Səhrada ekzotik səyahət həvəskarları üçün qeyri-adi otel: “Qəsr Əl Sarab” - FOTOLAR
Qərbin yağmurlu və soyuq havasından ayrılıb qızmar səhrada ekzotik səyahət etmək istəyənlər üçün Birləşmiş Ərəb Əmirliklərinin turizm şirkətləri qeyri-adi “Qəsr Əl Sarab” otelində istirahət təklif edirlər. Ucsuz-bucaqsız qum təpələrinin arasındakı lüks villalar, hovuzlar, zəngin menyusu olan restoranlar və spa xidmətləri hətta təcrübəli səyyahlarda da heyrət doğurur. Otelin divarlarının arxasında ən dəbdəbəli eksteryer və interyer dizaynı turistlərə ətrafdakı yeknəsəq mənzərəni unutdurur. Memarlar “Rub əl Xali” (ərəbcədən tərcümədə boş səhra) adlanan bu ərazidə əsl möcüzə yarada biliblər. Beşulduzlu otel Səudiyyə Ərəbistanın sərhədində - dünyanın ən böyük səhralığında süni cənnət vadisi də adlandırıla bilər.
NUHÇIXAN CNN telekanalının reportajına istinadla bu ecazkar məkanı oxucuların diqqətinə təqdim edir.
Gözqamaşdıran illüziya
“Qəsr Əl Sarab” otelinin tikintisi ideyası BƏƏ-də sürətlə inkişaf edən şəhərsalmanın fövqündə yaranıb. Memarlar hesab ediblər ki, burada turistlər üçün klassik ərəb səhrasında Dubayın dəbdəbəli otellərində olduğu şəraiti yaratmaq olar. Otelin tikintisi 2007-ci ildə başlayıb və istifadəyə verilən kompleksdə 154 otaq və 19 min hektar ərazidə 52 villa istifadəyə verilib. Bu kompleks günəş şüalarının parlaqlıq verdiyi səhranın ortasında işıqsaçan illüziya təsiri bağışlayır. Təsadüfi deyil ki, otelin adı da ərəbcədən “miraj” mənasını daşıyır.
Otel kompleksinin ətraf mühit və mədəniyyət tədbirləri üzrə nümayəndəsi Əmir Braik qeyd edir ki, “Qəsr Əl Sarab” bədəvilərin tarixi ilə bağlı ənənələri yaşadır. Burada BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın da villası olub. Turistləri hava limanından otelə helikopter vasitəsilə çatdırırlar. Səyahətçilər bərə yastıqlı nəqliyyat vasitələrinin köməyi ilə 7 kilometr ətrafda səhra gəzintisinə də çıxa bilərlər. Palma ağacları ilə əhatə olunmuş hovuzlarda üzmək isə qızmar havalarda xüsusi zövq verir.
Nəhayətsiz qum dənizi
Hovuzların arxasında nəhayətsiz qum dənizi mənzərəsi açılır. Şimal-cənub küləyi isə sərinlik gətirir. Bu, xüsusən otelin balkonunda daha yaxşı hiss edilir. Lakin ilin bəzi fəsillərində külək qum fırtınası yaradır və saatda 50 mil sürətlə əsərək ətrafı xəfif toz dumanına bürüyür.
Bütün bunlar otelin modern dizaynında nəzərə alınıb. Qum fırtınası zamanı ərazini təmizləmək üçün xüsusi avadanlıqlardan - ən müasir buldozer və maşınlardan istifadə edilir. Özəl villalarda olan hovuzları da qumdan təmizləmək üçün kiçik texnika alınıb. Çəmənlərin və güllərin də qumdan təmizlənməsi xüsusi maşınlar vasitəsilə həyata keçirilir.
Romantik ad günləri, bal ayı və toy şənlikləri keçirmək istəyənlər üçün də oteldə hər cür şərait yaradılıb. Lakin qumluqda hərəkət edən avtomobillərlə, yaxud piyada olaraq oteldən çox uzaqlaşmaq da məsləhət görülmür. Səhrada gəzmək üçün otelin özü xüsusi xidmətlər təklif edir.
Səhranın təbii gözəlliyinin qorunması
Ətrafdakı vəhşi təbiətin qorunub saxlanılması otelin konsepsiyasına daxildir. Burada dərin quyular qazıb su çıxarmaq üçün səy göstərilmir, içməli və hovuzların doldurulması üçün su kənardan gətirilir. Bundan başqa, sarı qumlar üzərində qaçan tülkü, ərəb antilopunun da çoxaldılması üçün tədbirlər görülür. Otelin qonaqlarına dəvə üzərində gəzinti, səhrada yürüş sandboard (qum üzərində xizəkçilik) və şahin uçurmaq kimi əyləncələr də təklif edilir. Xəfif toz sisi olduğu vaxt sürüşkən təkərlər üzərində səhrada gəzinti isə səyahətçilər üçün qum təpələri arasında sükunətli ab-hava yaradır. Ekskursiyanın kulminasiya nöqtəsi isə otelin “Toyota 4x4s” böyük maşınında açılan çay süfrəsidir. Turistlər ərəb şirniyyatı və ətirli çay süfrəsində ərafdakı dumanlı üfüqləri seyr edə bilərlər. Avtomobillərin təcrübəli sürücüləri qum fırtınası vaxtı da turistləri uzaq məsafədən otelə qaytara bilirlər. Onların kilometrlərlə məsafədə gəzinti üçün xüsusi marşrutları var.
Otel meneceri qeyd edir ki, turistlərin bir çoxu istirahət kompleksinin divarlarını tərk etmək istəmir. Onları səhrada azıb qalmaq ehtimalı, habelə ilan və əqrəblər qorxudur. Lakin “Qəsr Al Sarab” səyahətçilərin təhlükəsizliyini qorumaq üçün təminat verir. Buna baxmayaraq, bir dəfə avropalı turistlərdən ibarət qrup otel əməkdaşlarına məlumat vermədən Səudiyyə Ərəbistanın sərhədinə yollanıb və itkin düşüb. Onları mobil telefon siqnalları vasitəsilə tapmaq mümkün olub.