Oman xarici turistlər üçün cəmi 30 il əvvəl açılıb. Bu, ənənəvi turizm istiqamətləri ilə müqayisədə az bir müddətdir. Lakin ekspertlər qeyd edirlər ki, ölkəyə turist axını artır. Sultanlıq onları nə ilə cəzb edir? Omanın İslandiya ilə ortaq cəhəti nədir? Niyə Misirdən ötrü darıxanlar bu ölkəyə səyahət edə bilərlər?
NUHÇIXAN tourdom.ru resursuna istinadla bu suallara cavab verməyə çalışacaq.
Populyar ölkələrdən daha təhlükəsiz məkan
Bizim turistlər üçün hələ ekzotik məkan olan Oman sultanlığı 2019-cu ildə dünya ölkələrinin turistləri üçün ən təhlükəsiz ölkələrdən biri elan edilib. Dünya İqtisadi Forumunun versiyasına görə, bu ölkə İslandiya ilə birlikdə ilk iki pilləni bölüşərək fəxri ikinci yeri tutub. Reytinqin tərtibi zamanı cinayətkarlıq və zorakılıq, terror aktları ehtimalı, həmçinin polis xidmətinin fəaliyyətinin effektivliyi kimi ümumi göstəricilər nəzərə alınıb.
Burada nə siyasi, nə də dini zəmində münaqişələr yoxdur. Prinsipcə, cinayətkarlığın səviyyəsi də aşağıdır, ölkənin qonaqları üçün isə hər hansı cinayətdən söz gedə bilməz. Hətta əyalət şəhərlərində belə talan və oğurluqdan qorxmaq lazım gəlmir.
Əlçatan premium istirahət
Omanda xidmət qüsursuzdur və BƏƏ-nin otelləri səviyyəsindədir. Burada Ritz Carlton (Al Bustan Palace), Shangri-La, Chedi (LHW), Anantara, W Muscat, Kempinski kimi ən yaxşı dünya brendlərinin beşulduzlu otelləri var. Onların əksəriyyəti Məsqətdə yerləşir. Həm də qiymətlər uyğundur: beşulduzlu oteldə iki nəfər üçün birhəftəlik 579 dollara istirahət etmək olar.
Omana komfortla getmək asandır
Məsqət Beynəlxalq hava limanına birbaşa reyslər Emirates Airlines, Etihad Airways, Qatar Airways və digər məşhur aviaşirkətlər tərəfindən həyata keçirilir. Onların Azərbaycanda da təmsilçilikləri var.
Azərbaycanlı turistlər Omana vizanı sadələşdirilmiş qaydada əldə edirlər. Onu müstəqil şəkildə Oman polisinin omanvisagov.com. saytındakı viza səhifəsində almaq o qədər də çətin deyil.
Körfəzin ən tipik olmayan ölkəsi
Oman Körfəz regionunun təbiət etibarı ilə ən rəngarəng ölkəsidir. Burada əzəmətli dağlar və zirvələr, nəhayətsiz səhra və yaşıl vadilər, nəhəng hərəkətli yarğanlar, planetin ən hündür qum təpələri var. Sahildə isə səyahətçiləri 3 min kilometr bəyaz çimərliklər və palma ağacları gözləyir.
Oman Sultanı ekologiyaya böyük diqqət yetirir: sahilyanı zonalar dövlətin mühafizəsi altındadır, hər rayonun isə özünün milli parkı var. Burada nadir heyvan növlərini - antilop, nəhəng dəniz tısbağaları, ərəb bəbiri, zolaqlı çaqqal və kül şahinlərini mühafizə etmək mümkün olub.
Zaman və məkan səyahəti
Müasir infrastruktura və yüksək həyat tərzinə malik olan Oman ərəb məişətini də qoruyub saxlayıb. Burada bir gün ərzində zaman və məkan səyahəti etmək mümkündür: sübh vaxtı tacirlərlə Şərq bazarında alış-veriş etmək, axşamlar isə ən müasir ticarət mərkəzlərində şopinq və istirahət variantları mövcuddur.
Peyğəmbər Əyyubun Omanda dəfn edildiyi, çariça Savskayanın burada hökmranlıq etdiyi və Sindbadın öz əfsanəvi dəniz səyahətinə bu məkandan yollandığı hesab olunur. Bu səbəbdən ekskursiyalar olduqca məzmunlu və maraqlıdır. Turistlər əzəmətli məscidlər, saraylar, muzeylər, parklar və çoxsaylı əfsanələr və şərq nağılları ilə tanış ola bilərlər.
Sadəcə aktiv istirahətdən daha çoxu
Dayvinq üçün darıxanlar üçün Omana yollanmağın tam vaxtıdır! Bu aktiv istirahət növü bu ölkədə olduqca populyardır. Omanda sualtı üzgüçülük mərkəzi fəaliyyət göstərir. Burada həm peşəkarlara, həm də yeni öyrənən dayverlərə xidmətlər təklif olunur.
Bundan başqa, Omanda vindersfinq, su xizəyində sürüşmək, motosiklet və katamaranlarda gəzmək, balıq tutmaq, mağaraları tədqiq etmək və digər maraqlı xidmətlər təqdim edilir. Macəra həvəskarlarını isə səhrada safari, bədəvi məskənlərinə ekskursiya, səhrada kempinqdə gecələmə, Cebel Şəms dağına dırmanma təklif olunur. Sonunda isə okeanın sahilində, bəyaz qumlu çimərlikdə dincəlmək olar.
Kruiz incisi
Oman körfəzin girişində və ticarət yollarının kəsişməsində yerləşir. Oman körfəzi, Ərəb dənizi və Fars körfəzi ölkəni üç tərəfdən əhatə edir. Təəccüblü deyil ki, Oman bu akvatoriyanın kruiz incisi hesab edilir. Laynerlərdə dəniz kruizi az koloriti olan ölkələrlə müqayisədə bu ölkənin regionun incisi kimi xüsusiyyətlərini görməyə imkan verir.
Yadda saxlayın: hansı istirahət növünü istəyirsinizsə, onu Omanda tapa biləcəksiniz.