Tarzən Əkrəm Məmmədlinin 75 illik yubileyi qeyd olundu

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasında ustad tarzən, bəstəkar-pedaqoq, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi və prezident təqaüdçüsü Əkrəm Məmmədlinin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev bildirib ki, mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Əkrəm Məmmədli 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub. Ustad tarzən 24 yaşında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Fəxri Fərmanına, 30 yaşında isə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb və 2006-cı ildə ona Prezident təqaüdü verilib.

Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev yubilyara nazirlik adından hədiyyə təqdim edib.

Sənət dostları yubilyarın sənət yolundan, Azərbaycan və Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğul olub. Çıxış edənlər diqqətə çatdırıblar ki, onun “Tar üçün qamma və oppedçiolar”, “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir. Vurğulanıb ki, Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, tarzən-pedaqoqun muğamlarımızın və yallılarımızın nota köçürülməsində xidmətləri böyükdür.

Sonda yubilyar çıxış edərək əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.   

Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: