Kəhrizlər həm tarixi abidə, həm də müasir dövrün təkmil su mənbəyidir

A- A A+

Azərbaycanda kəhrizlərin tarixi son elmi tədqiqatlara əsasən orta tunc dövrünə - eramızdan əvvəl II minilliyə-3000 il əvvələ gedib çıxır. Əfsanə, rəvayət və nağıllarda kəhriz quyuları, onları birləşdirən lağımlar, orada gizlənmiş canlılar, “qaranlıq dünya”, “işıqlı dünya” haqqında maraqlı epizodların olması da kəhriz sularından ta qədim dövrlərdən istifadə olunduğunu təsdiqləyir.

1938-ci ildə ölkədə 885-dən artıq, o cümlədən Naxçıvan Muxtar Respublikasında 407 kəhriz qeydə alınıb. Naxçıvanda bu sayda kəhrizin olması əkinçilik mədəniyyətinin inkişafı ilə yanaşı, həm də diyarımızdakı xeyriyyəçilik ənənələrindən soraq verir.

Su çəkmək qədimdən bəri savab əməl sayılıb. Tarix boyu imkanı olanlar kəhrizlər tikərək əhalinin içməli su tələbatını təmin ediblər. Sovet hakimiyyəti illərində isə kəhriz sistemləri “köhnəliyin nişanəsi” kimi diqqətdən kənarda qalıb,  bir sıra kəhrizlərin isə sıradan çıxmasına səbəb olub. Müstəqillik illərindən başlayaraq geniş vüsət alan quruculuq və abadlıq işləri kəhrizlərə də yeni həyat verməyə başladı. 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində Kəhrizlər İdarəsinin yaradılması ilə tariximizin bir parçası olan kəhrizlər himayəyə alındı. Məhv olmaqda olan kəhrizlərin yararlı hala salınması, yeni yeraltı su mənbələrinin aşkara çıxarılıb istifadəyə verilməsinə başlanıldı. Çünki kəhrizlər bu gün də içməli və təsərrüfat suyu kimi böyük əhəmiyyət kəsb edir. Hazırda idarənin nəzdində 386 kəhriz qeydə alınıb. Onlardan 335-i işlək vəziyyətdədir. 2011-ci ildən bəri 136 kəhrizə yeni həyat verilib. İdarənin  baş mühəndisi Anar Məmmədov  bildirir ki, cari ildə 10 kəhrizdə  təmir-bərpa işləri  aparılıb və davam etdirilir. Kifayət qədər alternativ su mənbələrinin olmasına baxmayaraq, bu gün də içməli su probleminin həllində kəhriz suyu ən etibarlı və strateji əhəmiyyətli bir mənbə kimi istifadə olunur. Çünki burada nə elektrik enerjisi, nə də maşın və mexanizm tətbiq etmədən sular yerin səthinə çıxır.

Mütəxəssislərin fikrincə, kəhriz suyu yerüstü sulardan filtrasiyalar hesabına qidalandığı üçün qida ehtiyatı dəfələrlə çox olur. Odur ki, əkinçilikdə çox əlverişlidir. Bu mənada Kəngərli rayonunda olan 166, Ordubadda olan 85 kəhriz bu bölgələrin inkişafında mühüm rol oynayır. Ordubad kəhrizlərinin unikallığı həm də ondadır ki, kəhrizlərin üzərində inşa olunan “40 pillə”lərdən soyuducu kimi əhali ərzaq məhsullarının saxlanılmasında istifadə edib.

Muxtar respublikada formalaşan kəhriz ənənəsi bu gün dünyanın da diqqətini çəkir. Ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların nüayəndələri muxtar respublikanın kərizlər sistemi üzrə təcrübəsindən yararlanır, nümunə kimi göstərirlər. Bu yaxınlarda Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Azərbaycan Dövlət Aqrar İnstitutunun müəllim və professor heyəti ilə birgə kəhrizlərin tikintisi, qorunub saxlanılması təcrübəsinin öyrənilməsi məqsədilə Naxçıvanda olublar. Susuz regionlarda su qıtlığının aradan qaldırılması üçün Naxçıvanın kəhriz təcrübəsinin tətbiq edilməsinin vacibliyini vurğulayan mütəxəssislər həm də memarlıq üslubunda işlənmiş kəhrizlərin turizmin inkişafında maraq kəsb etdiyini bildiriblər.

Bir sözlə, nəsildən-nəslə keçərək minilliklərdən ötüb gələn bu kəhrizlər milli sərvətimizin mühüm tərkib hissəsi kimi indi daha ciddi qorunur, ətraflı tədqiq edilir və hərtərəfli öyrənilir. Bu, su təssərüfatı sahəsinin inkişafı ilə yanaşı, həm də keçmişimizi yaşatmaq və gələcəyə daşımaq baxımından təqdirəlayiqdir.

Hafizə Əliyeva

Naxçıvan Dövlət Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: