Sərgi-satış başa çatdı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun iş planına əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satış başa çatıb. 10 gün davam edən sərgi-satışda 272 müəllifin 20 min 298 manat dəyərində 1629 rəsm və əl işi satılıb.
Ümumilikdə sərgi-satışda 305 şəxsin 3926 əl işi, o cümlədən 268 istedadlı qadının 3643 əl işi sərgilənib. Sərgi-satışda istedadlı qadınların, məhdud fiziki imkanlıların, evdar qadınların, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, rayon və şəhər mədəniyyət şöbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların və rəssamların, qadın məhkumların əl işləri sərgilənib
Sərgi-satışa maraq ötən illərlə müqayisədə daha da artıb. Bu ilki sərgi-satışın 2500-dən çox qonağı olub. 10 gün davam edən sərgi-satışla muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə, idarə, müəssisə və təşkilatların kollektivləri, fərdi sakinlər və turistlər tanış olub, zövqlərinə uyğun hədiyyəlik əşyalar alıblar.
Qeyd edək ki, bu cür sərgi-satışların təşkili gələcəkdə də davam etdiriləcək.
Turab Hacızadə