AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ələkbər Qasımovun 60 yaşı tamam olur. Ələkbər Məmməd oğlu Qasımov 1959-cu il iyul ayının 21-də Naxçıvan şəhərində doğulub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) mədəni-maarif fakültəsindən məzunu olandan sonra 1981-ci ildə təyinatla Naxçıvan MSSR Mədəniyyət Nazirliyinə göndərilərək o Xalq Yaradıcılığı və Mədəni-Maarif İşi üzrə Elmi-Metodiki Mərkəzində rejissor kimi fəaliyyətə başlayıb.
1983-cü ildən 1989-cu ilədək mədəniyyət nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Ələkbər Qasımov qeyd olunan vəzifələrdə çalışdığı müddətdə muxtar respublikanın teatr-konsert müəssisələrində, o cümlədən bütün muzey, kitabxana, uşaq musiqi məktəbləri, mədəniyyət evləri və əksər klublarında vaxtaşırı olaraq onların fəaliyyətinə və sənədləşdirmə işlərinə nəzarətlə yanaşı, özfəaliyyət kollektivləri və dərnəklərinin işinə, xüsusən də xalq teatrları və dram dərnəklərinə əməli və metodiki köməklik göstərib.
Ələkbər müəllimin adı 1990-cı illərdə muxtar respublikada daha çox Naxçıvan Dövlət Kukla Teatrı ilə bağlıdır. Çünki 1989-cu il sentyabrın 14-də fəaliyyətə başlayan Naxçıvan Dövlət Kukla Teatrının muxtar respublikada yaradılması təşəbbüsü məhz ona məxsus idi. Elə bu yeni yaradılan uşaq müəssisəsinin ilk direktoru və bədii rəhbəri də Ələkbər Qasımov təyin edildi.
1998-ci ilə qədər Naxçıvan Dövlət Kukla Teatrında çalışan Ələkbər müəllim repertuar zənginliyinə, truppaya istedadlı gənclərin cəlbinə və onların püxtələşməsinə, teatrın rəssamlarının yetkinləşməsinə, maraqlı və məzmunlu tamaşaların, baxımlı kuklaların, zövqoxşayan dekorasiya və rekvizitlərin hazırlanmasına müntəzəm diqqət yetirirdi. Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, Kəmalə Ağayevanın “Göyçək Fatma” və “Məlikməmməd” tamaşalarının quruluşçu rejissoru, Abdulla Şaiqin “Tülkü həccə gedir” mənzum nağılının motivləri əsasında səhnələşdirilmiş “İnanmayaq tülkülərə!” tamaşasının isə müəllifi olub.
Ələkbər Qasımovun aydın və səlis nitqi var. Məhz buna görə 1989-cu ilin sentyabrından 1991-ci ilin martınadək Naxçıvan Dövlət Teleradiosunda diktor kimi fəaliyyət göstərib. 1994-1996-cı illərdə Naxçıvan Dövlət Kukla Teatrının, qonşu Türkiyə Respublikasının İzmir, Ərzincan, Trabzon, Van, İğdır, İran İslam Respublikasının Urmiyə şəhərlərində qastrol səfərlərinin təşkil edilməsi və burada milli teatr sənətimizi, uşaq tamaşalarını, folklorumuzu uğurla təbliğ edib.
Ələkbər müəllim əsl yaradıcı adamıdır. Onun yaradıcılığında rejissorluq yalnız kukla teatrının tamaşaları ilə bitmir. 1998-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Mərkəz Qacarın “Qarğanın iflası” alleqorik-satirik mənzum tamaşasına quruluş verib.
1998-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğul olub. O zaman “Azad Azərbaycan” Beynəlxalq Radiosunun və ictimai-siyasi qəzetinin, həmçinin “Speys” televiziyasının muxtar respublika üzrə ilk təmsilçisi işləyib. Bu müddətdə AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi elmi-tədqiqat işini də davam etdirib.
2000-ci ilin avqust ayından Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mədəniyyət, təhsil, səhiyyə və sosial məsələlər şöbəsi müdirinin müavini vəzifəsinə təyin olunanda yenə də ona doğma olan mədəniyyət sahəsi ilə bağlı fəaliyyətini davam etdirib. Muxtar respublika səviyyəli dövlət tədbirləri və hökumət konsertlərinin vaxtaşırı olaraq ssenari müəllifi və quruluşçu rejissoru olub.
2008-ci ildə Naxçıvanda yayıma başlayan “Kanal 35” Televiziyasının yeni yaradılmış dublyaj redaksiyasında redaktor, dublyaj rejissoru işləyib. Dublyaj filmlərini hazırlayarkən “Naxçıvanın səsi” Radiosunun aparıcılarından aktyor kimi istifadə edərək onların nitq mədəniyyətinin püxtələşməsinə də öz töhfəsini verib. Həmin müddətdə quruluşçu rejissor kimi bu televiziyanın müstəqil məhsulu olan “Hərb tariximizdə Heydər Əliyev fenomeni” adlı sənədli film hazırlayıb.
2009-cu ilin yanvarından isə taleyini yeni istiqamətə-elmi araşdırmalara həsr edib. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda işə başlayan Ələkbər müəllim teatr və musiqi şöbəsinin kiçik elmi işçisi olaraq burada fəaliyyətə başlayıb.
2010-cu ildə “Naxçıvan Teatrında tərcümə əsərlərinin səhnə təcəssümü” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Sonrakı illərdə İnstitutun elmi işçisi və böyük elmi işçisi kimi çalışan və 2015-ci ildə dosent elmi adına layiq görülən Ə.Qasımov hazırda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibidir. O, eyni zamanda Naxçıvan Dövlət Universitetinin incəsənət fakultəsində açılan aktyor sənəti ixtisası ilə əlaqədar yaradılmış teatr və mədəniyyətşünaslıq kafedrasında 2012-ci ildən səhnə danışığı fənnini tədris edərək pedaqoji fəaliyyət də göstərir.
O, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin nəzdində “Elmlər doktoru hazırlığı üzrə” doktoranturanı bitirmiş və “Dünya klassiklərinin əsərləri Azərbaycan teatrlarının səhnəsində (1960-2000-cı illər)” adlı doktorluq dissertasiyası üzərində işləyir. Ə.Qasımov yenə də teatrlarla , yaradıcılıq müəssisələri ilə əlaqələri kəsmir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan Çingiz Aytmatovun “Manqurt” (2013) və Henrik İbsenin “Kuklalar evi” (2014) tamaşalarının məsləhətçisi olub. 2018-ci ildə isə Dövlət Uşaq Teatrında C.Məmmədquluzadənin “Çay dəstgahı” tamaşasına isə rejissor kimi quruluş verib.
Muxtar respublikanın ictimai-siyasi həyatında, dövlət tədbirlərində, əlamətdar mərasimlərdə Yeni Azərbaycan Partiyasının, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqı və Jurnalistlər Birliyinin üzvü kimi yaxından iştirak edən Ə.Qasımov, bu illər ərzində jurnalistlik fəaliyyətini də, davam etdirərək Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin “Bakinski raboçiy” (2006-2011-ci illərdə) və “Respublika” qəzetlərinin (2012-2014-cü illərdə) muxtar respublika üzrə bölgə müxbiri olmuşdur. Hazırda ştatdan kənar müxbir kimi “Respublika” qəzetilə əməkdaşlığını davam etdirməkdədir.
“Naxçıvan Teatrında tərcümə əsərlərinin tamaşaları”, “Cavid Poeziya Teatrı”, “Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası 20” kitablarının və neçə-neçə elmi-publisistik məqalənin müəllifi olan sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov ömrünü teatr sahəsinə həsr edib.
Akademik İsa Həbibbəyli alim haqqında qeyd edir: Böyük Mirzə Cəlil “Gözümü ilk dəfə açanda dünyanı qaranlıq görmüşəm” demişdisə, Ələkbər müəllim yarızarafat, yarıciddi “gözümü açandan teatr görmüşəm deyir”. Naxçıvan şəhərində, teatral bir ailədə dünyaya gələn bir insan kimi, onun belə bir deyimə haqqı çatır. Belə ki, atası Məmməd Qasımov 18 yaşından həyatını Naxçıvan Teatrına bağlayaraq ömrünün son 35 ilini bu teatrın baş rəssamı kimi yorulmaz və səmərəli fəaliyyət göstərmişdir. Muxtar respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının ilk sədri olmuş Məmməd Qasımov Təkcə Naxçıvan Teatrında 100-dən artıq tamaşaya bir-birindən maraqlı bədii quruluş vermişdir. Azərbaycan ədəbiyyatı və teatrı tarixinə mənzum dramların ilk qadın müəllifi kimi daxil olmuş anası-şairə-dramaturq, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayeva eyni zamanda Naxçıvan Teatrının ilk ədəbi hissə müdiri kimi 22 il bu vəzifədə çalışmışdır”.
Alim elm yolunda uğurla irəliləyir. İki oğul atası olan 60 yaşlı Ələkbər müəllim həm də 5 nəvənin xoşbəxt babasıdır. Arzu edirik Ələkbər Qasımov yeni-yeni tədqiqatlarla yadda qalsın və sənətşünaslıq sahəsində parlaq ilklərə imza atsın. Bir daha təbrik edirik!
Nərgiz İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru