Bundan sonra hər il mayın 5-də Ümumdünya Portuqal Dili Günü qeyd ediləcək.
NUHÇIXAN xəbər verir ki, həmin gün portuqaldilli ölkələr birliyində bu ölkələrin mədəniyyət günü qeyd olunur.
İlk dəfədir ki, UNESKO bu təşkilatın rəsmi dillərindən olmayan dil haqqında belə qərar qəbul edib. Lissabon Universitetinin psixologiya və pedaqogika kafedrasının portuqaliyalı professoru, bu ali məktəbin keçmiş rektoru Antoniu Sampayo da Novoa bildirib ki, müvafiq qərar UNESKO-nun Parisdəki qərargahında təşkilatın İcraiyyə Şurasının iclasında qəbul edilib.
İcraiyyə Şurası tərəfindən bəyənilmiş təklif noyabr ayında UNESKO-nun baş konfransında ratifikasiya ediləcək.
Portuqal dili roman dilləri qrupuna daxildir. Daşıyıcılarının sayına görə roman dilləri arasında ispan dilindən sonra ikinci yeri tutan portuqal dili dünyada ən geniş yayılmış dillərin ilk onluğuna daxildir. Portuqaldilli ərazilərin məcmusuna Luzofoniya, portuqal dilində danışan insanlara isə luzofonlar deyilir.