Hüseyn Cavid yaradıcılığında ailə və onun rolu

A- A A+

Qadın günəş, cocuq ay, nuru ay günəşdən alır,

Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır…

                                                                                        Hüseyn Cavid

El arasında ailəni bəzən “kiçik dövlət”ə bənzədirlər. Bu kiçik dövlət ad­landırdığımız ailənin üzərinə o qədər ağır, çətin, ancaq bununla yanaşı elə bir şərəfli məsuliyyət düşür ki, bunun da tərbiyəvi təsir dəyəri xüsusilə böyükdür.

Klassik ədəbiyyatdan başlayaraq ta müasir dövrümüzə qədər şair və yazıçılarımızın əsərlərində ailəyə münasibət məsələləri həmişə diqqət mərkəzində olub. Belə ki, Məhəmməd Peyğəmbər (s.ə.s), Həzrəti Əli (ə.s), Nizami Gəncəvi, Nəsrəddin Tusi, Əhvədi Marağalı, Ömər Faiq Nemanzadə, Mirzə Fətəli Axundov, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı və digər mütəfəkkirlər ailə tərbiyəsi ilə bağlı xeyli qiymətli fikirlər irəli sürüblər.

Bununla bağlı milli mədəniyyətimizin görkəmli nümayəndəsi Hüseyn Cavidin əsərlərindəki fikirlərinin təhlili də göstərir ki, o da tərbiyə və tərəqqi işində ailəyə çox böyük diqqət verib və onun möhkəmləndirilməsini cə­miyyətin mütərəqqi inkişafı üçün zəruri hesab edib.

H. Cavidin əsərlərində ailəyə, qadına münasibət, həmçinin valideyn – övlad münasibəti məsələləri geniş yer tutur. XIX əsrin sonu – XX əsrin əvvəllərində “dövrün ən mühüm məsələlərindən biri də örtünmək, yaşınmaq məsələsi idi”. Düzdür, Cavid yaradıcılığının ilk illərində qadınların çadraya bürünməsi tərəfdarı olsa da (“Pəmbə çarşaf” şeirində olduğu kimi), çox çəkmir ki, bu ideyanın qəti əleyhinə çıxır və qadınların çadradan birdəfəlik uzaqlaşacağının çox yaxında olduğunu görərək yazırdı: “Məncə; şəriət in­sanların nicat və səadəti üçün yapılmış bir qanundur. Xalqı təhlükəli uçurumlara yuvarlayan bir qanun isə çox çürük və mənasız bir əfsanə deməkdir. Bir də nə islam şüarı, nə türklük səciyyəsi qadınlara “örtün!” – deyə, əsla məcbur etməz və bu hal yalnız adətən doğma bir məhkumiyyətdir ki, o da er-gec zail olar. Sağlam bir tərbiyəyə, sarsılmaz bir əxlaqa malik olan xanımların açıq gəzməsində heç bir məhzur görə bilmirəm. Bununla bərabər əcnəbilərdə olan mənasız sərbəstliyə də əsla tərəfdar deyiləm”.

 “Maral” əsərində Humayın çadrasız gəzməsi axundun şiddətli qəzəbinə səbəb olur. O, “sinirli” bir halda Turxan bəyin evinə girərək belə deyir: “Təəssüf olunur!.. Təəssüf olunur. Turxan bəy əfəndi! Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədan olduğunuzu bütün vilayət bilir, lakin çox təəssüf olunur ki, böylə şərəfli bir xanədanı siz ləkələmək istəyirsiniz! Nə söyləyim ki, xalqın arasına yeni bidət qoyursunuz. Gəlinin islam qızı olduğu halda bir xristiandan seçilmir. (Qayət sinirli.) Ah… Ah!.. Müsəlmanlıq böylə gedərsə, çox sürməz ki, ev-eşiyimiz Lut şəhri kimi yerin dibinə keçər!”.

 Onun bu fikirlərinin təhlili göstərir ki, milli mədəniyyətimizin bu görkəmli nümayəndəsi tərbiyə və tərəqqi işində ailəyə çox böyük diqqət verib və onun möhkəmləndirilməsini cəmiyyətin mütərəqqi inkişafı üçün zəruri hesab edib. H. Cavidin ailə məsələlərinə bu qədər ciddi əhəmiyyət verməsi onunla izah olunur ki, XIX əsrin son rübündə və XX əsrin əvvəllərində bəy mülkədar quruluşunun ümumi tənəzzülü ilə əlaqədar bunun qarşısını almaq üçün çarə axtarıb.

Qadınların ictimai həyata atılması, savadlı olması uğrunda H. Cavidin ən qızğın fəaliyyət dövrü 1914-1915-ci illərə təsadüf edir. Romantik şair belə güman edirdi ki, ailə münasibətləri, eləcə də qadına qarşı münasibətlər qaydaya düşərsə, cəmiyyətdə baş verən bir sıra pozğunluqların qarşısını almaq mümkün olar. “Peyğəmbər” əsərində Məhəmməd peyğəmbərin dili ilə şair qadını, ananı belə mədh edirdi:

                    Qadın, qadın!.. Onu duymaq, duyurmaq istərkən,

                    Yakar düşüncəmi bir şölə, bir zəhərli dikən.

                    Bütün həyatı çiçəkləndirən fəqət o… neçin,

                    Neçin əzilsin o, bilməm neçin sürüklənsin? !

                    Qadın günəş, cocuq ay… nuru ay günəşdən alır,

                    Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır…

                    Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,

                    Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

H. Cavid yekdilliklə belə fikirdə idi ki, Azərbaycanın o vaxtkı tarixi şəraitində ailə məsələlərindəki pozğunluğun olmasının, ailələrin çoxunda mehribanlıq və ünsiyyətin olmamasının başlıca səbəbi qadına naqis bir məxluq kimi baxılması, ona kölə münasibət bəslənməsi və ailələrin həqiqi insani münasibətlər üzərində deyil, pul, var-dövlət, mənsəb münasibətləri üzərində qurulmasıdır.

                    Bütün dinlər, qanunlar,

                    Qadınlara xor baxdı,

                    Üsyan etdikcə onlar

                    Su yerinə qan axdı.

                    Bir çoxları nadanlıq

                    Pəncəsində sıxıldı.

                    Kimi olub qurbanlıq

                    Atəşlərə yaxıldı.

                    Lakin qadınlıq bu gün

                    Hər zənciri qırarkən,

                    Bu hal neçin?.. Bir düşün!

                    Heç də əfv etmədim mən.

H. Cavid təkidlə qeyd edir ki, qadınların elm və maarifdən, bəşəri hüquqlardan məhrum edilməsi yalnız onların özlərinə və kişilərə deyil, birinci növbədə övlada çox böyük ziyan vurur. Çünki anaların özlərinin tərbiyə görməyə ehtiyacı vardır. Bu ehtiyacı da ancaq “analar yetişdirəcək məktəblər” ödəyə bilər. O, yazırdı: “Cocuq tərbiyəsinə diqqət etmək üçün tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz! Hər hansı qəzetəyə baxsan millət böylə? Vətən şöylə?- olmalı kimi bir çox məqalələr, xülyalar gö­rünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı? Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə bilərik? Beli bükülmüş, ətəh və ətalətə uğramış ixtiyarlardanmı? Bir para biqeyd, laübali gənclərdənmi? Yaxud, saf, təmiz, məsum, ləkəsiz növzadlardanmı. Şübhəsiz ki, vətənə, millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb sıralarında çırpınan məsumlar ola bilər. Fəqət bu növzadların yeyib-içməsinə, geyinib-gəzməsinə, təlim-tərbiyəsinə diqqət edə­cək analar hanı?”.

H. Cavid qadının-qızların təhsil almasını vacib bilir və göstərirdi ki, gələcək cəmiyyətin taleyi onların öz uşaqlarına verdiyi tərbiyədən çox asılıdır. O, qızların ailədə feodal-patriarxal münasibətlər əsasında tərbiyəsinə qarşı məktəb tərbiyəsini, sağlam ailə tərbiyəsini qoyur, oğlanlar kimi qızların da yeni məktəblərdə oxumasını tələb edirdi. Fanatik hacılar, məşədilər, kərbəlayilər qadınların oxuyub-oxumaz öz ərlərinə qarşı itaətsiz və şəriətə, islam dininə qarşı zidd olacaqlarını vəz edirdi. Halbuki: “Rəsuli-əkrəm təlim və tərbiyədə heç fərq qoymadığı halda təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə fərz buyurduğu təqdirdə, necə olur da ki, böylə əmri-müqəddəsi heç məsabəsində tuturuq. Əcaba, səkkiz-doqquz yaşında bir qız yalnız ibtidai yaxud rüşdi təhsil görürsə, şəriətə müxalifmi zənn olunar?”. Qadınların hüquqi azadlığı yolunda həyatın, zamanın irəli sürdüyü və qarşısı alınmaz ictimai bir problemin artıq həll olunmağa başladığını görüb təşvişə düşən ruhanilərə cavab olaraq ruhanilərin yanlış fikirləri ilə razılaşmadığını bildirir, onların qadınlar haq­qındakı mürtəce müddəalarını rədd edərək yazırdı: “Bir çox mübarək ağızlar, qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını söyləməkdən çəkinməyirlər, əcaba məktəb, təlim və tərbiyə insana itaətsizlikmi öyrədir? Yaxud insaniyyət, şəfqət, mərhəmət, nəzafət,övlada məhəbbət, böyüklərə itaət nə olduğunu təlim edər? Bir də cəbrə, təzyiqə nə hacət, artıq iyirmi ilə otuzu hesab etmək üçün anaların təsbihlər ilə, qızların barmaqlar ilə komediya çıxarmaları çəkilir bir dərd deyildir. Azacıq da utanıb qızarmalıyıq”.

 H. Cavid qadın əsarətinə qarşı çıxaraq yazırdı:

                   Ana övladını bəslər böyüdür.

                    Anasız millət əvət öksüzdür…

                    Qadın, ey sevgili, şəfqətli mələk,

                    Bu qədər səbr, təhəmmül nə demək?

                    O lətafət, o nəcabətlə sana

                    Bu əsarət, bu həqarət nə rəva?!.

Qeyd etdiyimiz kimi, H. Cavid ailə tərbiyəsinə olduqca böyük əhəmiyyət verərək, uşağın tərbiyəsində ilk növbədə ata və anaların böyük rol oynadığını göstərirdi. O, yazırdı ki, uşaq dünyaya gəldiyi gündən məktəb yaşına qədər ata-anasının yanında ev tərbiyəsi, ailə tərbiyəsi alır. Onun fikrinə əsasən ailə tərbiyəsində ata və anaların ən ümdə vəzifələri uşaqlarının sağlam böyüməsinə şərait yaratmasıdır. Bir çox uşaqlar anadan xəstə doğulur və xəstə bir vücud ilə “tərki-həyat” olurlar. Cavid bu xəstəliyin səbəbini ata və anadan başqa heç kəsdə aramır. Çünki bir çox xəstəliklər irsi olaraq yayılır. Uşaqlarda bu xəstə­liklərə, fəlakətlərə yol açan isə ilk növbədə analardır. Çünki uşaq, ana “rəhminə” düşdüyü zamandan başlayaraq doqquz ay ananın qanı ilə, sonra südü ilə qidalanaraq xəstəliklərə düçar olurlar. Cavid qeyd edir ki, “biçarə məsum” böyüdükcə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə başlayır. Bir çox uşaqlar da olur ki, ata-anasından qorunmayaraq yeyəcəyi, içəcəyi, geyəcəyi üzündən xəstələnir, tənəffüs etdiyi hava, hərəkət­sizlik və s. valideynin qayğısızlığı ucbatından səhhətinə mənfi təsir göstərmiş olur.

H. Cavid qeyd edir ki, hər şeydən əvvəl uşaqların düzgün qidalanmasına diqqət yetirmək lazımdır. Çox yemək sağlamlığa ziyan verdiyi kimi, az yemək də faydalı deyildir. O, valideynlərə öz uşaqlarına qarşı son dərəcə diqqətli olmağı, uşağı nəzarətsiz buraxmamağı, ədəbsizlik etməyə qoymamağı, ərköyünlüyə öyrətməməyi tövsiyə edirdi. Bu vəzifələrin həllində görkəmli pedaqoq H. Cavidin irsiyyət amillərinin rolunu görməsi və düzgün elmi nəticələrə əsaslanması təqdirəlayiqdir.

H. Cavid valideynlərin öz körpələrini “məvhumi” qüvvələrlə hədələməsini, qorxu içində yaşatmasını qınayırdı. Belə ki, uşaq iki-üç yaşında qaranlıq guşəyə gedəndə valideynləri tərəfindən cinlər, divlər, ifritələr vasitəsi ilə qorxudulur, təhdid edilir. Biçarə, zavallı körpənin isə bütün mənəviyyatı alt-üst olur. Otuz yaşına gələndə belə  uşaqlıqda keçirdiyi o qorxunc kölgələri bir “türlü başından çıxara bilmir”. H. Cavid ailələrdə tərbiyənin bu cür qurulmasına qəzəblənərək kinayə ilə belə qeyd edir: “Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq, yalançılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorxaqlıq kimi bir para rəzil, murdar əxlaqsızlıqlardan ibarətdir”.

Şair-pedaqoq hər bir hərəkətin tərbiyə ilə bağlı olduğunu qeyd edir. Onun fikrincə, hələ kiçik yaşlarından uşağa verilən düzgün tərbiyə uşağın gələcək inkişafının əsasını təşkil edir. Ailə tərbiyəsindəki başqa qüsurlardan birini qeyd edərək yazırdı: “Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlasın” – deyir”.

H. Cavidin haqlı fikrincə ata və anaların gözəl, mənəvi sifətlərə malik olması uşaqların düzgün tərbiyəsinə təsir edir. Övladlarının tərbiyəsi ilə məşğul olmayan valideynlər isə sabahkı gün “cigərguşələrinin zillət, fəlakət odunda yanıb-qovrulduqlarını” ağlaya-ağlaya seyr edəcəklərini şair qeyd edərək yazır: “Bu gün azacıq təbiətə qarşı durub övladını tərbiyədən məhrum buraxanlar, yarınkı gün verdikləri yanlış tərbiyənin ağır nəticələrini görəcəklərini vurğulayaraq yazır. “Cocuqlar məsumdurlar, onünçün etdikləri işlərin heç bi­rindən məsul deyildirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsamihə (səhlənkarlıq – K.C.) göstərən valideyn qanun və əxlaq nəzərində şiddətlə məsul tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə üçün müzür (ziyanlı, zərərli – K.C.) bir adam hazırlamış olurlar. Xeyirsiz, xain, ədəbsiz övlad yetişdirib onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq üçün bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məsul olacağı, nə müdhiş cinayət işlədiyi hər kəsə məlum, aydın bir həqiqətdir”.

H. Cavidin fikirlərindən aydın olur ki, hər bir valideyn rütbəsindən asılı olmayaraq öz uşağının tərbiyəsi ilə məşğul olmağa bütün məsuliyyəti ilə borcludur. O, valideynlik borcunu ödəməli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, aqibəti ilə maraqlanmalıdır. Əxlaqi cəhətdən möhkəm olan namuslu vətəndaşlar tərbiyə etmək üçün şair-pedaqoq qeyd etdiyimiz kimi valideynlərin özlərinin qüsursuz olmalarını, onların müəyyən qədər pedaqoji biliklərə yiyələnmələrini zəruri hesab edirdi. Cavid istəyirdi ki, ailə qarşısında duran bu kimi çətin, eyni zamanda şərəfli və məsuliyyətli vəzifələr mümkün qədər inandırma, şəxsi nümunə əsasında həyata keçirilsin.

Hüseyn Cavid həm ədəbi-pedaqoji yaradıcılığında, həm də publisistikasında bu məsələyə – ailə-qadın mövzusuna axıra qədər sədaqətli qalmışdır. H. Cavidin gənclər, eləcə də geniş oxucu kütləsi üçün yazdığı əsərlər əxlaq tərbiyəsi üçün mühüm əhəmiyyətə malikdir. Onun “Ana”, “Maral”, “Şeyx Sənan”, “Knyaz”, “Peyğəmbər”, “Xəyyam”, “Afət”, “Topal Teymur” və s. əsərlərində nəcib mənəvi keyfiyyətləri inkişaf etdirmək, formalaşdırmaq əsas xətt kimi götürülüb.

 

 

                                                Kamal Camalov

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

                                                Azərbaycan Respublikasının Əməkdar müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: