Rəssamların palitrasında Hüseyn Cavid rəngi - FOTOLAR
Oktyabr, bu soyuq və gözəl rəng palitrasına sahib olan payız ayı Cavidlər ailəsinin ayıdır bunu hamı bilir. Oktyabr ayının 22-si Hüseyn Cavidin yeganə oğlu, stalinizm rejiminin qurbanı, unudulmaz bəstəkar, istedadlı rəssam, gözəl şair, folklorşünas, tədqiqatçı və tərcüməçi Ərtoğrol Cavidin doğulduğu tarixdir.
Oktyabr ayının 24-də isə, XX əsrin ilk illərindən şöhrət qazanmış şair-dramaturq, Türk dünyasının nəhəngi Hüseyn Cavidin anadan olduğu gündür.
Hüseyn Cavidin bədii obrazı, yaradıcılığı, onun yaşadığı əzablı, lakin ləyaqət dolu həyatı, əsrin müxtəlif dövrlərində bir çox yaradıcı insanları, əlaxsüs fırça və tişə ustalarını, pərvanəni özünə çəkən işıq tək cəlb edib.
Azərbaycan təsviri və tətbiqi sənətində sənətkarların yaradıcılığında Cavid əfəndinin obrazını müxtəlif dövrlərdə görmək mümkündür.
Hüseyn Cavid obrazına, ilk müraciət edən, böyük istedad sahibi, Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmiş Zivərbəy Əhmədbəyov olub. Qrafika üslubunda işlənən iki portret (1922-1923) Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində qorunub saxlanır.
1981-ci ilin iyul ayında ulu öndər Heydər Əliyevin, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında imzaladığı tarixi qərar, firça və tişə ustalarımız faciəli həyat yaşamış Hüseyn Cavid obrazına daha çox maraq oyatdı və maraqlı əsərlər yaradıldı.
Hüseyn Cavid obrazı Azərbaycanın tanınmış rəssamlarından Oktay Sadıxzadənin, Böyükağa Mirzəzadənin, Mikayıl Abdullayevin, Nəcəfqulu İsmayılovun, Hüseyn Əliyevin, Elmira Şaxtaxtınskayanın, Kamil Nəcəfzadənin, Əli Verdiyevin, Abbas Məmmədovun, Arif Hüseynovun, Altay Hacıyevin, Elxan Tahirovun, Aydın Rəcəbovun, Sabir Qədimovun, Məhəmmədəli İsmayılovun, Şirzad Məmmədovun, Lətif Kərimovun (xalçaçı rəssam) və digər rəssamların müxtəlif zamanlarda işlədikləri kompozisyalarda öz əksini tapıb.
Azərbaycan heykəltəraşları, tanınmış tişə ustaları Tokay Məmmədov, Ömər Eldarov, Elxan Şamilov, Münəvvər Rzayeva, Fuad Salayev, Səlhab Məmmədov, Südabə Əliverdiyeva, Akif Əsgərov, Xanlar Əhmədov, Arif Qazıyev və başqaları Hüseyn Cavid obrazına müraciət edərək unudulmaz əsərlərlə şairi daşda, tuncda və s. materiallarda əbədiləşdiriblər.
Bütün sənətkarlar ictimaiyyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar. Lakin, hər rəssamın özünəməxsus yaradıcılıq prosesi var. Bir çox rəssamlar işləməzdən qabaq eskizlər edir, kimisi təbiətlə təkləşər, kimisi kətanla fırçasına söykənərək onların müəllifə yol göstərməsini gözləyir, kimisi də qəribə olsa da, yuxularındakı obrazlardan istifadə edərək yola çıxır. Rəssamların əksəriyyəti dahilərin portretlərini işləmə ərəfəsində gecənin sakitliyində emalatxanada obrazla üz-üzə, təklikdə qalaraq, onunla söhbət edərək, onun keçirdiyi hisləri duymağa çalışaraq, həmin şəxsiyyətin yaşadığı dövrə səyahət edərək işləyir. Məhz buna görə bu prosesə, yaradıcılıq prosesi deyilir. Heç bir rəssamın əsəri digər rəssamın əsərinə bənzəmir, kolorit, texnika, kompozisiya fərqli və özünəməxsus olur.
Naxçıvanda yaşayıb-yaradan rəssamların tablolarında da Cavid obrazı özünəməxsus ali bir yer tutur. Onlar doğma, romantik səma şairini əbədiləşdirərək, onu yaşadır və təbliğ edirlər.
Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavid irsinə və ailəsinə göstərilən diqqət və qayğı, sənət adamlarını yaratmaq eşqinə həvəsləndirir. Rəssamlar dahi şair-dramaturq, mütəfəkkiri Cavid əfəndinin obrazına və yaradıcılığına, dönə-dönə müraciət etmələri, böyük şairə məhəbbət və sevgilərinin bariz göstəricisidir.
NUHÇIXAN Naxçıvan rəssamlarının dahi şairə həsr etdiyi bir neçə rəsm əsərini təqdim edir:
Ülviyyə Həmzəyeva
Azərbaycan Respublikasının Əməkdar rəssamı