Dilçilik elmimizə yeni töhfələr

A- A A+

Bu günlərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevanın “XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” və "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” adlı monoqrafiyaları işıq üzü görüb.

NUHÇIXAN xəbər verir ki, elmi redaktoru mərhum akademik, filologiya üzrə elmlər doktoru, professor Tofiq Hacıyev, rəyçiləri akademik Nizami Cəfərov, professorlar Elbrus Əzizov, Məmmədəli Novruzov, Məhərrəm Məmmədli olan hər iki monoqrafiya ali məktəblərin filologiya fakültəsinin müəllimləri, magistrantları, tələbələri, ümumilikdə dil tarixçiləri üçün nəzərdə tutulub.

Monoqrafiyalarda dildaxili yeni differensasiya, sabitləşmə, demokratikləşmə proseslərinin başlanğıc mərhələsi olan XVII əsr Azərbaycan ədəbi dil normalarının tarixi təkamülü izlənilir.

“XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” adlı monoqrafiyada dilimizin vokal və konsonant sistemi, leksik-semantik mənzərəsi müqayisəli təhlil yolu ilə araşdırılır.

Həmin dövrü təmsil edən dil materiallarını izləməklə tarixi orfoqrafiyamızın, imlamızın, eləcə də dilimizin fonetik prinsipləri üzə çıxarılır. Burada müəyyənləşdirilir ki, xəlqiləşdirməni mayalandıran canlı danışıq dilinin təsiri nəticəsində on yeddinci yüzillikdə klassik kitab dili öz ənənəvi çərçivəsindən çıxaraq, dili xəlqiləşdirməyə doğru istiqamətləndirilir. Elə bu yönləmə onun milliləşməsinə rəvac verir. Bununla yeni dildaxili proseslər leksik sistemdə də demokratikləşməyə öz təsirini göstərir. Belə ki, bu dövr ədəbi dilimizdə qeyri-ümumişlək ərəbizm və farsizmlərin dildən çıxma axını güclənir. Türkizmlər, eləcə də türkləşmiş ərəb və fars sözləri isə bir tərəfdən kəmiyyət çoxluğuna və intensivliyə imza atır, digər tərəfdən isə dildə oturaqlığını, yəni “yerini bərkidir”. Nəticədə XVII əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibi millilik baxımından yenidən təşkil olunur.

Müəllifin “XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyasında isə XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik normasında gedən demokratikləşmə üzə çıxarılır. İzahetmələrdə belə demokratikləşmənin getdiyi qeydə alınır. Burada həmçinin qrammatik sistemdə reallıq tapan “oğuz” və “cağatay” dil faktları paralelliyində oğuz elementlərinin aparıcılığı və sabitliyi dəqiqləşdirilməklə təsdiqlənir. Müasir Azərbaycan ədəbi dilinəqədərki yolu qət edə bilməyənlər üzə çıxarılır və onların normativləşməməsində ümumxalq dilinin rolu diqqətə çatdırılır, cümlə tirajları ekvivalentlik və fərqlənmələr fonunda təqdim olunur.

XVII əsr Azərbaycan ədəbi dil normalarının bütün dil yarusları üzrə ilk dəfə olaraq tədqiqata cəlb olunması dilçilik elmi üçün bir yenilik hesab edilir.

Qeyd edək ki, müəllifin hər iki monoqrafiyası Azərbaycan dilçilik elminin inkişafına dəyərli töhfədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: