Rusiyanın “TurStat” turizm portalı payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. NUHÇIXAN həmin portala istinadla xəbər verir ki, Bakı Birlik ölkələri arasında rusiyalı turistlərin ən çox payız səyahətinə çıxdığı beş ölkədən biridir. Minsk, Astana, Almatı, Daşkənd şəhərləri də ilk beşliyə daxil edilib.
Portalın məlumatında qeyd olunur ki, oktyabrın sonunda Azərbaycanın Göyçay rayonunda nar festivalı keçiriləcək, sentyabrın 20-dən oktyabrın 8-dək Minskdə “TEART” Beynəlxalq Teatr Festivalı keçirilir, oktyabrın 5-6-da isə Kişineuda Şərab günü təşkil olunacaq.
“TurStat” turizm portalı onu da qeyd edib ki, rusiyalı turistlər MDB şəhərlərində və ölkələrində payız səyahəti zamanı qonaqlama və yemək üçün gündəlik 40-100 dollar arası pul xərcləyirlər. Onlar Minskə bazar günü istirahəti, Astana və Bakıya isə şopinq üçün gedirlər.