Zümzüməsi dünyanın ən mükəmməl, ən möhtəşəm musiqisindən də qiymətli olan dağ bulaqlarının səsini eşidəndə insan ana təbiətin sirli-sehirli möcüzələrinə heyran qalır.
Dəmirli yaylağı, Boyəhməd və Teyvaz dağları Naxçıvan Muxtar Respublikasında ən çox qar düşən bölgələrdəndir. Boyəhməd dağlarının şərqində və şimalında Ordubad rayonunun ərazisi başlayır. Bu bölgələr muxtar respublikada ən yüksək dağlıq region hesab olunur. Çünki Naxçıvanın ən yüksək zirvələri Ordubad rayonunun payına düşür. Burada kəndlər biri-birindən aralıda yerləşir. Dağların döşündəki balaca dağ meşələri və əlçatmaz qayalıqlar, vəhşi heyvanların sığınacaq yerləridir. Ordubad təbiətinin özünəməxsus xüsusiyyətlərindən biri də budur ki, bölgə zəngin bitki örtüyünə malikdir. Təbii ki, həm bitki örtüyünün, həm də vəhşi heyvanların burada sıx məskunlaşmasında bol sulu bulaqlar müstəsna rol oynayır. Təkcə Göygöl və Gəmiqaya ərazisində 100-dən çox bulaq var. Bu bulaqlar nə qışda, nə də yayda heç vaxt qurumur. Çünki bu dağlara bəzən 2 metrə yaxın qar yağır. Ordubad ərazisində ümumiyyətlə, elə bulaqlar vardır ki, onların da adları dillər əzbəridir. Hətta rayon ərazisində dost-tanışın istirahəti üçün üz tutduqları məkanlar bu səfalı bulaqların ətrafı olur. Nəsirvaz, Bist, Biləv, Kələki, Dırnıs, Xurs kəndlərində qaynayan bulaqların adları bölgədə hamıya tanışdı. Hətta el arasında Ordubad bağlarından toplanan meyvələrin niyə belə dadlı olmasını soruşanda deyirlər ki, bu bağın ağacları Pəzmərinin, Parağanın, Nəsirvaz bulaqlarının suyundan içiblər, niyə də dadlı olmasınlar? Doğrudan da əgər içəndə diş üşüdən Ordubad bulaqlarının suyu dərdlərin dərmanıdırsa, onda onun yetişdirdiyi meyvələr də tamlı olmalıdır. Ordubad rayonunun Tivi kəndi də şəfalı bulaqları, əsrarəngiz təbiəti ilə dillər əzbəridir. Bu bulaqlardan biri də “Narzan” bulağıdır.
Tivi kənd sakini 51 yaşlı Oruc Hüseynov “Narzan” bulağı haqqında deyir ki, Rusiyanın məşhur Kislovodsk şəhərindəki “Narzan” tipli bulağın analoqu olan bu su dəri xəstəliklərində tətbiq edilir. Onun daxili xəstəliklərin malicəsində də əhəmiyyətli rolu var. Nisbətən zəif minerallaşdığı üçün onu içmək rahatdır. Mənbəyini vüqarlı dağlardan götürən bu bulaq qış fəslində çox isti, yayda isə çox soyuq olur. Bu isə onu göstərir ki, o yerin dərin qatlarından çıxır. Kəndin ərazisində bir neçə yerdə bu cür də olmasa, onun dadına oxşayan bulaqlar var. Ümumiyyətlə, Tivi kəndi yüksək dağlıq ərazidə yerləşsə də, burda su boldur. Kəndin adının bir ehtimalı da ərazidəki bulaqların adı ilə bağlıdır. Bəzi mənbələrdə Tivi sözünün açıqlaması “bataqlıq”, “göl”, “su dolan yer”, “su şırnağı” mənalarında işlənir. Bu isə hələ qədimdən kənddə suyun bol olduğunu təsdiq edən amildir. “Narzan”bulağı şairlərin şeirlərinin, rəssamların əsərlərinin bəzəyi olub. Bu kəndin yetirmələrindən olan şair Fazil Nəsirbəyli “Narzan” bulağını şeirlərinin birində belə tərənnüm edib:
Sən də çək başına ay qonaq qardaş,
Söndür susuzluğu sən yavaş-yavaş.
Göydən od ələsə, yansa da dağ-daş,
Uyuyur köksündə dağın buzlağı
“Narzan” bulağı.
Tivi kəndi həm də yay aylarında öz əsrarəngiz təbiəti ilə həmişə qonaqlı-qaralı olur. Buranın təbiətində bitən can dərmanı sayılan şəfalı dağ pencərləri, çiçəkləri ilin yaz çağından toplanaraq yığılır. Kənddə yerli turizmin-kənd turizminin inkişafı üçün münbit şərait var. Bu kəndi bir dəfə görənlər, uzun müddət onu yaddan çıxarmırlar. Tivililər zarafatla deyirlər: “Tivi Narzanını bir dəfə dadan bu kəndi unuda bilməz !”
Ulduz Əliyeva