Tar “oxuyur”, öyrədilir, yaşadılır...

A- A A+

“Oxuma tar, səni başa düşmür proletar”. Bu misralarda sovetlər birliyi dönəmində milli mədəniyyətimizə, minilliklərin süzgəcindən süzülüb gələn zəngin irsimizə, xalq yaradıcılığına düşmən münasibət təzahür etdirilirdi. Bizi biz edən, bir xalq kimi, millət kimi formalaşdıran dəyərlərimizi yaddaşlardan silmək, unutdurmaq üçün işlər gedirdi. Məqsəd isə olduqca aydın idi; millətimizin milli şüurunu məhv etmək, assimiliyasiyaya uğratmaq və beləliklə də tarixin qaranlıq səhifələrinə “dəfn etmək”. Qeyd edilən dövrdə milli mədəniyyətimizə, xalq sənətinə qarşı yönəlmiş genosid siyasətin hədəflərindən biri də xalqımızın qədim musiqi aləti olan tar idi...

Xalq təfəkkürünün formalaşmasında milli musiqimizin və bu musiqinin meydana çıxmasında bilavasitə rol oynayan musiqi alətlərinin böyük rolu olub. Tarixin 12 min il öncəsindən xəbər verən Qobustan qayaüstü rəsmlərində yer alan rəqs səhnələri, bu ərazilərdə aşkar edilən qaval daşları, müxtəlif arxeoloji qazıntılarda üzə çıxarılmış əşyaların üzərində bir sıra çalğı alətlərinin həkk edilməsi milli musiqimizin və musiqi alətlərimizin qədimliyindən xəbər verir. Kamança, tulum, tütək, qopuz (saz), balaban, zurna, nağara və bu kimi milli musiqi alətlərimiz xalqımızın qədim musiqi sənətinin formalaşmasında müstəsna xidmətlər göstərib.

Milli musiqi alətlərimiz içərisində tar isə, əlbəttə, xüsusi yer tutur. Səbəbsiz deyil ki, XX əsrin əvvəllərində milli kimliyimizi və təfəkkürümüzün yox edilməsinə yönəldilmiş məkrli siyasətin bir hədəfi də tarın yaddaşlardan silməsi idi. Belə ki, xalqımızın milli musiqi təfəkküründə xüsusi yer tutan tara “köhnəlik” damğası vurulur, “oxuma, tar”,- deyilirdi. Amma xalqımız öz dəyərlərini qorumağı bacardı. Xüsusilə də xalqımızın böyük oğlu, milli dəyərlərimizin, o cümlədən tariximizin, dilimizin böyük hamisi ümummilli lider Heydər Əliyevin respublikamızda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə bütün dəyərlər sistemimiz ətraflı şəkildə tədqiq edilməyə və elmi əsaslarla öyrənilməyə başlandı. Qeyd edək ki, Ulu öndərin milli musiqi sənətimizə, habelə milli musiqi alətlərimizə doğma münasibəti xalq çalğı alətləri ansambıllarında xüsusi yer tutan tarın da öyrənilməsinə və təbliğinə geniş imkanlar yaratdı.

XX əsrin 70-ci illərindən etibarən tar artıq musiqi məktəblərində, konservatoriyalarda geniş şəkildə öyrədilməyə, tədris edilməyə başlandı. Müstəqillik illərindən isə tar musiqi alətlərimizin şahı kimi bütün musiqi məktəblərində tədris olunur, gənclərə öyrədilir, bu alətin tədrisinə musiqi məktəblərimizdə geniş vaxt ayrılır.

Kəngərli rayonunda da milli musiqi alətlərimiz, o cümlədən tar aləti gənclərə sistemli şəkildə öyrədilir. Bunu Qıvraq qəsəbə və Çalxanqala kənd uşaq-musiqi məktəblərinin timsalında görmək mümkündür. Hər iki musiqi məktəbinin nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri şöbəsində tar alətinin uşaq və yeniyetmələrə öyrədilməsi təqdirəlayiqdir. Sevindirici haldır ki, hazırda Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbində iki müəllim 11, Çalxanqala kənd Uşaq Musiqi Məktəbində isə 3 müəllim 17 şagirdə tarın sirlərini öyrədir. Uşaq musiqi məktəblərində tara olan sevgi və bu alətin öyrənilməsinə şagirdlərin böyük marağı onu deməyə əsas verir ki, tar bu gün olduğu kimi gələcəkdə də milli musiqimizin inkişafına öz töhfəsini verəcək. İllər öncə Mikayıl Müşfiqin qələmə aldığı misralardakı kimi tar bu gün də “oxuyur”, öyrənilir, yaşadılır:

Oxu, tar! Oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar,bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?


Anar Qasımov
“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: