NUHÇIXAN xəbər verir ki, görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, cəmi 24 il yaşamasına baxmayaraq Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin bu il anadan olmasının 100 illiyi tamam olur.Bu münasibətlə Naxçıvanda “Ərtoğrol Cavid: taleyi və sənəti” və ”Natamam ömrün 100 illik təntənəsi” adlı iki kitab işıq üzü görüb.
“Ərtoğrol Cavid: taleyi və sənəti” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamına əsasən nəşr olunub. Kitabda Ərtoğrol Cavidin həyat və yaradıcılığının müxtəlif məqamlarına işıq tutan məqalələr, anası Müşkünaz xanım və bacısı Turana yazdığı məktublarla yanaşı Cavidlər ailəsinə məxsus, o cümlədən Ümummilli liderin Hüseyn Cavidin Naxçıvanda ucaldılan məqbərəsinin açılışı zamanı çəkilən fotoşəkillərdə yer alıb.
Azərbaycan Respublikasının Xalq Artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Tofiq Bakıxanovun tərtib etdiyi “Natamam ömrün 100 illik təntənəsi” kitabında isə müəllifin Ərtoğrol Cavidlə bağlı xatirələri, onun dahi bəstəkar Üzeyir Hacıbəyova və Bülbülə ünvanladığı məktublar, bəstələdiyi musiqilər, öz şeirlərinə yazdığı mahnılar verilib. Həmçinin Ərtoğrol Cavidin özünün çəkdiyi rəsm əsərləri, şəxsi sənədlərinin surəti, ailəsinə məxsus olan tarixi şəkillər və ulu öndər Heydər Əliyevin Cavid məqbərəsinin açılışında iştirakını əks etdirən fotolar yer alır.
Qeyd edək ki, hər iki kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyi tərəfindən nəfis şəkildə tərtib olunub.