Ərtoğrol Cavid irsinə dəyərli töhfə - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Ərtoğrol Caviddən bəhs edən “Ərtoğrol Cavid: taleyi və sənəti” kitabının təqdimatı olub.
Tədbirdə görkəmli pedaqoq, musiqişünas və rəssam Ərtoğrol Cavidin həyat və yaradıcılığından danışan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 18 aprel 2019-cu il tarixdə Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu “Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitab hazırlayıb. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.
Sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev kitab haqqında məlumat verib. Qeyd edib ki, iki bölmədən ibarət olan nəşrin birinci hissəsində filologiya elmləri doktoru Gülbəniz Babaxanlının, professor Hüseyn Həşimlinin, filologiya elmləri doktoru Azər Turanın, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın və başqa müəlliflərin Ərtoğrol Cavid irsinin tədqiqinə həsr olunan məqalələri öz əksini tapıb. İkinci bölmədə isə Cavidlər ailəsinə məxsus, o cümlədən ümummilli liderin Hüseyn Cavidin Naxçıvanda ucaldılan məqbərəsinin açılışı zamanı çəkilən fotoşəkilləri və Ərtoğrol Cavidin anası Müşkinaz xanım və bacısı Turan Cavidə yazdığı məktublar da yer alıb.
Sonra həmin institutun əməkdaşları Aytən Cəfərovanın və Nuray Bektaşinin kitab haqqında fikirləri dinlənilib.
Mədinə Rəhimli