Görkəmli alimin 70 illik yubileyi qeyd olundu - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Fəxrəddin Səfərlinin 70 illik yubileyi qeyd olunub.
Bu münasibətlə AMEA Naxçıvan Bölməsində tədbir keçilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev alimin keçdiyi həyat yolundan və fəaliyyətindən söhbət açıb. Bildirib ki, Fəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Babək rayonunun Cəhri kəndində anadan olub və ilk təhsilini də elə burada alıb. O, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsini bitirdikdən sonra Cəhri kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb.
Qeyd olunub ki, 2007-ci ildə AMEA Naxçıvan Bölməsində fəaliyyətə başlayan alimin gərgin əməyi nəticəsində muxtar respublika ərazisindəki epiqrafik abidələr ilk dəfə olaraq sistemli şəkildə tədqiq olunub. 600-dən artıq epiqrafik abidə qeydə alınıb, onların estampları, fotosu, ölçüsü götürülüb, mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilib. Kitabələrin əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilib. Diqqətə çatdırılıb ki, alimin apardığı tədqiqatlar nəticəsində orta əsrlər zamanı Naxçıvanda yaşamış çoxlu görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, sənətkarların, alimlərin adları, məzarüstü abidələri müəyyənləşdirilib. Həmçinin muxtar respublika ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyəti abidələri, o cümlədən məscidlər, mədrəsələr, türbələr, imamzadələr, hamamlar və buzxanaların da tədqiq olunması məhz alimin adı ilə bağlıdır. Onun tədqiqat əsərləri Rusiya, Bolqarıstan, Türkiyə, İran, Ukrayna və başqa xarici ölkələrdə nəşr edilib.
Alimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri adına, AMEA Rəyasət Heyətinin fəxri fərmanına layiq görülüb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə buraxılan Xatirə qızıl medalı ilə təltif olunub.
Sonra İsmayıl Hacıyev çoxillik və səmərəli fəaliyyətinə görə Fəxrəddin Səfərliyə bölmənin fəxri fərmanını təqdim edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş şöbəsinin müdiri Surə Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təbrik edib.
Həmçinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevlər alimi 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonra yubilyar əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Sonda əməkdar elm xadiminə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, alimin əsərlərindən ibarət sərgi də yaradılıb.
Mədinə Rəhimli