Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun doğum günüdür.
NUHÇIXAN xəbər verir ki, anadan olmasının 96-cı ildönümü tamam olan Gülhüseyn Hüseynoğlu mənsur şeirin yaradıcısı kimi tanınmaqla yanaşı, Müşfiq sevgisini hər bir azərbaycanlıya çatdırmaqla özü də millətin sevimlisinə çevrildi.
Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir.
Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şerin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.
Yaradıcılığa “Ana” adlı ilk hekayə və “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.
Gülhüseyn Hüseynoğlunun, eyni zamanda, tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında özünəməxsus xidmətləri vardır. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. Onun xüsusən böyük şairin poetik irsinə dair çoxsaylı axtarışları, eləcə də digər araşdırmaları həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Yazıçının dərin bədii-estetik keyfiyyətləri və orijinal məzmunu ilə səciyyələnən əsərləri bir sıra dillərə tərcümə olunaraq nəşr edilib.
Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.
Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat etsə də Azərbaycan xalqının yaddaşında bir örnək kimi həmişə yaşayacaqdır.