Azərbaycanın turizm potensialı barədə seminar yaponiyalı iş adamları tərəfindən maraqla qarşılanıb - FOTOLAR

A- A A+

Tokionun “Bunkyo Civic Center” mərkəzində “Cross Border Club” şirkətinin və Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizin turizm potensialı mövzusunda növbəti seminar keçirilib.

NUHÇIXAN xəbər verir ki, Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş iş adamlarının qatıldığı seminarda “Cross Border Club”ın baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin turizm potensialı barədə məlumat veriblər.

Əvvəlcə iştirakçılara Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, müasir turizm obyektləri və burada yaradılan şərait barədə danışılıb. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin turizm sahəsində həyata keçirdiyi çoxsaylı layihələr ölkəmizdə bu sahəni dünya standartları səviyyəsinə qaldırıb. Ölkəmizdə təbii vasitələrlə müalicə yolu ilə xidmətlər təklif edən turizm müəssisələri barədə də məlumat verilib. Həmin müəssisələr sırasında nadir xüsusiyyətləri ilə seçilən Naftalan İstirahət və Sağlamlıq Mərkəzi və Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzi xüsusi qeyd olunub.

Qeyd edilib ki, iki ölkə arasında turizmin, xüsusən də tibbi turizmin inkişaf etdirilməsi barədə layihənin həyata keçirilməsi istiqamətində iş uğurla davam etdirilir. Mərkəzin icraçı direktoru V.Ağayevin ötən yay Azərbaycana səfəri zamanı Naftalan İstirahət və Sağlamlıq, Naxçıvan “Duzdağ” Fizioterapiya mərkəzlərinin, o cümlədən “Duzdağ” otelinin rəhbərliyi ilə görüşərək həmin müəssisələrə yapon turistlərin səfərlərinin təşkili barədə müzakirələr apardığını diqqətə çatdırıb. Qeyd edilib ki, qarşı tərəfin nümayəndələri bu təklifə böyük maraqla yanaşaraq əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Seminarda Azərbaycanın digər ərazilərinin, xüsusən cari ildə 70 illiyini qeyd edən Sumqayıt şəhərinin turizm potensialı barədə də məlumat verilib. Qeyd edilib ki, yubiley ərəfəsində böyük abadlıq və quruculuq işlərinin aparıldığı Sumqayıt əcnəbi turistlərin sevimli əyləncə və istirahət mərkəzlərindən birinə çevrilib.

Azərbaycanın turizm potensialının təbliği ilə bağlı işin davam etdirildiyini qeyd edən K.İşida bu məqsədlə prodüseri olduğu WITV internet televiziyasında xüsusi verilişin hazırlandığını da deyib. Bildirib ki, həmin verilişdə Sumqayıt şəhərinin sənaye və turizm potensialı barədə də ətraflı məlumatlar yapon tamaşaçıların diqqətinə çatdırılacaq.

Seminarda, həmçinin azərbaycanlı turistlərin Yaponiyaya səfəri çərçivəsində tibbi müayinənin təşkili ilə əlaqədar yapon tərəfinin apardığı iş barədə də məlumat verilib. “Mars consulting” şirkətinin meneceri Matsuşita Kazutsuqu bildirib ki, azərbaycanlı turistlərin Tokionun ən müasir texnoloji avadanlıqla təchiz edilmiş səhiyyə müəssisələrində müayinədən keçməsi barədə razılaşma artıq əldə edilib.

Seminarda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: