Qədim musiqi aləti-zurna

A- A A+

Bildiyimiz kimi, hər peşənin, sənətin özünəməxsus çətinliyi, gözəlliyi, bəhrəsi olur.. Musiqi səsi eşidərkən sanki ürəyimizdəki arzular qanad açıb uçacaqmış kimi göylərə ucalır, məşəl kimi alovlanır, ruhumuza məlhəm olan musiqi qəlbimizi ovsunlayır. Bir sözlə, hər birimizin dinləməkdən yorulmadığımız musiqi ruhun qidasıdır.

Xalqımızın milli sərvəti sayılan musiqi alətlərimiz zənginliyi və müxtəlifliyi ilə seçilir. Ulularımızdan yadigar qalan milli musiqi alətlərimiz qədim dövrlərdə yaranıb, təkmilləşərək dövrümüzə qədər gəlib çatıb. Bu alətlərdən biri də yaşı min illərlə ölçülən, qədim çalğı aləti olan zurnadır. Şahbuz rayonun da bu sənəti davam etdirən sənətsevərlərimiz var. Onlardan biri də Tarverdi Hüseynovdur. Bu mövzu ilə bağlı Tarverdi müəllimlə həmsöhbət olduq. Məlum oldu ki,  bu sənət ona atasından yadigar qalıb. Deyir ki, atam Bürcəli Hüseynov Şahbuz rayonunda yaxşı tanınmış sənətkar olub. O, uzun illər, yəni, 35-40 il zurna çalmaqla  məşğul olub. Balaca yaşlarımdan atamın evdə zurna  çalmasını eşidərək məndə də bu nəfəsli alətə həvəs yarandı. İlk dəfə 10 yaşım olanda  atamın  çaldığı zurnanı götürərək ifa etməyə başladım. Elə o vaxtdan da özümü sınamağa başladım. Sonra həvəsimi görən atam mənə yeni zurna aldı. Və mənə ustadlıq edərək bu sənətin bütün sirlərini öyrətdi. Elə o vaxtlardan da bu sənətə qəlbən bağlandım.  Ancaq  musiqiyə olan dərin  marağım sayəsində  zaman-zaman mən klarnet, tütək və tulum kimi nəfəsli alətləri də ifa etməyi öyrəndim. 

Həmsöhbətimiz bu qədim çalğı alətinin  tarixi və quruluşu ilə bağlı da maraqlı məlumat verir. Tarverdi müəllim, qeyd edir ki, bu alətin üç min ilə yaxın yaşı var. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan “Koroğlu”da da məlumat var.

Deyilənlərə görə, bu aləti keçmişdə qara rəngli öküz buynuzundan hazırlayıblar. Elə bu səbəbdən də xalq arasında  ona “qara zurna” adı  verilib.

Quruluşuna gəldikdə isə alətin tərkib hissəsi gövdə, maşa, mil, dil, tağalaq və qapaqdan ibarətdir.  Uzunluğu  280-300 mm olan gövdə, indi əsasən, ərik ağacından hazırlanır. Onun üzərində səkkiz üst pərdə, baş tərəfə yaxın isə bir alt pərdə açılır. Gövdənin enli “ayaq” hissəsindəki pərdə həmişə açıq qalır. Gövdənin diametri  altıncı pərdədən başlayaraq tədricən artır və gövdə ayaq hissədə konusvari şəkil alır.  Gövdəyə alətin baş hissəsi tərəfindən söyüddən hazırlanmış haçaşəkilli “maşa” salınır.  Onun vəzifəsi səsi nizamlamaq və gücləndirməkdir. 

Mənə elə gəlir ki, bu alətdə ifa olunan musiqini hər kəs dinləmək istəyər. Azca musiqi duyumu olan hər bir insana bu səs doğma və əzizdir.

İfa yerinə gəldikdə isə onu deyə bilərəm ki, Azərbaycan xalqının ənənəvi toylarını, xüsusən də Naxçıvan toylarını qara zurnasız  təsəvvür etmək qeyri-mümkündür. Çünki milli yallılarımızın əksəriyyəti  zurna ilə ifa olunur.  Bu da insana daha çox xoş təsir bağışlayır.

Rayonumuzda, eləcə də muxtar respublikada keçirilən dövlət səviyyəli tədbirlərdə, festivallarda, toylarda zurnaya daha çox  üstünlük verilir. Mən və oğlum da tez-tez təşkil edilən bu tədbirlərin, şənliklərin daimi ifaçısıyıq.

Həmsöhbətimiz deyir ki, son vaxtlar bu sənətə gənclər arasında maraq da artıb. Sənətin sirlərini öyrənmək istəyənlər çoxdur və sevinc hissi ilə deyə bilərəm ki, mənim öyrətdiklərim də az olmayıb. Mən həm də uzun illərdir ki, Şahbuz rayon Uşaq Musiqi Məktəbində müəllim kimi çalışıram. Və elə ilk fəaliyyətimə də bu məktəbdən başlamışam. Hal-hazırda bu sənətin sirlərini öyrətdiyim 6 şagirdim var. Onlara zurnanın notla necə ifa edilməsini, çalınmasını, rəqslərimizi və bununla yanaşı,  muğamları, xalq bəstəkarlarımızın əsərlərini dərindən öyrədirəm.

Qədim musiqi aləti zurnanın gənclərə sevdirilməsi, gələcək nəsillərə  çatdırılması üçün hər zaman səylə çalışmışam və bundan sonra da çalışacağam ki, bu sənətə olan maraq illər ötsə də belə, azalmasın.

Sonda onu demək istəyirəm ki, zurna və digər qədim musiqi alətlərimizi heç zaman unutmamalıyıq.  Bu alət ulu babalarımızdan bizə qalan qiymətli milli dəyərlərdən biridir. Gəlin, çalışaq ki, toylarımız qara zurnasız, balabansız olmasın.  Bu işdə hamımız əlbir olmalı, hər yerdə və hər zaman qədim musiqi alətlərimizi təbliğ etməliyik. 

         

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: