Musiqi ilə qalın…

A- A A+

“Sözlərin danışa bilmədiyi yerdə musiqi danışır”, deyib danimarkalı yazıçı Hans Christian Andersen. Bu, doğrudan da belədir. Bəzən yanımızda kimisə istəmədiyimiz anlarda o çox ehtiyac duyduğumuz yalnızlığımızı belə hansısa musiqinin müşayətilə pozuruq. Dinlədiyimiz musiqilər bizim iç dünyamızı özündə o qədər əks etdirir ki, hətta psixoloqlar onların köməyilə bizim xarakterimizi, problemlərimizi, günlük düşüncələrimizi də yəqin edə bilirlər.

Çoxlarının musiqi ilə tanışlığı məhz mahnı ilə başlayır. Yəni mahnılar musiqinin digər janrları ilə müqayisədə həyatımıza daha çox nüfuz edib. Buna səbəb isə onun daha asan və başadüşülən olmasıdır. Mahnı janrının yaranma tarixinə nəzər salanda bunun elə də uzaq olmayan, demək olar ki, yaxın keçmişdən xəbər verən bir yenilik olduğu ortaya çıxır. Bəzi nəzəriyyələrdə belə bir iddia da var ki, ilk musiqi məhz elə insan səsidir.

Mövzunun  biraz daha dərininə getsək, bunun hələ də musiqişünaslar arasında mübahisə yaradan bir məsələ olduğunu deyə bilərik. Mübahisələr əvvəl bir sual ətrafında başlamışdır: “İnsanoğlu musiqini yaratdı, yoxsa inkişaf etdirdi?”.

Belə deyək, quşların ötməsinin, küləyin səsinin bir musiqi olmadığını kim iddia edə bilər? Belə çıxır ki, musiqi vəsaiti təbiətdə hazır şəkildə var idi. Zamanla isə bəşər övladı onu kəşf etdi.

... Folklorla bağlı keçmişə ötəri bir nəzər salaq. Qədim zamanlardan bu günümüzə qədər gəlib çatmış qaynaqlarda qeyd olunur ki, əmək mahnıları insanların yorğunluqlarını yaddan çıxarmaq məqsədilə məhz elə ağır şəraitdə çalışan həmin insanlar tərəfindən yaradılaraq iş prosesində istifadə olunurdu. Bildiyimiz kimi folklorun bir növü olan xalq mahnılarının hamısı bax belə yaradılıb, xalqın yaradıcılıq məhsulu olaraq ağızdan-ağız keçərək təkmilləşib, zamanla nota köçürülərək xalqın mədəni mirası kimi əbədiləşdirilib. Bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, musiqi insanın mənəvi təlabatından yaranıb.

Hələ Antik dövrlərdə musiqinin köməyi ilə insanların bir sıra ağır xəstəliklərdən şəfa tapması barədə faktlar vardır. Bu faktlarda nəfəslə çalınan alətlərin səsi ilə ruhi xəstələrə öz əvvəlki sağlamlığını qovuşduğu, insanların öz hirsini və qəzəbini lirada çalıb oxumaqla soyutduğu, həkimlərin zəhərli ilan çalmış adamlara musiqidən zəhərə qarşı vasitə kimi istifadə etməyi məsləhət gördüyü və sair kimi məlumatlar yer alıb. Hippokrat  və Pifaqor  öz xəstələrini musiqi ilə müalicə edərək onları sağlamlıqlarına qovuşdurublar.

Belə bir deyim var ki, musiqi insanları birləşdirir, musiqi sərhəd tanımır. O, dil, din, irq, millət, cinsiyyət fərqi qoymadan hər yaşdan və mədəniyyətdən olan insana təsir edən vasitədir. Musiqi insanların universal dilidir.

Sentyabrın 18 – i, Azərbaycanın dahi bəstəkarı, milli musiqimizin banisi Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə ölkədə silsilə tədbirlər həyata keçirilir, milli və klassik musiqi nömrələrindən ibarət konsertlər təşkil olunur.

Fikrimcə, gözəl və faydalı olan nə varsa qorunub saxlanılmalı, yaşadılmalıdır. Yuxarıda da qeyd etdiyim kimi, musiqi ilə bağlı biz insanlar arasında olan fərq sadəcə janr seçimidir. Dəblər dəyişər, əsl musiqi nümunələri isə əbədi yaşayar...

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: