“Müstəqillik işığında” adlı yubiley sərgisi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın yaradılmasının 95 illiyinə həsr olunan Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı “Müstəqillik işığında” adlı 65 illik yubiley sərgisi açılıb.

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, bugünkü rəngarəng sərgi dəyərli sənət adamları, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin 65 illik yubileyləri ilə də əlamətdardır. Müasir Naxçıvan rəssamlıq məktəbinin formalaşmasında hər iki rəssamın danılmaz xidmətləri var. Sərgidə Telman Abdinovun müxtəlif janrlarda 62, Əli Səfərlinin isə 54 rəsm əsəri nümayiş olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid hər iki yubilyarı təbrik edərək bildirib ki, Rəssamlar Birliyi özünəməxsus fəaliyyəti ilə muxtar respublikanın yaradılmasının 95 illiyinə dəyərli töhfələr verməkdədir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda bütün sahələr kimi təsviri sənətin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülüb, sənət adamlarına fəaliyyətlərini qurmaları üçün geniş şərait yaradılıb.

Sərgiləri təşkil edilən rəssamlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər. Sonra sərgiyə baxış olub. Qeyd edək ki, 116 rəsm əsərinin nümayiş olunduğu “Müstəqillik işığında” adlı yubiley sərgisi oktyabrın 23-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: