Ərtoğrol Cavid, yaxud bir ailənin dramı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il aprel ayının 18-də Azərbaycan romantizminin əvəzsiz simalarından olan Hüseyn Cavidin sevimli övladı, istedadlı musiqiçi-rəssam, sənətşünas Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub getmişdir. Ərtoğrol Cavid bədii yaradıcılıqla da məşğul olmuş, pyes və şeirləri dövrümüzədək gəlib çatmışdır. Yaradıcılığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik külliyyatda toplanmışdır”. Həmin sərəncamla Ərtoğrol Cavidin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə geniş qeyd edilməkdədir.   

Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin çiçəkləndiyi bir dövrdə Bakıda böyük romantik şair və tanınmış dramaturq Hüseyn Cavid Rasizadənin ailəsində dünyaya göz açıb. Böyük qələm sahibinin evində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları olan Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadənin iştirakı ilə ədəbiyyat, şeir söhbətlərinin, dünya ədəbiyyatının şedevrlərinin elmi-ədəbi müzakirələrinin aparılması ailənin ilk övladında incəsənətə, bədii ədəbiyyata, xalq ədəbiyyatına tükənməz sevgisinin yaranmasına səbəb olub. Böyük ədib övladlarını hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmağa xüsusi diqqət yetirib.

Pedaqoji İnstitutun Dil və ədəbiyyat fakültəsində təhsil aldığı illərdə Ərtoğrolun müəllimi olmuş akademik Məmməd Cəfər Cəfərov onun tənəffüslərdə də həmişə sinif otağında olduğunu, qarşısında nadir kitablar, dəftər, əlində qələm nə isə oxuduğunu, düşündüyünü, müəllimlər arasında çox böyük hörmət qazandığını yazıb. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olub. Müəllimi – dahi bəstəkar, konservatoriyanın rektoru Üzeyir Hacıbəyov onun bu sahədə fitri istedadı olduğunu dəfələrlə qeyd edib. Ailəsinin maddi ehtiyaclarını ödəmək üçün gənc Ərtoğrol tələbəlik illərindən Azərbaycan opera müğənnisi, peşəkar vokal sənətinin banisi Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqinin Elmi-Tədqiqat Kabinəsinin üzvü kimi – elmi işçi vəzifəsində böyük həvəslə çalışıb. Ərtoğrol Cavid bütün toplama materiallarına çox ciddi və məsuliyyətlə yanaşıb, onların məziyyətləri ilə yanaşı, nöqsanlarını da nəzərə çatdıraraq arzu və təkliflərini bildirib. Bu tənqidi qeydlər onun Azərbaycan etnoqrafiyasını, folklorunu və musiqi sənətini dərindən bildiyini və şifahi xalq ədəbiyyatının estetik­-tərbiyəvi əhəmiyyətinə yüksək dəyər verdiyini sübut edir. Hüseyn Cavidin Bakı şəhərindəki ev-muzeyində saxlanan həmin materiallar əsasında 2011-ci ildən başlayaraq 13 cildlik “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” toplusu AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, filo­logiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçiliyi ilə nəşr olunub.

Ərtoğrol Cavid 1941-1942-ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində də dərs deyib. Gənc Ərtoğrol qələmini nəsr, dramaturgiya və poeziya sahəsində də sınayıb, “Eqoistin taleyi” adlı bir pyes yazıb. İlk böyük əsəri fortepiano üçün yazılmış və Üzeyir Hacıbəyova ithaf olunmuş “Doqquz variasiya”dır. Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” və digər şeirlərə romans və mahnılar bəstələyib. İkinci Dünya müharibəsi zamanı “Sərhəddən məktub” simfonik balladası və marşlar yazıb, lakin “Şeyx Sənan”, “Məhsəti” operalarını tamamlamaq, təəssüf ki, ona nəsib olmayıb. Ərtoğrol Cavid bir sıra məşhur Azərbaycan xalq mahnılarını – “Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” və digərlərini nota salıb, Avropa və rus bəstəkarlarının romans və mahnılarının mətnlərini Azərbaycan dilinə tərcümə edib.

Ərtoğrol Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılıb, “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib. Güclü soyuqdəymə nəticəsində Gürcüstanda bir müddət xəstəxanada yatıb, professor Əziz Şərifin köməkliyi ilə, nəhayət, Naxçıvana gətirilsə də, yaxşı qidalanmaması və müalicə edilə bilməməsi səbəblərindən 24 yaşının tamam olmasına bir həftə qalmış – 14 oktyabr 1943-cü ildə Naxçıvanda dərdli və nisgilli bir halda dünyadan köçüb. Məzarı ölümündən 53 il sonra – 1996-cı ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb.

Böyük Cavidin həqiqi bəraəti xalqımızın ümummilli lideri Heydər Əliyevin 1981-ci ildə onun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi tarixi qərardan sonra reallaşdığı kimi, Ərtoğrol Cavidin də həqiqi bəraəti və onun haqqında layiq olduğu sözlərin deyilməsi və yazılması məhz keçən yüzilliyin 80-ci illərindən sonra gerçəkləşib. Belə ki, Ərtoğrol Cavidin musiqi yaradıcılığı barədə ilk dəfə Azərbaycanın Xalq yazıçısı Anar 1980-ci ilin noyabr ayında “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuş “Böyük sənətkarın sənətkar oğlu” məqaləsində bəhs edib.

Əslində, Anarın həyat yoldaşı Zemfira xanım Səfərova tədqiqat işi apararkən 40-cı illərə aid materiallarda “Ərtoğrol” imzasına ilk dəfə rast gəlib, bu imza ilə bağlı Anardan soruşub və Ərtoğrol Cavidin arxivini Turan xanımdan əldə edə bilib. 1981-ci ildə Xalq yazıçısı Anarın təbirincə desək, “gənc yaşlarından çətin sınaqlar qarşısında qalıb və bu sınaqlardan şərəflə, ləyaqətlə çıxmış” Ərtoğrol Cavidin xatirəsinə həsr olunmuş ilk televiziya verilişi tamaşaçılara təqdim edilib. Anarın təşəbbüsü və aparıcılığı ilə araya-ərsəyə gələn bu verilişdə vaxtilə Ərtoğrol Cavidə dərs demiş akademik Məmməd Cəfər Cəfərov, Xalq artisti, bəstəkar Cahangir Cahangirov, Ərtoğrolun bacısı Turan Cavid və sinif yoldaşı Ətaulla Qasımov onun haqqında unudulmaz xatirələrini, bənzərsiz istedadı barədə düşüncələrini dilə gətiriblər. Həmin verilişdə son dərəcə çətin və məşəqqətli həyat yolu keçmiş Ərtoğrol Cavid haqqında söylənilən dəyərli fikirlərin bəziləri filologiya elmləri doktoru Gülbəniz Babaxanlının 2009-cu ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş “Ərtoğrol Cavid” adlı məqaləsində ictimaiyyətə çatdırılıb.

Ərtoğrol Cavidin dövrü, həyatı, mühiti, bədii yaradıcılığı, ədəbi və elmi fəaliyyət istiqamətləri Solmaz Haşımova Ərturanın 2002-ci ildə nəşr olunmuş “Ərtoğrol Cavid – şəxsiyyəti və irsi” monoqrafiyasında ətraflı tədqiqata cəlb edilib. Giriş, iki fəsil və nəticədən ibarət olan bu monoqrafiya Ərtoğrol Cavidin ömür yolunun inkişaf mərhələlərinin işıqlandırılması, bütün materialların araşdırılması və ilk sistemli elmi əsər olması baxımından xüsusi əhəmiyyətə malikdir.

Ərtoğrolşünaslıq tarixində əvəzsiz xidmətləri olan ziyalılarımızdan biri, həm Hüseyn Cavid, həm də Əli bəy Hüseynzadə haqqında arxiv materiallarına əsaslanan sanballı tədqiqat əsərlərinin müəllifi, “Hüseyn Cavid” mükafatı laureatı, tənqidçi, publisist, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Azər Turandır. O, 2005-ci ildə Ərtoğrol Cavidin şeirlərini, nəsr və dram əsərlərini, bəstələrini, məktublarını bir yerə toplayaraq “Ərtoğrol Cavid yazıları, rəsmləri, bəstələri, məktubları” adı ilə nəşr etdirib. Azər Turan 2003-cü ildən başlayaraq Ərtoğrol Cavid irsini oxuculara çatdırmaq, tədqiqatı üçün zəmin hazırlamaq kimi şərəfli bir vəzifəni üzərinə götürüb. Bəhs olunan kitabın “Ərtoğrol bəy” adlı ön sözündən sonra “Şair”, “Yazıçı”, “Tələbə”, “Dramaturq”, “Bəstəkar”, “Rəssam” bölmələrində müvafiq əsərləri yer alıb, “Şəhid məktubları” bölməsində isə dəyərli tədqiqatçının, həqiqətən də, ən müqəddəs bir zirvə olan “Şəhid” adına layiq gördüyü, şərəfli və faciəli bir həyat sürmüş Ərtoğrol Cavidin ailəsinə, Üzeyir Hacıbəyov və başqalarına olan məktubları öz əksini tapıb.

Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin obrazı yaradılan bir çox bədii əsərlərdə onun qeyri-adi istedad və təfəkkürə malik oğlu Ərtoğrolun da obrazı təsvir edilib. Şairə-dramaturq Nafilə Abuzərlinin Hüseyn Cavidə həsr etdiyi “Eşq mələyi” dramında, şair-dramaturq Nizami Muradoğlunun həm “Hüseyn Cavid” adlı psixoloji-mənzum faciəsində, həm də “Bu dünyanın məzarları ağlamaz” adlı sənədli poemasında ötən əsrin 30-cu illərinin amansız repressiyası fonunda Ərtoğrolun həyatı, sənəti və mübarizəsi öz bədii ifadəsini tapıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlı həyatdan nakam getmiş istedadlı gəncin taleyi və çoxşaxəli yaradıcı­lığından, şair, bəstəkar, rəssam kimi fəaliyyətindən bəhs edən “Ərtoğrol Cavid, yaxud bir ailənin dramı” mənzum faciəsini 2004-2008-ci illərdə qələmə alıb. Əsərdən əvvəl verilən “Müəllifdən” adlı qeydlərdən əsərin yazılmasında əsas məqsədin Cavidlər ailəsinə qarşı xalqımızın qəlbində olan məhəbbəti daha da artırmaq olduğu aydın görünür. Əsərdə amansız repressiya dövrünün qurbanı olan böyük mütəfəkkir, şair, dramaturq Hüseyn Cavidin və onun ailə üzvlərinin faciəli taleyindən, 24 il qısa və mənalı ömür sürən Ərtoğrol Cavidin sənətkarlıq yaradıcılığından bəhs olunur. Dramda böyük vətən aşiqi bir şairin övladı kimi Ərtoğrolun milli varlığımıza, xalq ədəbiyyatımıza, xalq musiqisinə və incəsənətə qırılmaz tellərlə bağlı obrazı yaradılıb. Rəsm, musiqi və ədəbiyyat sahələrində qeyri-adi istedada malik olan bu gənc həm də ən yüksək insani hissləri, zəngin mənəviyyatı ilə ətrafındakıların məhəbbətini qazanıb.

Böyük şairin Sibirə sürgünə göndərilərkən ömür-gün yoldaşı Müşkinaz xanıma dediyi “Nə qələmim susacaq, nə gülüm solacaq” son sözləri əsərə epiqraf olaraq verilib. Əsərdə romantik şair Hüseyn Cavidin və onun ailə üzvlərinin, istedadlı bəstəkar Üzeyir bəy Hacıbəyovun, unudulmaz müğənni Bülbülün yaddaqalan obrazları yaradılıb. Mənfi planda işlənmiş obrazlar isə Hüseyn Cavidin “İblis” mənzum faciəsinin xəyali obrazlarından olan İblis və 3 nəfər DTK-nın müstəntiqləri – Stepan Yemelyanov, Ruben Markaryan və Xoren Qriqoryandır. Nigar isə Ərtoğrolun tələbə yoldaşı, qəlbində gizli saxladığı sevgisidir. Əsərdə pünhan sevgisini özü ilə əbədiyyət dünyasına aparan Ərtoğrol Cavid həm də böyük və saf məhəbbətlə sevən, fədakar bir aşiq kimi diqqəti cəlb edir.

Birinci pərdənin birinci şəklindən gənc Ərtoğrolun əlyazması şəklində olan şeirlərindən və onun bu sahədəki istedadına özünün və atası Hüseyn Cavidin inamından danışılır. İlk qələm təcrübələrindən olan “Ay” şeirini Turana oxuyan Ərtoğrolu təsadüfən Hüseyn Cavid də dinləyir, həm valideyn və həm də bir şair kimi öz xeyir-duasını verir. Lakin əsərdə təqdim olunan bu şeir “Ərtoğrol Cavid yazıları, rəsmləri, bəstələri, məktubları” kitabındakı “Ay” şeirindən bir qədər fərqlənir. Birinci şəkildə Üzeyir bəylə Cavidin söhbətlərindən Ərtoğrolun tələbəliklə yanaşı, bəstəkar kimi fəaliyyəti və bu sahədə də misilsiz istedadının olduğu təsvir edilir. Moskvadan yenicə gəlmiş Üzeyir bəy Stalinin rəhbərliyi ilə orada kütləvi həbslərin başlandığını xəbər verir və ehtiyatlı olmağa çağırır. İkinci şəkildə Ərtoğrolun institut həyatı canlandırılır. Aşiq olduğu tələbə yoldaşı Nigar adlı qızın rəsmini çəkməsi, gənc­lərin rəssamlıq barədə fikirlərini bölüşmələri Ərtoğrol Cavidin incəsənətin bu sahəsində də istedadının olduğunu və yaratdığı əsərləri, sadəcə, baxıb təkrarlamaqla deyil, ruhunda yaşadıb duyaraq hər bir cizgiyə məna verdiyini öyrənirik. İblisin dilindən verilmiş parçalar Hüseyn Cavidin “İblis” faciəsindən eynilə götürülərək əsərə daxil edilib, bəzi faktlara əsaslanmaq üçün ictimai xadim, akademik, yazıçı və publisist Rafael Hüseynovun “Vaxtdan uca” əsərinə istinad olunub. Cavidə qarşı irəli sürülən ittihamlar, haqsız tənqidlər və Cavidin öz məramından dönməyərək kimsəyə boyun əyməyə razı olmaması, onu DTK-da pantürkistlikdə ittiham edən üçlüyə verdiyi tutarlı cavablar, əyilməzliyi, dönməzliyi onu tam bir xarakter olaraq təsəvvür etməyə imkan verir. Əsərin birinci pərdəsi Cavidin mühakiməsi və haqqında həbs hökmünün çıxarılması ilə sona çatır.

İkinci pərdədə Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyəti, nota köçürdüyü xalq mahnıları, yaradıcılığının çiçəkləndiyi bir zamanda əsgərliyə çağırılması, bu xəbəri sevinclə qarşılaması, bununla həyatının ən çətin anlarının başlaması, lakin heç nəyə baxmayaraq ümidini itirməməsi onu əsl Cavid adına layiq bir övlad kimi oxucuların nəzərində canlandırır. Əsərin ən təsirli hissələri Ərtoğrolun ölümü, dəfn mərasimində sovet repressiyasının qorxusundan çox az insanın iştirak etməsi, anası və bacısının iştirak edə bilməməsi, bu xəbərdən sarsılan Şahsənəm nənənin və Müşkinaz xanımın dilindən deyilən ağılardır. Əsər Hüseyn Cavidin “Şeyx Sənan” mənzum faciəsinin sonluğuna bənzər şəkildə tamamlanır.

Ərtoğrolun vəfatından bir müddət sonra Müşkinaz xanım, sonralar isə Turan Cavid haqq dünyasına qovuşublar. Dramda təsvir olunur ki, Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyevin ciddi səylərinin nəticəsi olaraq böyük Cavidin cənazəsi Uzaq Sibirdən doğma yurdu Naxçıvana gətirilərək burada şairin möhtəşəm məqbərəsi ucaldılır. Bir-birindən ayrı düşərək qəriblikdə həyatlarını tapşıran ailə üzvlərinin ruhlarının burada qovuşması son dərəcə xoşbəxt şəkildə təsvir olunub. Bu misilsiz xidmətinə görə böyük şairin və bütöv bir xalqın ulu öndərə minnətdarlığı da əsərdə öz bədii əksini tapıb.

Beləliklə, Ərtoğrol Cavid Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixində misilsiz istedadı ilə hərtərəfli və dərin biliyə malik böyük şəxsiyyət kimi xalq ruhuna, ədəbiyyat və musiqisinə bağlı, müasir dünya ədəbiyyatını, musiqisini ən yüksək səviyyədə mənimsəyən, həm milli, həm də bəşəri bir yaradıcılığa malik, vətənpərvər, son dərəcə qürurlu bir gənc olaraq əbədi yaşamaq haqqını qazanıb. Ərtoğrol Cavidin simasında Azərbaycan xalqı təkcə böyük Hüseyn Cavidin gənc yaşlı övladını deyil, şairini, nasirini, dramaturqunu, folklorçusunu, musiqişünasını, bəstəkarını, rəssamını, tərcüməçisini itirib. Lakin xain düşmən xalqımızın istedadlarını fiziki cəhətdən məhv etməklə öz məqsədinə nail olduğunu sanmasın. İstər həbs, sürgün, işgəncələr, istərsə də məşəqqətli həyat qorxusu nə dahi şair Hüseyn Cavidi, nə də onun ideyalarının davamçısı Ərtoğrol Cavidi sındıra bilib. Onların adları bir xalqın hafizəsinə əbədi həkk olunub. Azərbaycan belə mətin, mübariz, vətən, xalq uğrunda canından keçən övladları ilə fəxr edir!

Aygün ORUCOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: