Babək Rayon Xalq Teatrı bu il 10 yaşını qeyd edir. Ötən dövr ərzində teatr 14 tamaşa ilə seyrçilərin görüşünə gəlib. Biri-birindən maraqlı əhvalatları, həyat hadisələrini özündə əks etdirən bu səhnə əsərlərini tamaşaçılar böyük rəğbətlə qarşılayıb. Ümumiyyətlə, repertuarında maraqlı əsərlər olan kollektiv hər zaman tamaşaçı zövqünü, marağını oxşaya bilir.
Babək Rayon Xalq Teatrı 2015-ci ildə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı”nda birinci yerə layiq görülərək, diplomla təltif olunub. 2017-ci ildə keçirilən növbəti festivalda isə Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında hazırlanmış tamaşa ilə çıxış edən Xalq Teatrı “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.
Bu illər ərzində kollektivin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, teatrın rejissoru Yusif Əliyevə və aktrisa Stella Babayevaya Prezident mükafatları verilib. Eyni zamanda bu il teatrın yaradılmasının 10 illik yubileyi də rəsmi şəkildə qeyd olunub.
Qeyd edək ki, repertuara salınmış əsərlərin uğurlu tamaşa həllinə nail olan kollektivin uğurları təkcə səhnə əsəri hazırlamaqla məhdudlaşmayıb. Bu illər ərzində teatr istedadlı həvəskar aktyorların üzə çıxarılmasında və onların püxtələşərək peşəkarlıq qazanmalarında müstəsna rol oynayıb.
Bu il kollektiv yeni bir tamaşa üzərində işləyir. Süleyman Sani Axundovun “Tamahkar” komediyası əsasında hazırlanan tamaşa ilin sonunda tamaşaçılara təqdim ediləcək.
Lalə Allahverdiyeva
“Şərqin səhəri” qəzeti