Hələ çox gənc yaşlarında konservatoriyada oxuyarkən tələbə Fikrət Əmirov digər həmkarları ilə birlikdə müəllimi Üzeyir Hacıbəylini alqışlayarkən ağlına belə gəlməzdi ki, vaxt gələcək onun özünü də səhnədə təravətlə alqışlayacaqlar. Onun muğam mayasından yoğrulmuş əsrarəngiz musiqisi qısa zaman çərçivəsində xalqımızın mənəvi varlığının ayrılmaz bir tərkib hissəsinə çevriləcək. Milli ruhumuzun ən parlaq təzahürlərindən biri kimi dünyanı qarış-qarış gəzəcək, ecazkar musiqi dili ilə bütün dünyaya Azərbaycan kimliyini anladacaq.
1950-ci illərin sonu. Amerika Birləşmiş Ştatları məşhur dirijor Leopold Stokovski Fikrət Əmirovun “Şur” və “Kürd Ovşarı” simfonik muğamlarını artıq amerikalılara tanıda və sevdirə bilmişdi. Təsadüfi deyil ki, 1959-cu ildə ilk dəfə Amerikaya göndərilən SSRİ bəstəkarları arasında azərbaycanlı bəstəkar Fikrət Əmirov da var idi. Dmitriy Şostakoviç, Tixon Xrennikov, Dmitriy Kabalevski kimi böyük sənətkarların da təmsil olunduğu və cəmi 6 nəfərdən ibarət bu nümayəndə heyətinin ən gənc üzvü Fikrət Əmirov idi.
Əsərlərinin geniş şöhrəti Əmirovu özü yazdığı kimi dünyanın harasında olursa olsun xəyalən daim geriyə, bu musiqinin mayasının yoğrulduğu kökə, başlanğıca qaytarırdı. Kök isə Azərbaycanın qədim Qarabağ torpağı, onun füsunkar musiqi beşiyi Şuşadan başlayır. Fikrət Əmirovun atası məşhur tarzən və xanəndə Məşədi Cəmil Əmirov nəinki tarda habelə kanon, ud və pianoda gözəl ifa edirdi. 1907-ci ildə o, 32 yaşındaykən Şuşadan Gəncəyə köçür və burada yaşayır. 1922-ci ilin noyabrın 22-də balaca Fikrət dünyaya gəlir. Sonradan İstanbulda musiqi təhsili alan Məşədi Cəmil bəzi muğamları nota köçürmüş, hətta "Seyfəl-mülk" adlı muğam operası da bəstələmişdi.Təssüf ki, oğlunun böyük uğurlarını öz gözləri ilə görmək, bu uğurlara sevinmək Məşədi Cəmilə nəsib olmur, balaca Fikrət atasını 6 yaşındaykən itirir.
1938-ci ildə məhz Bülbülün təkidi ilə anası Fikrəti Bakıya Üzeyir bəyin yanına aparır. Fikrət Əmirov Üzeyir bəylə Bülbülün daim ona qayğı göstərdiklərini, onun bir sənətkar kimi püxtələşməsində əvəzsiz rol oynadıqlarını həmişə xüsusi vurğuluyardı. Qürurla biz hamımız Üzeyir məktəbindən çıxmışıq deyirdi. İkinci dünya müharibəsi F.Əmirovun da taleyindən yan keçmir. O, konservatoriyada təhsilini yarımçıq qoyub uzaq Voronej cəbhəsinə yollanır. Döyüşlərin birində ağır kontuziya alır. Mürəkkəb cərrahi əməliyyatdan sonra müalicə olunub, 1943-cü ildə ordudan təxris edilərək Bakıya qayıdır. Müharibə illərinin dəhşəti, yaxın dostların itkisi, şəraitsizlik və maddi sıxıntılar onu əsas işindən-musiqi bəstələməkdən usandırmır və konservatoriyada təhsilini daha həvəslə davam etdirir. İxtisas müəllimi, professor Boris Zeydmanın söylədiyinə görə, o, dövrdə Fikrət Əmirovun işləmək, yaratmaq həvəsi həqiqətən yüksək olub. Ağır müharibə illərində möhkəm bir dostluğun da təməli qoyulur. Maestro Niyazi və Fikrət Əmirovun sıx yaradıcılıq ünsiyyəti məhz bu illərdən başlayır. Əmirov musiqisinin milli ruhunu, onun özünəməxsusluğunu dərindən duyan Niyazi bu musiqinin ən gözəl təmsilçisi, yorulmaz təbliğçisi olubdur.
Maraqlıdır ömrü boyu müəllimlərinə dərin minnətdarlıq hissi bəsləyən Əmirovun özü heç vaxt müəllimlik eləməyib. Onun bütün həyatı yaradıcılıq axtarışlarında öz həmkarları arasında keçib. Ömrünün böyük bir qismi uzun illər idarə heyətinin katibi işlədiyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə bağlı olub. Həmkarları ilə yaxın ünsiyyət və yaradıcılıq rəqabəti yeni ideyalar, yeni planlar doğurub. Musiqisinin ona gətirdiyi böyük şöhrət isə Əmirovu bu işə daha da ruhlandırırdı. Xarici həmkarları onu Azərbaycan musiqisinin möcüzəsi adlandırırdılar. Vaxtilə məşhur rus bəstəkarı Dmitriy Şostakoviç Əmirov yardıcılığını belə səciyyələndirmişdi:“Əmirov nəhəng melodik istedada malikdir. Melodiya onun musiqisinin qəlbidir.”
1971-ci ildə Əmirov özünün yeni “Gülüstan Bayatı-Şiraz” simfonik muğamını tamamlayır. Bu əsəri “Şur” və “Kürd Ovşarı”nın yarandığı vaxtdan təqribən 23 illik bir zaman məsafəsi ayırır. Bu fakt zənnimcə bəstəkarın başqa bir mühüm xüsusiyyətini özünə qarşı tələbkar olmasını nümayiş etdirir.
1973-cü ildə Moskvada keçirilən VII Beynəlxalq Musiqi Konqresində məşhur dirijor Qennadi Rojdestvenskinin idarəsi ilə ilk dəfə ifa olunan “Gülüstan Bayatı-Şiraz” böyük marağa səbəb oldu. Əsər şərq mədəniyyətinə, şərq poeziyasına məftunluğun bariz təcəssümü idi.Bu dəfə bəstəkarı məşhur fars şairləri Sədi və Hafizin şeir dünyası ilhamlandırmışdı. Sədinin məşhur “Gülüstan”ı muğamın adıyla yanaşı onun ruhuna hopmuşdu. Bəstəkar əvvəlki muğamlardan fərqli olaraq burda simfonik partiyaya qadın səsini də daxil etmiş, muğam melodiyasını bir az da qabartmağa nail olmuşdu. “Gülüstan Bayatı-Şiraz” simfonik muğamının ilk dirijoru, görkəmli sənətkar Qennadi Rojdestvenski ilə Əmirovu köhnə dostluq telləri birləşdirirdi. Vaxtilə gənc Əmirovun bir sıra əsərlərinin ilk ifaçısı Rojdestvenskinin atası, uzun illər Bakıda çalışmış məşhur dirijor Nikolay Pavloviç Anosov olub. Əmirovun arxivində “Nizami” simfoniyasının maraqlı bir nüsxəsi var. Həmin nüsxə üzərində Anosov dirijor qeydləri aparıb. Tale elə gətirdi ki, bu ailə ilə dostluq ənənəyə çevrildi. 1964-cü ildə “Nizami” simfoniyasının yeni redaksiyasını və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamını dinləyicilərə ilk dəfə Qennadi Rojdestvenski təqdim etdi.
Fikrət Əmirovun ömür tarixçəsinə nəzər salanda adama elə gəlir ki, onun həyatı bir an belə musiqisiz, yaradıcılıqsız ötüşməyib. Bəstəkarın oğlu Cəmil Əmirov xatirələrində deyirdi: “Onun üçün musiqi həmişə birinci yerdə idi və bizim ailədə hər şey musiqiyə tabe edilmişdi. Anam Aidə xanım həyatını bütünlüklə atama həsr etmişdi. Mən hətta deyərdim ki, o olmasaydı atamın bir çox əsərləri də yaranmazdı. Hər səhər atamın çaldığı musiqi sədaları altında açılırdı”. Bəstəkarın övladları da sanki onun musiqi həyatının bir parçasıydı. Təsadüfi deyil ki, Əmirov ortancıl qızına özünün eyniadlı məşhur operasının baş qəhrəmanı Sevilin adını qoymuşdu. Mübaliğəsiz demək olar ki, məhz Əmirov musiqisi XX əsrdə şərq musiqi təfəkkürünə, şərq alət və janrlarına hədsiz maraq və nüfuz qazandırılmasında mühüm, bəlkə də başlıca rol oynayıb.Fikrət Əmirov yaxın ünsiyyətdə olduğu böyük türk şairi Nazim Hikmətin bir fikrini vurğulamağı çox sevərdi. “Əzizim, mən Avropaya heyranam, lakin fəxr edirəm ki, Şərqin oğluyam.” Türk, ərəb, fars mədəniyyətinə hədsiz marağı sayəsində də dahiyanə əsərlər yaradan Əmirov həqiqətən də əsl Şərq düşüncə və məfkurəsinə malik bir şəxsiyyət olub. Bu əsərlərdə Şərq eqzotik aləm kimi deyil, zəngin mənəvi sərvətlərə, güclü cazibə qüvvəsinə malik gözəllik daşıyıcısı kimi üzə çıxır. Ən başlıca bədii kəşfi olan simfonik muğamları bir sıra qərb mütəxəssislərinə Əmirovu yeni şərq simfonizminin yardıcısı kimi yüksək qiymətləndirməyə əsas verib.
Fikrət Əmirov dünyanın çox ölkəsini gəzmişdi. Hər yerdə də öz millətini, xalqını ləyaqətlə təmsil edirdi. Onun nəinki musiqisi, habelə maraqlı çıxış və məruzələri, çoxsaylı məqalələri qiymətli fikirləri ilə diqqəti cəlb edir. Bəstəkarı şərq musiqisinin keçmişi və gələcək inkişaf yolları çox düşündürürdü. Bu səbəbdən onun rəngarəng xarici səfərlər coğrafiyasında şərq ölkələrinin üstünlük təşkil etməsi heç də təsadüfi deyil.
Dəfələrlə Türkiyə, İraq, İran, Mərakeş, Misir, Suriya, Nepal və Hindistanda olmuş və bu ölkələrin musiqiçiləri, ifaçıları, sənətkarları ilə səmimi dostluq əlaqələri yaratmışdı. Böyük türk bəstəkarı Adnan Sayqun, İraqın görkəmli musiqi xadimi Mahir Uçala, Munir Bəşir, məşhur İran dirijoru və bəstəkarı Heşmed Zəncəri, alim və jurnalist Sinan Səid, Mərakeş bəstəkarları İdris Şəradi və Əbdürrəhman Fənişi ilə yazışmalar, görüşlər bəstəkarın dolğun həyatının vacib və zəruri bir hissəsiydi. Bütün bunlar onun iş dünyasında silinməz izlər qoyur, yaradıcılığını qidalandırır, unudulmaz xoş xatirələrə çevrilirdi.
Sirr deyil ki, Fikrət Əmirov yaşadığı sovet dövrünün bütün ən yüksək mükafatlarına layiq görülüb. SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və respublika dövlət mükafatları laureatı. Bu siyahını xeyli uzatmaqda olar, lakin bəstəkara ən başlıca mükafatı hər şeyi öz süzgəcindən keçirən ulu zaman özü verib. Əmirov musiqisi onun sınağından böyük ləyaqət və şərəflə çıxıb. Sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o, daim xalq musiqisindən bəhrələnib. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.
İllər ötür, bir-birindən maraqlı və yaddaqalan əsərlərinin sayı çoxalır. Bəstəkarın Şərqə vurğunluğu, onun bu sirli və cazibədar ailəmi irimiqyaslı baletdə əks etdirmək istəyini daha da gücləndirirdi. “Şur” simfonik muğamı və “Nəsimi dastanı” vokal xareoqrafik poemasının səhnə təcrübəsi nəhayət onu əsrarəngiz “Min bir gecə” nağılları əsasında eyniadlı balet yazmağa ruhlandırdı. “Min bir gecə”nin hər yeni tamaşası möhtəşəm bayram əhval ruhiyyəsi ilə qarşılanırdı. Baletin Moskvada, Kremlin Qrultaylar Sarayında nümayişi böyük mədəniyyət hadisəsinə çevrildi. Mətbuat bu baleti “yeni yüksək zirvə”, “parlaq şərq nağılı”adlandırdı. Şəhrizadın əfsanəvi nağılları musiqi və rəqsin dili ilə yeni və dolğun ədəbi bir həyata qədəm qoydu. Balet tezliklə keçmiş sovetlər ölkəsinin ən yüksək mükafatlarından birinə-SSRİ Dövlət Mükafatına layiq görüldü.
Son əsərinin müvəffəqiyyəti bəstəkarı yeni balet üzərində işləməyə ruhlandırmışdı. “Nizami” baleti üzərində iş çox sürətlə gedirdi.Bəstəkar artıq baletin klavirini də bitirmişdi.Amma ömür vəfasız çıxdı. Dahi bəstəkar 1984-cü ilin fevralın 20-də vəfat etdi. Onun həyatdan qəflətən köçməsi bütün musiqisevərlər üçün çox gözlənilməz oldu. Bu yerdə bəstəkarın musiqisini yazdığı kinofilmlərdən birini xatırlayıram: “Böyük dayaq”. Doğrudan da Fikrət Əmirov milli və professional musiqimizin böyük dayağıdır. Bu dayaq Fikrət Əmirovun ölməz musiqisidir ki, o bütün nəsillərə örnək olacaq. İnsanları daim mənəvi saflığa və vətənpərvərliyə səsləyəcək.
Nihad Bayramlı
Naxçıvan Televiziyasının baş redaktoru