Kollektivlər muzeyləri gəziblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam edir.
Ötən şənbə günü nazirlik, komitə, idarə və agentliklərin əməkdaşları Naxçıvan şəhərindəki muzeyləri ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi böyük mütəfəkkir Hüseyn Cavidin ev-muzeyində, Nazirlər Kabinetinin kollektivi Xatirə muzeyində, Daxili İşlər Nazirliyi və Naxçıvan Dövlət Universitetinin kollektivi yeni istifadəyə verilmiş Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Qarabağlar Türbə Kompleksində, Muxtar Respublika Prokurorluğunun əməkdaşları Xalça muzeyində, İnsan Hüquqları üzrə Müvəkkili aparatının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Maliyyə Nazirliyinin kollektivi isə Dövlət Bayrağı Muzeyini gəziblər.
Həmin gün İqtisadiyyat Nazirliyinin kollektivi Bəhruz Kəngərli muzeyində, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Bankın əməkdaşları Naxçıvan Biznes Mərkəzini, Dövlət Gömrük Komitəsinin əməkdaşları Ədəbiyyat muzeyini, Dövlət Nəqliyyat Xidmətinin kollektivi isə Nəbatat bağını ziyarət ediblər.
Ədliyyə Nazirliyinin əməkdaşları “Əlincəqala”Tarix-Mədəniyyət Muzeyində, Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində, Fövqəladə Hallar Nazirliyinin kollektivi Xan sarayında, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları böyük ədib Cəlil Məmmədquluzadənin ev-muzeyində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə Rəsm qalareyasında olublar.
Qeyd edək ki, həmin gün muxtar respublikamızın rayonlarında da muzeylər ziyarət edilib. Şərur, Şahbuz, Culfa, Kəngərli, Sədərək, Ordubad rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri bölgələrdə yaradılan muzeylərdə olub, buradakı eksponatlar haqqında ətraflı məlumat alıblar.
Turab Hacızadə