Hacıbəyli deputat kimi Naxçıvana seçiciləri ilə görüşə gedir. "Qonaq evi”nə əsgər paltarında cavan bir oğlan gəlir. Böyük Vətən müharibəsindən yenicə qayıtmış bu gənc oğlan yazdığı şeirləri Üzeyir bəyə göstərir. Sərraf söz ustası şeirləri oxuyur və bəyənir. Gənc oğlana Bakıya gəlməyi tövsiyə edir. Bildirir ki, o, mütləq ali təhsilə yiyələnməlidir. Lakin oğlan Bakıya getmək üçün maddi durumunun olmadığını söyləyir. Bunu eşidən Üzeyir bəy gənc oğlana zərfin içində pul verərək onu Bakıda gözləyəcəyini deyir... Bir neçə gün sonra gənc oğlan Bakıya, birbaşa Üzeyir bəyin yanına gedir. Üzeyir bəy dərhal Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayevə telefon açaraq bu istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının vaxtından çox keçməsinə baxmayaraq, A.Qarayev bəstəkarın sözünü yerə salmır. Beləliklə, gənc şair universitetə imtahansız qəbul olunur. Təqaüdünü isə hər ay Üzeyir bəy verir. Bu gənc gələcəyin xalq şairi İslam Səfərli idi.

Qəzəlxan şairimiz Əliağa Vahidə mənzil verdirən də bu dahi insan olub. Ramazan Xəlilov xatirələrində yazır ki, "bir gün Üzeyir bəylə birgə köhnə məhəllələrin birindən keçərək evə gedirdik. Bir də gördük, Əliağa Vahid kiçik bir daxmanın yanında küçədə oturub. Ona yaxınlaşdıq. Üzeyir bəyi görən kimi şair cəld ayağa qalxdı. Üzeyir bəy soruşdu ki, Vahid, burada nə edirsən, niyə burda oturmusan? Vahid zirzəmini göstərərək dedi ki, Üzeyir bəy, mən burada yaşayıram. İçəri çox isti və rütubətlidir, nəfəs almaq olmur deyə, çıxıb havada otururam. Üzeyir bəy evə gələn kimi dərhal lazımi yerlərə zəng etdi. Əliağa Vahidin ev şəraitinin ağır olduğunu söylədi və şairə yeni tikililərdə ev verilməsinə nail oldu”.

Xalqı və milləti üçün bu qədər işlər görən Üzeyir bəy Hacıbəylinin həyat yolu heç də asan və hamar olmayıb. Hər vəchlə ona mane olmağa çalışır, rahat işləməyə qoymurdular. Bir tərəfdən "sapı özümüzdən olan baltalar”, digər tərəfdən əzəli və əbədi düşmənimiz olan ermənilər Üzeyir bəyə qənim kəsilmişdilər. Azərbaycanın çörəyini yeyən, bu millətdən hər zaman yaxşılıq görən ermənilər bütün sayılıb-seçilən ziyalılarımız kimi Ü. Hacıbəylini də məhv etməyə çalışırdılar. 1937-ci ildə Üzeyir bəyin SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülərkən ermənilər dinc durmur, ondan NKVD-yə Müsavat partiyasının üzvü olması, "vətən xainlərinin” övladlarını işə götürməsi, qardaşının xaricdə yaşaması barədə donoslar yazırdılar. Ermənilər hətta Üzeyir bəyin "Azərbaycan” qəzetində dərc olunan 28 may 1919-cu il tarixli "Bir yaş” məqaləsini rus dilinə çevirərək təşkilata təqdim etmişdilər. NKVD-nin erməni rəhbəri Sumbatov bütün bunlar barədə Mir Cəfər Bağırova məruzə edirdi. Bağırov ermənilərin məkrli niyyətlərini yaxşı anlayır və bəstəkarı onlardan qorumağa çalışırdı. Ermənilərin donoslarına cavab olaraq M.C.Bağırov 1937-ci ildə keçirilən büro iclasında rəsmi surətdə göstəriş verir: "Hacıbəyov nəhəng bəstəkar kimi nüfuz sahibidir və yeni "Koroğlu” operasının, Azərbaycan kəndlilərinin feodallara, türk sultanlarına qarşı mübarizəsini əks etdirən, ən uğurla və istedadla yazılmış musiqi əsərlərindən birinin müəllifi olduğu üçün Hacıbəyovun namizədliyi hələlik çıxarılmasın”. Ermənilərin bütün səylərinə baxmayaraq, 1937-ci ildə Üzeyir bəy SSRİ Ali Sovetinə deputat seçilir.

Ölüm sevinməsin qoy...

1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyü "Koroğlu” operası ilə açılır. Stalin öz xahişi ilə "Koroğlu”ya iki dəfə tamaşa edir, onu "ən gözəl sovet operası” adlandırır. "Arşın mal alan” da proqrama Stalinin göstərişi ilə salınır. Dekadadan sonra Üzeyir bəy bütün sovet bəstəkarları içərisində birinci olaraq SSRİ Xalq artisti adına layiq görülür, Lenin ordeni ilə təltif edilir. Ongünlük bitdikdən sonra bütün iştirakçılar Kremldə qəbul olunur və onlara Stalinin adından böyük ziyafət verilir. Banketdə Üzeyir bəyin bir tərəfində Stalin, digər tərəfində Molotov və Voroşilov əyləşirlər. Stalin orada "Arşın mal alan” operettasından parçalar oxuyur. "Koroğlu” operasını çox bəyəndiyini söyləyir, Üzeyir bəyi novator bəstəkar adlandırır, "siz dörd belə opera yazmalısınız” deyir. Sonra bəstəkara xalq çalğı alətlərində ifaçıların Ümumittifaq müsabiqəsini keçirməyi və həmin yarışmada komissiyanın sədri olmağı təklif edir. Üzeyir bəy məmnuniyyətlə təklifi qəbul edir. Stalin oradaca müsabiqənin keçirilmə tarixini təyin edir - 1939-cu il, oktyabr...

15 günlük müsabiqənin gedişi zamanı respublika səviyyəsindəki yarışlardan keçməyən beş erməni əsilli Azərbaycan vətəndaşı SSRİ xarici işlər naziri Molotovun adına teleqram göndərir, orada Üzeyir bəyin münsiflər heyətinin sədri seçilməsinə etiraz edir, onu millətçilikdə günahlandırırlar. Molotov da teleqramı bəstəkarın özünə ünvanlayır. Üzeyir bəy bu xəbis, məkrli ermənilərin əməllərindən əsəb sarsıntısı keçirir. Bununla diabet xəstəliyinin təməli qoyulur. Elə o vaxtdan sonra xəstəlik ildən-ilə şiddətlənir. 1947-ci ildə isə daha da kəskinləşir. Həmin ilin sentyabrında Mir Cəfər Bağırov səhiyyə naziri və digər məsul şəxslərə Üzeyir bəyə yüksək dərəcədə ixtisaslaşdırılmış konsilium təşkil etməyi tapşırır. Konsiliumun nəticəsinə görə, xəstənin şəkər diabeti, hipertoniya və ürək astmasından əziyyət çəkdiyi müəyyənləşir. Bundan sonra Üzeyir bəyi "Leçkomissiya”ya yerləşdirirlər. Konsiliumun həkimlərinin tərkibində olan Osipyan soyadlı erməni bəstəkarı müalicə etməyə başlayır. Bununla da ermənilərin çoxdan axtardıqları fürsət əllərinə düşür. Əlverişli məqamı fövtə verməyən Osipyan təcili olaraq Üzeyir bəyə insulin iynəsi təyin edir və xəstəni çox ciddi pəhrizdə saxlayır. Bunun nəticəsində Ü. Hacıbəyli bir ay ərzində 18 kq arıqlayır, orqanizmi zəifləyir və ürək tutmaları başlayır. Beləliklə də, Osipyanın məkrli niyyəti çox ağır nəticələrə səbəb olur. Üzeyir bəyi Yessentukiyə aparmağı məsləhət görürlər. Orada vəziyyəti daha da ağırlaşır. Bu barədə M.C.Bağırov Stalinə məlumat verir. SSRİ-nin başçısı bəstəkarı təcili olaraq Moskvaya gətirməyi məsləhət görür. 1947-ci ilin dekabrında Ü. Hacıbəylini Moskvaya aparırlar və məlum olur ki, Bakıda onu düzgün müalicə etməyiblər. Xəstəxanada bir az müalicə olunduqdan sonra dahi bəstəkarı Borvixada yerləşən yüksək səviyyəli hökumət sanatoriyasına keçirirlər. Oradakı həkimlər də Üzeyir bəyin müalicəsində çox səhvlər olduğunu təsdiqləyirlər. 1948-ci ilin avqustunda həyat yoldaşı Məleykə xanım, Ramazan Xəlilov və sanatoriyadan təyin edilmiş Kirefova familiyalı tibb bacısı böyük sənətkarı Bakıya gətirirlər. Ona Mərdəkandakı 2 saylı istirahət evində ayrıca, bir ailəlik imarət ayırırlar. Professor Yeqorov və həkim İsmayıl Veysov Üzeyir bəyi müalicə edirlər. Lakin bütün səylərə baxmayaraq, bəstəkarın vəziyyəti yaxşılaşmır. Oktyabrın ikinci yarısında Üzeyir bəyi öz evinə gətirirlər. Noyabrın 23-də, gecə saat 2-də dahi bəstəkar "peyğəmbər yaşı”nda gözlərini əbədi yumur və ölümü ilə ölümsüzlüyə qovuşur...

M.C.Bağırovun göstərişi ilə Ü.Hacıbəylinin cənazəsi Azərbaycan Elmlər Akademiyasının böyük salonunda qoyulur. İnsanlar dahi bəstəkarla vidalaşmaq üçün ucu-bucağı görünməyən növbələrə düzülür. İnsan axınının ardı-arası kəsilmir. Küçədə iynə atsan, yerə düşməzdi. Şahidlərin dediyinə görə, o vaxta qədər belə bir dəfn mərasimi heç vaxt olmamışdı. Yollar, binaların damları, artırmalar insanlarla dolu idi. Hönkür-hönkür ağlayan insan axınının qarşısını almaq heç vəchlə mümkün deyildi. Atlı polis dəstələri bu izdihamı nizamlamağa çətinlik çəkirdilər. Dəfn mərasimində başqa respublikalardan da çoxlu nümayəndələr iştirak edirdilər. Üzeyir bəyin tabutunu akademiyanın binasından Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər Bağırov və digər dövlət, hökumət adamları çiyinlərində çıxarır, Fəxri xiyabana qədər əllər üstündə aparırlar. Dahi bəstəkar son mənzilə canından çox sevdiyi Azərbaycan xalqının çiyinlərində gedir. Məzarının üstünə 400-dən çox əklil qoyulur. Qırx gün isə orada hüquq mühafizə işçilərindən ibarət fəxri qaravul dayanır...

Və 63 il öncə yazılmağa başlayan həyat melodiyasının son notu çalınır. Amma sona yetmir... Bu, elə bir melodiyadır ki, indiyə qədər bəstələnən və bəstələnəcək bütün musiqilərimizdə duyulacaq. Bu, elə bir melodiyadır ki, dünya durduqca var olacaq, kainatı dolaşacaq.

Bu, Üzeyir melodiyasıdır...

Sonu olmayan, heç zaman bitməyəcək, ölümsüzlük melodiyası...

 

Xəyalə Muradlı

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: