İstanbulun Miniatürk muzey-kompleksi - FOTOLAR
İstanbulun tarixi Haliç rayonunda yerləşən “Miniatürk” muzey-kompleksi antik dövrdən başlayaraq Roma, Bizans, Səlçuk və Osmanlı mədəniyyətlərinə aid bir çox tarixi abidələri özündə əks etdirir.
2001-ci il iyunun 30-da təməli atılan, Türkiyənin ilk miniatür parkı olan “Miniatürk” 2003-cü il mayın 2-də ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən təntənəli mərasimlə istifadəyə verilib.
NUHÇIXAN xəbər verir ki, zəngin memarlıq abidələrinin maketlərini bir araya gətirən məkan İstanbul Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən Mədəniyyət A.Ş. şirkəti tərəfindən yaradılıb.
“Böyük ölkənin kiçik modeli” adı altında fəaliyyət göstərən muzeydə 134 tarixi abidənin 1/25 kiçildilmiş modeli yer alır. Burada maketləri sərgilənən, Türkiyə və Osmanlı coğrafiyasının seçilmiş tarixi əsərlərindən 62-si İstanbulda, 59-u Anadoluda, 13-ü isə Türkiyə sərhədlərindən kənarda, vaxtilə Osmanlı İmperatorluğuna aid ərazilərdə yerləşir.
Ümumilikdə 60 min kvadratmetr ərazidə inşa edilən “Miniatürk” dünyanın en geniş maket sahəsinə sahib və ən qısa zamanda inşa edilən muzey-kompleksidir.
Maketlər Türkiyənin 10 və xaricdə yerləşən 3 emalatxanada hazırlanıb. Əsasını sənayedə istifadə edilən plastik təşkil edən əsərlərin hazırlanmasında açıq hava şərtlərinə uyğun materiallardan istifadə edilib.
Müxtəlif zamanların mədəniyyətlərinin izlərini birləşdirən məkanda eyni zamanda “Zəfər” və “Kristal İstanbul” muzeyləri, uşaqlar üçün oyun parkı və müxtəlif attraksionlar yer alır.
Türkiyə Respublikasının yaranmasının 80-ci ildönümü ərəfəsində, 2003-cü il dekabrın 25-də istifadəyə verilən “Zəfər” muzeyində Qurtuluş və Çanaqqala döyüşlərinin arxa və ön cəbhəsi canlandırılıb. Muzeydə türk millətinin ulu öndəri, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəkilləri də nümayiş etdirilir.
Lazer işıqları ilə işıqlandırılan, dünyanın ilk və tək kristal muzeyi olan “Kristal İstanbul”da isə xüsusi şüşə içində çəkilmiş İstanbulun tarixi abidələri sərgilənir.
Yerli və xarici turistlərin İstanbula səfərləri zamanı ilk görmək istədikləri yerlərdən biri olan “Miniatürk”, eyni zamanda qısa vaxt ərzində Türkiyənin tarixi yerlərini görmək baxımından da gözəl fürsətdir.