Ədəbiyyatımızın söz və fikir zadəganı - Hüseyn Cavid

A- A A+

Elə adlar varki, onları səsləndirəndə xüsusi təqdimata və tərifə ehtiyac olmur. Bu insanlardan biri də ədəbiyyat tariximizdə yüksək bir zirvəni fəth edən Hüseyn Caviddir.

Mədəniyyətin zənginliyi və milli-mənəvi köklərə, bütövlükdə ənənəyə bağlılıq böyük şəxsiyyətlərin yetişməsində aparıcı xətlərdəndir. Milli ideala xidmət edən şəxsiyyətlər də yaşadıqları zamanı dərk etməkdə və bunu milyonlara çatdırmaqda eyni zamanda gələcək nəsillərə yol göstərməyə qadirdirlər. Məhz bu baxımdan qüdrətli şəxsiyyəti və misilsiz yaradıcılığı ilə seçilən Hüseyn Cavidin ədəbiyyatımızdakı və mədəniyyətimizdəki rolu danılmazdır.

Payızda dünyaya gəlmişdi böyük və unudulmaz ustad. Adətən oktyabra “Cavidlər ayı” deyirlər. Bu ailənin bütün üzvləri bu ayda doğulub.

Qədim Naxçıvan torpağında, doğma diyarımızda dünyaya göz açan Cavid yazdığı əsərlərlə nəinki öz dövrünün, bütün zamanların böyük söz sənətkarına çevrilib.

Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.

Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətimizin ən dərin qatlarından alıb, Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Dərin fəlsəfi-estetik məzmunlu əsərləri ilə ədəbiyyatmızda yeni mərhələnin başlanğıcını qoyan Hüseyn Cavid hər zaman qəlbinin, vicdanının dediklərini qələmə alan, ömrü boyu həqiqətin əsiri olan bir şair idi.

Böyük ustadımız vaxtilə belə deyib: “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir!”. Cavid elə bir həqiqətin əsiri idi ki, o altun saraylara, daş zindanlara, tikanlı məftillərə meydan oxuyurdu. O elə bir həqiqətin aşiqi idi ki, sevdalı könüllərə, parlaq sevgilərə öz misraları ilə ağ yelkənlər kimi qanad açırdı.

Həqiqət əsiri olan yalnız gözəlliyə tapınan bu dahi mütəfəkkirin ən böyük arzusu isə millətini azad, xoşbəxt, Vətənini sivil dövlətlərin sırasında görmək olub. O, təkcə öz vətəninin deyil, bütün bəşəriyyətin xoşbəxtliyini istəyirdi.

İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik “mən”i zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir.

Xəyal!... Əvət, yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.

Yaşadığı dövrün qadağalarının sərtləşməsi onun mübariz ruhuna nəinki zərrəcə təsir etməyib, əksinə daha böyük yaradıcılıq axtarışı ilə həqiqəti tapmaq və ona qovuşmaq yolunda əsərlər yaradıb. Özünü həmişə “Hüsnü-xuda şairi” sayan , xəyalı səmalara qanadlanan Cavid dillər əzbəri olan “Mənim Tanrım” adlı şeirində deyirdi:

Hər gülün cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir Allahı var,

 Mənim Tanrım, gözəllikdir sevgidir.

Dünya, aləm başdan-başa gözəlliklərlə doludur. Yalnız ətrafa nəzər salmaq, təbiətdəki, gözəllikləri görmək və duymaq lazımdır. Cavid dünyada, təbiətdə və insanda gözəlliyi görür, duyur və ondan zövq alırdı. Cavid hər şeydə gözəllik və sevgi axtarırdı. Onun şeirlərini oxuduqca sanki başlanğıcda sakit axan, daşlardan töküldükcə isə bir nərə çəkən dağ çeşməsinin, dağ çayının səsini eşidirsən. Elə buna görə də Cavidin şeir dili səmimi, saf insan duyğularının tərənnümündə nə qədər həzindir, kövrəkdir. Bəli, Hüseyn Cavid məhəbbət və gözəllik şairidir.

Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur.

Ustad sənətkarın yaradıcılığı bədii forma, janr cəhətdən çox zəngindir. O, yüksək sənətkarlıqla yazılmış lirik şeirlər, poemalarla yanaşı Azərbaycan səhnəsinə faciə və dramlardan ibarət 15-dən çox pyes yazıb və bununla da ədəbiyyatımızda mənzum dramın əsasını qoyub. Hüseyn Cavidi də ən çox məşhurlaşdıran, ona böyük şöhrət qazandıran dram əsərləridir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. İlk pyesi olan “Ana”nı 1910-cu ildə yazıb.

İnsan həyatının, insan gerçəkliyinin çox mühüm qlobal, dramatik və böhranlı bir məqamını Cavid öz poetik dramaturgiyasında müstəqil bir dərinliklə ifadə edib. “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Səyavuş”, “Topal Teymur”, kimi pyesləri dramaturgiyamızda romantizmin ideya və məzmun xüsusiyyətlərinin təzahür etdiyi əsərlərdir.

O, bu əsərlərlə Azərbaycan dramaturgiyasının mövzu sərhədlərini genişləndirib, romantik qəhrəmanın, tragik xarakterin yeni tiplərini yaradıb, qəhrəmanı qadın olan ilk Azərbaycan faciəsini qələmə alıb, onu nəcib və bəşəri ideyalarla daha da zənginləşdirib.

Hüseyn Cavid ilk qələm təcrübələrindən başlayaraq bütün yaradıcılığı boyu insanda insanlıq axtarırdı. Bu axtarışı ilə böyük sənətkar insanlarla daim doğmalıqla, sevgi ilə yanaşmağın tərənnümçüsü idi. Cavidə görə insanlıqdan uzaq olan bir kəs şər, fəsad idi- sözün əsl mənasında iblis idi-cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan iblis!  

Hüseyn Cavidin əsərləri Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da güclü təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirib.

Çox təəssüf ki, axtardığı həqiqət yolunda üzləşdiyi çətinliklər, ziddiyyətlər, təzyiqlər, uçurumlar, repressiyalar ömrünə, həyatına qənim kəsildi. Hüseyn Cavid kimi coşqun arzulu, vətəndaş mövqeli, milli qürurlu sənətkarımızın taleyinə sürgünün ən ağır nəticəsi olan qürbət iztirabları yazıldı.

Cavidin həyatında, yaradıclığında, onun xalqımıza qaytarılmasında təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz Ulu öndərin diqqəti və qayğısı nəticəsində H.Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Məhz Ümummilli liderin təşəbbüsü ilə 1996-cı ildə Hüseyn Cavidin məqbərəsi tikildi.

Dahilər daim öz zəmanəsi ilə ayaqlaşa bilən onu qabaqlayan və çox vaxt zamanın fövqündə dura bilən əməl və zəka sahibləridir. Hüseyn Cavid də Azərbaycan xalqının payına düşən məhz belə mütəfəkkirlərdən idi. Cavid sənəti bizi heyrətləndirdiyi kimi, gələcək nəsilləri də heyrətləndirəcəkdir.

                                                 Kəssə hər kim tökülən qan izini,

                                                 Qurtaran dahi odur yer üzünü.

-deyən bir sənətkar təbii ki, ən böyük ehtirama layiqdir.

         

Gülarə Babayeva

 Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar

 Respublika Ədəbiyyat Muzeyinin baş elmi işçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: