Rəssam Sabir Məmmədovun muxtar respublikaının yaradılmasının 95 illiyinə həsr olunmuş sərgisi açıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda  Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Sabir Məmmədovun muxtar respublikanın yaradılmasının 95 illiyinə həsr olunmuş 65 illik yubiley sərgisi keçirilib

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək yubilyarın özünəməxsus yaradıcılıq yolundan danışıb. Bildirilib ki, Naxçıvan rəssamlıq məktəbinin əvəzsiz sənətkarlarından olan Sabir Məmmədov həm güclü kolorist, həm heykəltəraş, həm də Naxçıvan Döymə Sənəti Məktəbinin ilk yaradıcılarındandır. O, daim dinamik və məhsuldar çalışan rəssamdır. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin ustad dərsləri daxil olmaqla, hər tədbirində böyük həvəslə, sənətkara xas olan təvazökarlıqla fəal iştirak edən rəssam gənc nəsil rəssamlarımıza sənətin sirlərini öyrədir. Vurğulanıb ki, Sabir Məmmədovun çoxsəpkili əsərlərinin içində doğma yurdu Naxçıvana aid olan silsilə əsərlər mövcuddur, bu mövzu rəssama daha yaxın və doğmadır. Sabir Məmmədov Rusiya, Ukrayna, İran, Türkiyə və başqa ölkələrdəki sərgilərdə fəal iştirak edib. Onun xarici ölkələrdə, eləcə də Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fərdi sərgiləri açılıb. O, “Rəşadətli əməyə görə” nişanı və Əməkdar rəssam fəxri adı ilə təltif olunub.  Ülviyyə Həmzəyeva rəssamı 65 illik yubileyi münasibətilə təbrik edib, ona Naxçıvan Rəssamlar Birliyinin fəxri diplomunu təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid rəssamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digərləri də yubilyarı təbrik ediblər.

Rəssam Sabir Məmmədov sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Sonra sərgiyə baxış olub. Sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi 95 rəsm əsəri nümayiş olunub. “Naxçıvan Muxtar Respublikasının 95 illiyi”, “Haçadağ”, “Qədim Naxçıvan”, “Ənənələr”, “Naxçıvanqala”, “Badam gülləri”, “Muğam”, “Babək qala”, “Ağbulaq dağları” və digər əsərlər iştirakçılar tərəfindən maraqla izlənilib. Bu əsərlərdəki milli ruh və milli kolorit rəssamın dərin yurd, Vətən sevgisini təcəssüm etdirir.

Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək. 

        

                                                                   Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: