Bir xalqın mahnısını yaradanlar, qanunu yazanlardan daha güclüdü deyirdi Şekspir. Mahnılar xalqın genetik kodudu, tarixi, coğrafiyası, bir sözlə özüdür. Tarixin axarında yazılmış elə mahnılar var ki, biz onları gözümüzü yumub dinləsək, mahnı bizi tamamilə yeni bir zamana, yeni bir məkana aparacaq. O mahnılardan biri bu gün tarixçəsinə müraciət etdiyimiz “Araz üstü şəhərim” mahnısıdır.
Araz üstü şəhərim. Vətən xəritəsinə bələd olanlar mahnının hansı şəhərə həsr olunduğunu anlayarlar. Söhbət Naxçıvandan gedir. Arazın üstü Naxçıvandan. Bu torpaqları ikiyə bölən Arazın ədəbiyyatda da musiqimizdə də adı,imzası görünməkdədir.Bəs neçə yarandı bu mahnı.
Təqvimdə 1974-ci il idi. Muxtar respublikamızın yaranmasının 50 illik yubileyinin keçirilməsinə əmməli-başlı hazırlıq gedirdi. Vətənimizin ayrılmaz parçası Naxçıvanın tarixində bu önəmli hadisəyə hazırlıq prosesində yaradıcı insanlar da öz töhfələrini verməyə çalışırdılar. Naxçıvanla bağlı şeirlər yazılır,mahnılar bəstələnirdi. Və nahəyət o gün gəlib çatmışdı. Muxtar respublikamızın yarım əsrlik yubileyi böyük təntənə ilə qeyd olunurdu. Dövlət televiziyasının diktoru elan etdi.
“Bir neçə dəqiqədən sonra Naxçıvanın 50 illik yubileyinə həsr olunmuş verilişin translyasiyası olacaq. İndi isə balaca bəstəkar Mehriban Əhmədovanın Naxçıvanın 50 illik yubileyinə həsr olunmuş “Araz üstü şəhərim” mahnısına qulaq asın. Dalğalar həmin mahnını ölkənin hər bir bucağına yaydı.Mahnını eşidən hər kəsi bir sual maraqlandırırdı- kim idi Mehriban Əhmədova? 11 yaşlı balaca qız bu qədər gözəl bir əsəri necə yaratmışdı? Dinləyənlər“Araz üstü şəhərim”in izinə düşür. Elə bizim kimi..
Dövrün qəzetləri, jurnallar, dövlət televiziyası bu barədə xeyli material hazırlayır. Balaca bəstəkarın yaradıcılıq uğurları hamını sevindirir və heyrətləndirirdi.
“Araz üstü şəhərim” mahnısı iki dəyərli insanın qəlb çırpıntılarından, ürəyinin işığından yaranıb. 45 yaşlı bu şux,əbədiyaşar, yadda qalan mahnının sözlərinin müəllifi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nəğməkar ruhlu şair İslam Səfərlidir. Qeyd etmək yerinə düşər ki, mahnın musiqisi sözlərində daha əvvəl yaranıb. Fikrimiz dəqiq faktlarla əsaslandırmaq üçün bir il daha geriyə 1973-ci ilə qayıtmalıyıq.
Doqquz yaşı olarkən mahnı yaradıcılığına başlayıb Mehriban Əhmədova. Balaca Mehribanın ilk mahnısı olan “ Bahar nəğməsi” musiqi sevərlər tərəfindən yüksək qiymətləndirilir. Daha sonra isə yazılan, Xəzəri vəsf edən “Dağlarda günəş gəzər”mahnısı əmməli-başlı sevilirdi. Ürəyi yazıb yaratmaq eşqi ilə döyünən Mehribanın musiqili dünyası hər gün yeni musiqi, melodiya rəngi ilə boyanır, dövrün şairləri, bəstəkarları bu balaca qızın yaradıcılığını diqqətlə izləyirdilər. 1973-ci ildə “Dağlarda günəş gəzər” mahnısı Rauf Adıgözəlovun ifasında radio və televiziyada səsləndi. Balaca bəstəkar yaradıcılıq həyatına beləcə qədəm qoydu.
1973-ci ilin bir yaz günüdə balaca Mehribangilin evində telefon zəng çalır. Dəstəyi Mehriban götürür. Zəng calan ailədə hamının yaxından tanıdığı şair İslam Səfəli idi. O, Mehribanı mahnılarının səslənməsi münasibəti ilə təbrik edir.
Sonra zarafatla deyir.
-Qızım bəs Naxçıvan haqqında nə vaxt mahnı bəstələyəcəksən?
Görkəmli şairin ürəkdən dediyi bu səmimi fikirlər balaca Mehribanı düşündürür. Çox keçmir ki qədim Naxçıvana həsr olunmuş mahnın bəstəsi artıq hazır olur. Balaca bəstəkar mahnının bəstəsini şair İslam Səfərliyə söz yazması üçün təqdim edir və pianoda ifa edir. Bəlkə də o an artıq mahnının sözləri də hazır idi. Və beləcə “Araz üstü şəhərim” musiqi tariximizə daxil olur. Dinləyənlər Arazın sularının bərq vuran büllur ləpələrini, Batabatın səfalı mənzərələrini, Möminə xatın türbəsinin əzəmətini, şır-şır axan Qızlar bulağının dadını görüb, hiss edib duyurdular. Mahnı Arazın səsinə qoşuldu,sərhədlər aşdı.
Bu vaxta qədər Naxçıvanla bağlı çoxsaylı mahnılar yaranıb, yazılıb. Doğma diyarımızı vəsf edən “Barı Naxcıvan”, “O, Naxçıvandı”, “Doğma diyar” kimi vətən, torpaq ətirli mahnılara,könül nəğmələrinə bir yenisi daha əlavə olundu. Mahnın bu qədər yadda qalan olmasında və sevilməsində digər bir məqamda təbii ki, sözlərinin yadda qalan və mənalı olmasından qaynaqlanırdı. Mahnını dinləyən hər kəs yaxşı dərk edir ki, mahnı müəllifi Naxçıvanımızı qarış-qarış, ilmə-ilmə tanıyan, onun bütün gözəlliklərinə bələd olan şair İslam Səfərlidir.
İslam Səfərli bu torpağı bağrına basdı, Kürü,Arazı qoluna qanadına çevirdi. Qələmi də elə, Kür,Araz oldu. “Xalqın dərya təbii verildi ona, Coşqun dağ selləri qəlbindən axdı”. Elə bioqrafiyasını da şeirlə yazdı:
Naxçıvan çayının sol vadisində
Şəkərabad kəndində doğulmuşam mən.
Yaradıcılığını qaynar cağlarında Naxçıvan mövzusu üstünlük təşkil edirdi İslam Səfərlinin şeirlərində. Şair doğma torpağı vəsf etməkdən yorulmurdu. Təəssüflə qeyd etməliyik ki, haqqında danışdığımız “Araz üstü şəhərim” İslam Səfərlinin son şeirlərindən biri idi. Və elə mahnı təqdim olunan il 1974-ci ildə görkəmli şair dünyasını dəyişib.
“Araz üstü şəhərim”in səhnə həyatı çox uğurlu alınır. Belə ki, mahnının ilk ifaçısı “Sevil” vokal-instrumental ansamblı olur. Elə tamaşaçılarda ilk dəfə mahnını adını çəkdiyimiz ansanblın ifasında eşidir. Bəs nəyə görə Sevil vokal-instrumental ansamblı?
1972-ci ilin Yeni il axşamı dövlət televiziyasında yayımlanan bayram konsertində diktor yeni bir ansamblın adını elan etdi. “Sevil” vokal-instrumental ansamblı. Bəstəkar Mehriban Əhmədova mahnını ansamblın bədii rəhbəri Vaqif Mustafazadəyə göndərir. İstedadlı musiqiçi mahnını çox bəyənir və o vaxtdan da mahnı ansamblın repertuarına daxil olur. Sonralar Vaqif Mustafazadə Mehriban Əhmədova haqqında danışarkən deyirdi: “Mehriban istedadlı qızdır, mahnıları ürəyə yatmlıdır. Bizim “Sevil” instrumental-vokal ansamblı Mehribanın “Arzum mənim”, “Araz üstü şəhərim”, “Bayram mahnısı”, “Düşüncələr”pyesini xüsusi zövqlə hazırlayıb”
Mahnın sonrakı illərdə ifaçıları musiqi, incəsənət dünyasının önəmli insanları oldu. Beləki, 1974-ci ildə “Araz üstü şəhərim”gözəl sənətkar Yaşar Səfərovun ifasında eşidildi. Yaşar Səfərov mahnının nəqərat bölümündə bəzi sözləri dəyişdirməklə ifa elədi. Qeyd edək ki,xanəndə mahnını Nəriman Əzimovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının müşayiəti ilə oxuyurdu.
İki il sonra isə mahnı Rauf Adıgözəlovun ifasında səsləndi. Azərbaycan estradasının yaradıcılarından biri Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin müşayiəti ilə.
Hər gün mahnın şöhrəti biraz daha artırdı. Yeni ifaçılar yaranırdı. 1982-ci ildə isə “Araz üstü şəhərim” “Dan ulduzu” instrumental ansamblının ifasında səsləndi.
Və 1984-ci il... “Araz üstü şəhərim”in səhnə həyatında çox önəmli bir hadisə baş verdi. Korifey sənətkarımız Şövkət Ələkbərova mahnını öz repertuarına saldı və ifa elədi.İndi artıq mahnı Şövkət xanımın səsində eşidilirdi.
“Araz üstü şəhərim” mahnısı olduqca ifadəli və səmimi melodiyası ilə səciyyələnir. Bəstəkarın yaratdığı melodiya sadəliyi ilə seçilir, musiqinin emosionallığını, təsirini daha da artırır.
Bu yer gözəl tamaşa
Ana yurdum yaşa.
Duzu kimi duz yoxdur,
Qızı kimi qızı yoxdur.
Gülür nurlu səhərim
Araz üstü şəhərim
Poetik mətnin əsas nüvəsi musiqidə canlanır,yeni intonasiyalarla avazlanır. Bəstəkar melodiyanı hər dəfə rəngarəng akkordlarla harmonizə edir.
“Araz üstü şəhərim” mahnısını bütün dövrlərin ən yaxşı ifaçıları öz repertuarlarına daxil etdilər. Beləcə mahnı ildən-ilə adlayaraq 45 ildirki yol gəlir. Son dövr ifaçılardan isə əməkdar artist Lalə Məmmədovanın ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Kamera orkestrinin müşayiəti ilə oxunan mahnıda yeniliklər diqqət çəkir.
Belə bir el məsəli var. Sevilmək istəyirsənsə öz məhəbbətini başqalarına da çatdır. Onlar-şair İslam Səfərli və bəstəkar Mehriban Əhmədova doğma Naxçıvana olan məhəbbətlərini bir mahnıda birləşdirdi və haqqında danışdığımız “Araz üstü şəhərim” yarandı. İfaçılar, dinləyicilər dəyişsə belə “Araz üstü şəhərim” hər zaman seviləcək, oxunacaq. Naxçıvanımızdan uzaqda olanlar belə bu mahnı ilə yenə də səyahət edəcək doğma diyarı,yenidən tanıyacaq, mahnını dinləyənlər gəlib Nuhun yurdun yaxından görmək istəyəcəklər. Gözəl Naxçvanımıza vəsf edən əvəzsiz mahnılar,şeirlər yaranacaq,yeni Naxçvannamələr, Vətənnamələr oxunacaqdır.
Fizzə Bağırova