Aşıq Pəri məclisi Azərbaycan kəlağayısı gününü geniş konsert proqramı ilə qeyd edəcək - FOTOLAR
Noyabrın 26-da Aşıq Pəri məclisi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan kəlağayısı gününü geniş konsert proqramı ilə qeyd edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən məclisin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı deyib ki, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmin vaxtdan noyabrın 26-sı ölkəmizdə Azərbaycan kəlağayısı günü kimi qeyd olunmağa başlayıb.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.