Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr 

A- A A+

«Şərur» adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır. Şumerlər «Ninurta tanrının hünəri» adlı əsatirdə «İlahi nizə»ni «Şərur» adlandırıblar. Əsatirin qısa məzmunu belədir: «Yeraltı dünyada Kur ölkəsində Asaq adlı qanadlı, qorxunc bir azman-nəhəng (əjdaha) yaşayırmış… Asaq ölüm saçan gözlərini bərəldir, Ninurta qorxub geriyə atılır. Şərur dilə gəlir: «Heç qorxma ! At məni quduz azmanın üstünə, mən onu məhv edəcəyəm». Ninurta Şəruru azmana doğru atır. Şərur azmanı ortasından dəlib keçir». 

Bu qədim əsatirə görə, «Şərur» sözünün mənası «nizə», yəni qara qüvvənin, şərin, pisliyin qənimi, «ilahi güc», «əzəmət», «qüvvət» deməkdir. Tədqiqatçı alim Arif Rəhimovun fikrincə, «Şərur» adı qədim elam-kassit tayfalarının dilində «Şeru» - «çöl», «düzənlik» mənasını verir. 

Yazılı tarixi mənbəmiz olan «Kitabi-Dədə Qorqud» dastanında da «Şərur» adına rast gəlinir. Dastanın onuncu boyunda («Uşun Qoca oğlu Səkrəyin boyu») göstərilir ki, «Üç yüz nəfər say-seçmə igid Şərukun (Şərurun) ucundan Göyçə dənizinə qədər yol gedirlər. Orada qələbə çalıb Əlincə qalasına dönürlər». Göründüyü kimi, «Kitabi-Dədə Qorqud» dastanında Şərurun ilkin adlarından biri kimi «Şəruk» göstərilib.

Tədqiqatçıların fikrincə, «Şərur» adının yaranması və mənşəyi qədim türk tayfası olan şumerlərlə sıx bağlıdır. Belə ki, Şumer şəhər-dövlətləri olan Ur və Uruq şəhərləri e.ə. III minillikdə qədim Mesopotamiyanın ən qüdrətli şəhər-dövlətləri idi. Bu şəhər-dövlətlərlə Azərbaycanın Cənubu və Şimalı arasında daha sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaranmışdı. Bu səbəbdən də ərazidə yaşayan qədim türk tayfaları (naxç və gərgərlər) bu ulu yurdu Şərur adlandırıblar. 

Diqqət edək: «Şərur» adı zaman-zaman dəyişərək Şəruk, Şəyruk, Şəril, nəhayət Şərur şəklinə düşüb. Göründüyü kimi, qədim Mesopotamiyanın Ur və Uruq şəhər adları Şərur və ya Şəruk adının ikinci komponenti ilə üst-üstə düşür. Şərurun qədim şumerlərlə sıx bağlı olduğunu sübut edən başqa bir mənbə arxeoloji abidələrimizdən aşkar edilmiş saysız-hesabsız maddi-mədəniyyət nümunələridir. 

Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Şərur ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarixi və mədəniyyət abidələri isə bu qədim yurdun türkçülük möhürüdür. Şərur ərazisində mövcud olan tarixi abidələrdən Havuş kəndi ərazisindəki Danaqalası, Gəlin qayası, Havuş mağarası, Axura kəndində Ağvantəpə, Hadıqayıb, Pisdər mağaraları, Tənənəm kəndində Qazma mağarası, Gümüşlü kəndində Qarasu qalası, Qız qalası, Aşağı Yaycı kəndində Yaycı qalası, Qız qalası, Dizə kəndində kurqanlar, Ovçular təpəsi, Oğlanqala kəndində Qalacıq arxı, Şahbulaq və Danyeri kəndlərindəki qalalar, Arpaçayı üzərində birtağlı Dədəli körpüsü, Zeyvə kəndində Daş heykəl və s. onlarla abidə keçmişimizi bu günə daşıyan tarixi yaddaşımız kimi maddi və mədəni həyatımızın güzgüsü rolunu oynayan incilərdir. Bu abidələr eramızdan əvvəl V-III minilliklərdən başlamış bizim eranın XVIII-XIX əsrlərinə qədər böyük bir dövrü əhatə edir.

Uzun əsrlər boyu bu qədim diyarın adı Şəril (Şəril eli, Şəril mahalı, Şəril çuxuru) kimi tarixi mənbələrdə çəkilir. Gözəl saz havacatları olan «Şərili», «Ağır Şərili» və «Orta Şərili» el aşıqlarının dilindən bu gün də düşmür. 

Azərbaycan çar Rusiyasının müstəmləkəsi olduğu dövrdə inzibati ərazi kimi Şərur diyarı İrəvan Quberniyasının Şərur-Dərələyəz uyezdinə daxil edilib. 1905-ci ildə Culfa-İrəvan dəmiryol xətti istifadəyə veriləndə rayon mərkəzindəki Şərur dəmiryol stansiyasının ərazisində bir neçə ev tikilib ki, burada da əsasən dəmiryolçu ailələri yaşayırdılar. 1924-cü ildə Pambıqtəmizləmə Zavodu tikildikdən və Maşın-Traktor Stansiyası yaradıldıqdan sonra burada əlavə bir neçə ictimai yaşayış binası da inşa olunub, rayon mərkəzi Cəlilkənddən Şərur dəmiryol stansiyasının yerləşdiyi əraziyə köçürülübər.  1930-cu ildə isə Şərur inzibati rayonu yaradılıb. Rayon mərkəzi getdikcə böyüyüb və 1948-ci ildə qəsəbə adını alıb. 

1930-cu illərin ortalarında rayonun adı dəyişdirilərək  Stalin rayonu adlanıb. 1964-cü ildən 1991-ci ilə qədər İliç rayonu adlanıb, 1991-ci ildən isə Şərur adı yenidən bərpa olunub.

Şərur rayonu ərazisində çoxlu sayda arxeoloji abidələr, o cümlədən qədim yaşayış yerləri, mağaralar, kurqanlar, nekropollar, qala divarları və başqa maddi-mədəniyyət qalıqları mövcuddur. Hazırda bu arxeoloji abidələrin bir çoxunda geniş qazıntı işləri aparılır. Tədqiq olunan qədim yaşayış məskənləri içərisində Qazma mağarası xüsusi əhəmiyyət kəsb edir. Tənənəm kəndində yerləşən bu mağara ən qədim insan düşərgəsi olaraq, Orta Paleolit dövrünə, yəni eramızdan 60-80 min il əvvələ aiddir. 

Dizə kəndi ərazisində yerləşən Ovçular təpəsi, Oğlanqala öz möhtəşəmliyinə və tikinti əzəmətinə görə daha çox diqqəti cəlb edir. 

Muxtar respublika ərazisi, o cümlədən Şərur rayonu özünün coğrafi mövqeyinə və zənginliyinə görə turizm baxımından əhəmiyyətli bölgədir. Son illər bölgəyə daha çox turistin cəlb olunması üçün əhəmiyyətli tədbirlər görülür. Təbii ki, Qazma mağarası, Ovçular, Oğlanqala, Aşağı Yaycı kəndi ərazisində olan və Uzunqaya dağ silsiləsi üzərində yerləşən Qızqalası və başqa möhtəşəm tarixi abidələrimiz də turistlərin marağını çəkir.  

Allahverdi Əsgərov
Ələkli kənd tam orta məktəbinin tarix müəllimi
“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: