Kino tariximizdə ilk rəngli bədii filmin müəllifi - FOTOLAR
Görkəmli kinorejissor Hüseyn Seyidzadənin anadan olmasından 107 il ötür
O, bu gün Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamı kimi xatırlanır. Korifey sənətkarın yaradıcı irsi əsl mənada böyük məktəbdir. Onun fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi bir tərəfdən kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadə daim düşünən, axtarışda olan rejissor idi. Çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyir, hər kadra məna verməyə çalışırdı. Belə olmasaydı təbii ki, onun filmləri ümumxalq məhəbbəti qazanmazdı.
NUHÇIXAN xəbər verir ki, bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin anadan olmasından 109 il ötür.
1912-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya göz açan Hüseyn Seyidzadə yeniyetmə çağlarından zəhmətə alışıb. Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər zamanı onun ailəsi Bakıya köçmüş və yeniyetmə Hüseyn fabrikdə fəhləlik etmişdir. Həyata nikbin baxışı 1928-ci ildə onu aktyor kimi Bakı İşçi Teatrının səhnəsinə gətirib. O, 1929-cu ildə Leninqrada (indiki Sankt-Peterburq) Dövlət Fəhlə Gənclər Teatrına təcrübə keçməyə göndərilib və bir il sonra Bakıya qayıdaraq “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilib.
O, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı illərdə (1931-1936) Mixail Romm, Lev Kuleşov, Sergey Eyzenştey kimi tanınmış sənətkarlardan kino sənətinin sirlərini öyrənib. Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində rejissor assistenti, dublyaj rejissoru işləyib. Onun Niyazi Bədəlovla birgə hazırladığı “Ayna” (1940) bədii filminin çəkilişləri məlum olmayan səbəblərə görə dayandırılsa da, iki il sonra həmin materiallar əsasında “Sovqat” qısametrajlı bədii filminə quruluş verib. Bir müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki adına kinostudiyalarda təcrübə keçən sənətkar, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor vəzifələrində çalışıb.
H.Seyidzadə rejissor kimi 43 il ərzində cəmi beş bədii film - “O olmasın, bu olsun”, “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, bir qısametrajlı bədii film - “Sovqat”, iki sənədli film - “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” ekranlaşdırıb. Hüseyn Seyidzadənin 1945-ci ildə çəkdiyi “Əbədi Odlar diyarı” tammetrajlı sənədli filmində doğma torpağın gözəllikləri, qədim abidələr tərənnüm edilmiş, tarixi şəxsiyyətlərin portretləri, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının rəşadəti və əmək qəhrəmanlığı öz əksini tapıb. Unudulmaz sənətkarın 1956-cı ildə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında ekranlaşdırdığı eyniadlı film bir rejissor kimi bitib-tükənməyən istedadını ortaya qoymuşdur. Görkəmli kino xadiminin sonralar bir-birinin ardınca ekranlaşdırdığı “Yenilməz batalyon”, “Dəli Kür” filmləri Azərbaycanın mədəni həyatında mühüm hadisəyə çevrilib. Sənətkarın filmlərinin ümumxalq məhəbbətini qazanması kino tarixində özünə layiq yer tutması rejissorun hər kadr üzərində yaradıcılıqla işləməsi, hər kadra məna verilməsi ilə əlaqələndirib.
Hüseyn Seyidzadə hələ 1954-cü ildə rejissor Yan Fridlə birgə çəkdiyi “Doğma xalqımıza” adlı ilk rəngli Azərbaycan bədii-sənədli filmi rejissorun milli kinematoqrafiyanı şöhrətləndirə biləcək əsərlər yaratmağa qadir olduğundan xəbər verirdi. Onun yaratdığı filmlər çox sınaqlardan çıxsa da ənənəvi qiymətdən, axından seçilən, sıçrayışlı, sərbəstliyə nümunə olan sənət inciləri idi. Sənətkarın ürəyindən vətəndaş müharibəsinin milli qəhrəmanı “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, Xan qızı Natəvan haqqında filmləri çəkib kino tariximizə bəxş etmək keçirdi. Hətta bu filmlərin çəkilişlərinə başlansa da, naməlum səbəblərdən yarıda saxlanılırdı və alınıb başqasına verilirdi. Özü deyirdi ki, “insan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun. Amma mən anadan olandan taleyimlə əlbəyaxadayam...”
Bu gün sənətkarın ekranlaşdırdığı filmlər Azərbaycan teleməkanında sevə-sevə baxılır, onun peşəkar yaradıcılığından kinosevərlər zövq alır. Bu mənada, rejissorun istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından yaratdığı sənət inciləri hər zaman seviləcək. 1979-cu il iyunun 2-də dünyasını dəyişən unudulmaz sənətkarımız Hüseyn Seyidzadənin həmişəyaşar yaradıcılığı sənətsevərlərin qəlbində, o cümlədən kinomuzun tarixində əbədi olaraq qalacaq.