“Nəsimi ili”nə növbəti töhfə - “Nəsimi şeirinin leksik-semantik xüsusiyyətləri” - FOTOLAR
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Uzun illər yaradıcılıqla məşğul olan şair-qəzəlxan Ceyhun Möhübbinin “Gənclik” nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik səviyyədə nəşr olunan “Nəsimi şeirinin leksik-semantik xüsusiyyətləri” monoqrafiyasını da dahi Azərbaycan şairi İmadəddin Nəsinin 650 illik yubileyinə dəyərli töhfə hesab etmək olar.
NUHÇIXAN xəbər verir ki, kitabda Nəsimi şeiri leksik cəhətdən təhlil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri isə professorlar Fərahim Sadıqov və Qəzənfər Kazımovdur.
Kitabda yer alan fikirlər bir daha göstərir ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Müxtəlif dillərdə təqdim edilən şeirlər sənətkarın yaradıcılığının bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərdiyini əyani şəkildə sübut edir.
Kitabda bir daha vurğulanır ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olaraq, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətindən yoğurulan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilən ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Eyni zamanda, bu günlərdə şair-qəzəlxan Ceyhunun “Bülbülün fəqanı” kitabı işıq üzü görüb. Bu, oxuculara şairin ilk görüşüdür. Kitabda poetik ruhumuzun yaddaşı, ictimai-bədii əksliklər öz vəsfini müxtəlif rakurslardan ehtiva edir. Kitabdakı qəzəllərdə, poetik-dastanda günümüzün reallıqları geniş anlamda əksini tapıb.
Professor Məmməd Əliyev kitaba yazdığı rəydə deyir: “Azərbaycan qəzəlinin əsrlərdən bəri davam edib gələn ənənələri Bakı və Abşeron ədəbi mühitində nəyinki qorunub saxlanılır, yeni məzmun, poetik forma və üslub çalarları ilə inkişaf etdirilir. Özünün şeir yaradıcılığı, xüsusən, qəzələ olan məhəbbətinin ifadəsini yaradıcılığında əks etdirən şair-qəzəlxan Ceyhunun yaradıcılığı bu baxımdan diqqəti cəlb edir. Ziyalı ailəsində doğulub boya-başa çatmış Ceyhunun klassik Azərbaycan poeziyasının Nizami, Nəsimi, Xətai, Füzuli kimi sənətkarlarının yaradıcılığına sonsuz marağı, onun özünün də gözəl qəzəllər yazmansına gətirib çıxarmışdır. Ənənəvi mövzularla yanaşı, o, Azərbaycan qəzəlinə yeni çalarla gətirmiş, onu daha da zənginləşdirmişdir”.
İnanırıq ki, hər iki kitab şair-qəzəlxanı geniş oxucu kütləsinə daha yaxından tanıtmaqla yanaşı, onun mənəvi dünyası, sözə həssas münasibəti haqqında hər kəsdə dolğun fikir formalaşdıracaq.