Vətən tarixi onda mükəmməl olur ki, o tarixi yaşadanlar yazanların qoyub getdikləri izlərlə addımlayırlar. Tarixin şərəf lövhəsində yer alan o insanlar da canları bahasına qoruduqları vətən torpaqları kimi müqəddəsdir. Bu cür insanlardan olan, Kəngərlilər tayfasının sonuncu generalı Cəmşid Naxçıvanski özü isə bir tarixdir. Və bir sərkərdə ömründə vətən tarixinin ən qanlı qadalı illərini kitab kimi vərəqləmək olur. Yaşadanlar isə böyük sevgi, sədaqətlə həm o insanları, həm də onların irsini böyük vətəndaş ürəyi ilə qoruyur gələcək nəsillərə çatdırılmasını təmin edir. Tarix və həqiqətlər isə bütün aydınlığı ilə muzeylərdən boylanır. Naxçıvan şəhərində yenidənqurmadan sonra istifadəyə verilən Cəmşid Naxçıvanski Muzeyi isə sanki özlüyündə sinəsinə çalın-çarpaz dağ çəkilmiş 20-ci əsrin güzgüsü, salnaməsidir. Nuh diyarı bu əsrdə bütün əzəməti və apardığı azadlıq mücadiləsi ilə dil açıb sanki.
Zamana meydan oxuyan böyük bir nəsil, ölümsüz sərkərdə, hərbi tariximizin bütün nəsillərə örnək siması, igidliyi, cəsurluğu və döyüş qabiliyyət ilə seçilən, Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid Naxçıvanski. Tarixçi alim Əli Əliyevin “Əlincə yaddaşı” kitabına istinadən bildirim ki, “Qafqaz” qəzeti 1890-cı il noyabrın 6 da yazırdı: “... Döyüşkənliyi ilə bütün Qafqazda məşhur olan kəngərlilər... xüsusi süvari dəstələr təşkil edib, bütün döyüşlərdə bizim qoşunlarla çiyin-çiyinə vuruşurdular”. Tarix dərslərindən də bizə məlumdur ki, ilk milli atıcı diviziyasını yaradıb, komandanlıq edib və zamanın elə ziddiyyətli və qaranlıq bir kəsiyində daim xalqının yanında olub.
Yenidənqurmadan sonra qapılarını ictimaiyyətin üzünə açan muzey indi üç əsrin yükünü qollarında gəzdirən nəhəng bir çinar kimidir. O ağacın kölgəsində, bir əsr bundan öncə “Cəfərqulu xanın evi” adlandırılan binanın qarşısındayam. Qeyd edim ki, 1982-ci ildən fəaliyyətə başlayan muzey ötən müddət ərzində sərkərdənin həyatı, xidməti, tarixi taleyi ilə bağlı eksponatları qoruyub saxlayır. Ulu öndərin başlatdığı milli soy-kökə, tarixi yaddaşa qayıdış siyasətinin ən gözəl nəticəsidir. Cəmşid Naxçıvanskinin adının və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı 23 iyun 1971-ci il və 8 avqust 1981-ci il tarixlərində imzalanan qərarlar görkəmli sərkərdənin irsinə ulu öndər Heydər Əliyevin böyük ehtiramı idi. Bu tarixi qərarlarla Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəb, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanski Muzeyi yaradılıb, bir məktəbə və küçəyə onun adı verilib. Fəaliyyət göstərdiyi illər ərzində zəngin, həqiqətə söykənən eksponatları ilə gənc nəslin təlim tərbiyəsində, tarixə, milli kimliyə bağlılığında mühüm rol oynayır. Gənclər bu şanlı tarixin işığında gələcəyə boylanır, şücaət ilə zamanın axarını dəyişdirən generalın həyat yolunu özlərinə mayak edirlər.
Bina özü XIX əsrin yadigarı, zamanın ən böyük şahididir. Divarlarında illərin acısı, yarasını daşıyır. Dövlətçilik tariximizin önəmli səhifəsinə-Araz-Türk Respublikasına ev sahibliyi edib, qərargah binası olub. Mübarizə, mücadilə tarixinə qızıl hərflərlə yazılan, ancaq illər boyu tarixin tozlu rəflərinə məhkum edilmiş Araz-Türk Respublikasının var oluşunun canlı şahididir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sentyabrın 24-də Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi ilə bağlı Sərəncamı 70 illik bir tarixdə unudulmağa məhkum edilən, tarixin bilinməyən səhifələrinə işıq tutacaq.
Böyük həvəs və heyranlıqla otaqları gəzirəm. Bir kitabda oxuduğum fikri xatırlayıram “Kəngərli süvariləri bütün Şərqdə cəsurluğu ilə şöhrət qazanmışdı. Onlar döyüşə girərkən ölümə ikrah əlaməti olaraq atlarının boynuna qırmızı kaporlar geyindirirdilər ki, düşmən tərəfindən tez gözə çarpsınlar. Bu, həm də düşməni vahiməyə salmaq üçün fənd idi”. Əsrin əvvəllərində Vətən torpaqlarının bütövlüyü uğrunda döyüşən sərkərdə, 1930-cu illərdə qapını kəsən “qanlı qılınc”, əsrin sonundakı əbədilik bəraət və qələbə. 37 yaşlı Cəmşid Naxçıvanski muzeyi bu gün sanki bir institutdur. Bir sərkərdənin, bir ailənin bir, şəcərənin fonunda şanlı vətən tarixi, onun qanla yazılmış mübarizəsi və illər sonra da gənc nəsillərdə vətənpərvərlik aşılayan mədəniyyət mərkəzi. 124 yaşlı general bu məktəbdə daha necə illər, əsrlər boyu eləcə dərs deyəcək: Sərkərdəlik, qəhrəmanlıq dərsi.
Cəmşid Naxçıvanski Muzeyi ilə eyn binanı paylaşan daha bir muzey məhz 23 sentyabr tarixində həyata vəsiqə qazandı: Milli Dəyərlər Muzeyi. Başqa sözlə desəm, muzeylər şəhəri Naxçıvanın gəzib görməli yerlərinə daha bir yenisi əlavə olundu. Milli ruhla qurulan muzeydə geyimlərimiz, milli mətbəx əşyaları, xalçalarımız, milli musiqi alətləri və s. eksponat qismində yer alır. Ulu öndər Heydər Əliyevin: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”- fikri bu sahədə görülən işlərə mayak oldu. Muxtar respublikada tarix, ədəbiyyat profilli onlarla muzey var. Təsadüfü deyil ki, doğma diyardan yolu düşən hər kəs muzeylərdən heyranlıqla danışır. Milli Dəyərlər Muzeyi isə stər maarifləndirici missiyası, istərsə də milli dəyərlərin qorunub, gələcək nəsillərə ötürülməsi, gənclərin milli ruhda böyüməsi işində əvəzsiz rol oynayacaq.
Bu gün Naxçıvan həm də turistlərin ən çox üz tutduğu məkandır. Naxçıvanda isə onları ilk qarşılayan elə muzeylərdir. Onlar milli kimliyimiz, mənəvi pasportumuzdur. Naxçıvanımızda istər muzeylərin yaradılması, yenidən qurulması, istərsə də ziyarətinin təşkili baxımından böyük işlər görülür və elə yeni yaradılan Milli Dəyərlər Muzeyi də görülən işlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”.
Bu gün istər qoynunda yaşatdığı abidələri, təbiəti, əsrarəngiz gözəllikləri, təmiz havası, şəfalı bulaqları, mədəniyyət mərkəzlərinə çevrilən muzeyləri, milli mətbəxi, milli adət-ənənələri ilə, istərsə də işıqlı geniş kücələri, abad, təmiz parkları, xiyabanları ilə turistlərin diqqətini özünə cəlb edən bir məkandır.
21-ci əsrin Naxçıvanı səmasındakı qara buludlardan da, bağrını yaran yad əllərdən də çoxdan azad olub. Ötən əsrdə Vətəni azad və suveren görmək istəyənlər vətənpərvərlik missiyası, xalq millət təəssübkeşliyi ilə canları bahasına qoruyub tarix yazdılar. Bu gün o hisslərlə yenidən yazılır Nuhun diyarının tarixi. İllər boyu qaranlıq zirzəmilərə məhkum olunmuş həqiqətlər gün işığına çıxır. Keçmişinə sahib , bu günündə xoşbəxt, gələcəyə inamlı olan Naxçıvan!
Fizzə Bağırova