Qədim yurd yeri:Tənənəm

A- A A+

Şərur rayonunun Tənənəm kəndi qədimliyi yaşadan, maddi-mədəniyyət nümunələri ilə seçilən yaşayış yerlərindəndir. Naxçıvanda ən qədim insan məskənlərindən sayılan və dəniz səviyyəsindən 1.500 metr yüksəklikdə olan «Qazma mağarası» kənddən 3 kilometr Cənub-Şərqdə yerləşir. Mustye mədəniyyəti dövrünə – eramızdan 100-80 min il əvvələ aid edilən bu abidənin nəinki Azərbaycan, həmçinin, dünya arxeologiyasında ilk insan məskənlərin dən biri kimi özünəməxsus yeri vardır.

Mağara girəcəkdə 6 metr və hündürlüyü 2 metr olan dəhliz şəklində uzanır. 12-ci metrdə 2 qola ayrılır, qurtaracağı ilə girişi arasındakı hündürlük fərqi 10 metrə çatır.

İndiyədək abidənin 6 mədəni təbəqəsində arxeoloji qazıntılar aparılıb, tapılan 17 mindən çox heyvan sümüyü götürülərək tədqiq edilib, onların bəzilərindən ov və əmək alətləri kimi istifadə edildiyi müəyyənləşib. Abidədən tapılmış 874 ədəd, o cümlədən, 780 ədəd dəvəgözü, 93 ədəd çaxmaq daşı, 1 ədəd tuf daş məmulatlar da maraqlıdır. Məmulatlar arasında istehsal tullantılarının tapılması mağara sakinlərinin burada daşdan və heyvan sümüklərindən müxtəlif alətlər hazırladığını göstərir. Əmək alətləri əsasən, qaşovtipli alətlərdən və itiucluqlardan ibarətdir. Onlar forma və xüsusiyyətlərinə görə Azıx və Tağlar Daş dövrü abidələrindən əldə olunmuş əmək alətləri ilə bənzərlik təşkil edir.

Ərazidən, eləcə də ətraflardan aşkar olunmuş yaşayış yerlərinin qalıqları, nekropollar da sübut edir ki, kənd ən qədim insan məskənidir.

«Tənənəm» yaşayış yeri eyni adlı kəndin əhatəsində yerləşir və ərazidə tapılan çəhrayı rəngdə bişirilmiş şirli və sadə saxsı qab məmulatları yaşayış yerinin eramızdan xeyli əvvələ aid olduğu qənaətini təsdiqləyir.

Hər tərəfdən dağlarla əhatə olunan qaya üzərində yerləşmiş «Cənnətqaya» yaşayış yeri də kəndin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Adıçəkilən yerə tutduğu ərazinin adı ilə «Ağzirət», yaxud «Qəsəbə» də deyirlər.

Kəndin qədim insan məskəni olduğunu təsdiqləyən digər bir abidə isə «Qarouş» (bəzi tədqiqatçılar bura «Qaraquş» da deyirlər) yaşayış yeridir. Bu ünvan Tənənəm kəndinin Şimal hissəsindədir. Yaşayış yeri iki dərədə yerləşmişdir və indi mövcud olmayan bir dağ çayının hər iki sahilini əhatə edir. Deyilənlərə görə, buradakı dağ çayı elə gur axırmış ki, bu taydan o taya keçmək o qədər də asan deyilmiş. İndi həmin çayın yatağında çağlayan «Ağbulaq», «Qoşabulaq» və «Xan bulağı»ndan kənd sakinləri içməli su kimi istifadə edirlər.

Tənənəmin tarixinin qədimliyinə daha bir sübut e.ə. III və II əsrlərə aid edilən və kəndin Cənub-Şərq qurtaracağındakı uzunsov bir təpənin üzərində yerləşən «Tənənəm nekropolu»dur. Nekropolun Şərqində «Divlər», Cənub-Şərqində isə «Şəndin» deyilən yerlər mövcuddur. Bu yerlərdə qədim insanların yaşadığını göstərən məskənlərin qalıqları var.

Yerli sakinlərin və arxeoloqların dediyinə görə, kəndin hansı yerini qazırsan, çoxlu qədim əmək alətləri, küp qəbirlər çıxır. Şübhəsiz ki, küp qəbirlər daha qədim dövrlərdən soraq verən tapıntılardır. Hətta elə küp qəbirlər var ki, çox böyük olub və onun içərisində iki insan dəfn edilib. Bəzi küplərdən isə taxılın saxlanması üçün istifadə edilib. Bu gün Tənənəm qədimliyi qoruyub saxlamaqla tariximizə öz işığını salır.

Allahverdi ƏSGƏRLİ

Ələkli kənd tam orta məktəbinin tarix müəllimi

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: