Mafiya ilə əlaqə quran və killer olan yük maşını sürücüsündən bəhs edən “İrlandiyalı” (The Irishman, 2019) dramı “Ən yaxşı” film nominasiyasında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatına əsas namizədlərdən biridir.
NUHÇIXAN xəbər verir ki, “Variety” jurnalının proqnozuna əsasən, irlandiyalı rolunu ifa edən Robert De Niro “Ən yaxşı birinci plan aktyoru”, bu filmdə rol alan Al Paçino isə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyalarına iddia edə bilərlər.
“Oskar” mükafatına mümkün namizədlər arasında, həmçinin rejissor Noa Baumbakın teatr rejissoru və onun aktrisa həyat yoldaşının əzablı boşanmasından bəhs edən “Nikah hekayəsi” (Marriage Story, 2019) dramı, rejissor Kventin Tarantinonun 1960-cı illərin Hollivudundan bəhs edən “Bir dəfə... Hollivudda” (Once Upon a Time... in Hollywood, 2019) dramı, həmçinin rejissor Qreta Herviqin ABŞ-da Vətəndaş müharibəsi illərində yaşayan dörd bacıdan bəhs edən “Kiçik qadınlar” (Little Women, 2019) filmi və rejissor Todd Fillipsin super-qəhrəman Betmenin əsas düşməni – “Coker” haqqında filmi (Joker, 2019) də var.
Jurnalın proqnozuna əsasən, Marin Skorseze (“İrlandiyalı”), Noa Baumbak (“Nikah hekayəsi”), Qreta Herviq (“Kiçik qadınlar”), Kventin Tarantino (“Bir dəfə... Hollivudda”), “Ağrı və şöhrət” (Pain and Glory, 2019) filminə görə Pedro Almodovar və Hitler ordusuna xidmətdən imtina etdiyi üçün edam edilən avstriyalı barədə “Məxfi həyat” (A Hidden Life, 2019) filminə görə Terrens Malik “Ən yaxşı rejissor” nominasiyası uğrunda mübarizə apara bilərlər.
Qeyd edək ki, Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatı nominantlarının irəli sürülməsi üzrə rəsmi səsvermə 2020-ci il yanvarın 2-də başlayacaq və yanvarın 7-də başa çatacaq. Yanvarın 13-də nominantların adları açıqlanacaq, laureatların müəyyən olunması üzrə yekun səsvermə isə yanvarın 30-dan fevral ayının 4-dək davam edəcək.