Naxışnərgizin naxış tarixinə nəzər... - FOTOLAR
Ta qədimdən qız-gəlinlərimizin, ana-bacılarımızın əsas məşğuliyyət sahələrindən olan xalçaçılıq sahəsində zəngin ənənə formalaşıb və bu günümüzədək gəlib çatıb. Babək rayonunun əksər kəndlərində bu gün də xalça toxunmasına xüsusi fikir verilir. Onlardan biri də qədim yurd yerimiz olan Naxışnərgizdir.Bu kəndin naxış,ilmə yaddaşına birgə nəzər salaq.
Bu yurdun xalça ustaları tarixi ilmə-ilmə xalçalara həkk edib, öz məişətini, məşğuliyyətini,tarixini xalçalarda yaşadıb.Yerli sakinlərdən eşitdiyimizə görə o vaxtlar Naxışnərgiz kəndində bütün evlərdən həvənin, kirgitin səsi eşidilərmiş. Xalçaçılıq bu yurdun insanlarına öz ulularından qalan qiymətli bir mirasdır. Kəndin adının xalçaçılıqla bağlılığının maraqlı bir izahı var. Kəndin 80 yaşlı sakini İsmayıl Zamanov yaddaşında yaşayan dəyərli fikirləri bizimlə bölüşdü: “Bu kəndin əsl adı “Küskün” olub. Burada Nərgiz adlı bir xalça ustası yaşayıb. Onun toxuduğu xalçalar keyfiyyətinə, rəng çalarlarına, cizgilərinə görə seçilib.Nərgiz nənə toxuduğu xalçaların ipliyini yerli balbas cinsli qoyunların yunundan hazırlayar, onları cəhrədə əyirərmiş. Bu iplərə doğma yerlərin təbiətindəntopladığı güllərdən, çiçəklərdən rəng qatarmış. Xalçaçı qadın əl işinə fərqli ilmələr vurar, mürəkkəb çeşnili sənət əsəri yaradardı.Hətta onun toxuduğu xalçalardan biri o vaxtlar keçirilən mötəbər sərgilərin birində yüksək yer tutub, mükafat alıbmış.Ulu babalarımızın dediyinə görə, elə bu kənd də ətraf sahələrinin naxışlı-nərgizli olmasına və Nərgiz nənənin toxuduğu xalçaya görə Naxışnərgiz adlandırılıb”. Kənd müəllimi Əmrah Rzayev də qeyd edir ki, hələ qədim zamanlardan insanlar bu kənddə xalçaçılıqla məşğul olub, gözəl xalçalar toxunub.
Naxçıvan Muxtar Respublikası İpək Yolu üzərində yerləşdiyinə görə məhz bu ərazidə də xalçaçılıq sənəti sürətlə inkişaf edib, hətta Azərbaycan xalçaçılığında ayrıca Naxçıvan xalaçalarının məktəbi formalaşıb. Ordubad baramasının ipəyindən hazırlanmış xüsusi xalçalar dünyaca məşhur olub.
Naxışnərgiz kəndində el adətlərinə uyğun olaraq xalçalardan həm divar örtükləri, həm də yerləri döşəmək üçün məişət əşyası kimi geniş istifadə olunub. Hər bir ana ilk növbədə evdə böyüyən qız uşağına gələcəkdə cehiz vermək üçün xalça toxuyardı. Bu xalçaların ilmələri xüsusi olaraq göl, çay, su təsvirli olub, bu amil isə ətraf ərazilərdəki süni göllərin, çayların olması ilə əlaqədardır. Xalça onu toxuyan insanın qəlbinin, ruhunun təcəssümüdür.
Bu yurdun ilmə, naxış yaddaşı, dünənimizdən bu günümüzə salnamə kodu olan xalçaları üzərində Quba, Zeynəb nənə kimi ömrünü ilmələrə calayan yüzlərlə el sənətkarımızın barmaqlarının izləri yaşayır. Bu kəndin ən məşhur palaz, cecim ustalarından biri olan yaşı 80-i keçən, Quba nənə hələ gənc vaxtlarından xalçaçılıqla məşğul olub.Gözünü açandan anasını, nənəsini cecim, palaz, kilim toxuyan görüb.Elə o vaxtdan incə, zərif ilmələrin sehrinə düşüb. Öz qızları, gəlinləri də daxil olmaqla bu kənddəki qadınların çoxu məhz Quba nənənin toxuduğu xalçalardan, kilimlərdən çox şey öyrənib.O, uzun qış gecələrində necə həvəslə xalça toxuduğu o illəri xatırlayıb deyir ki, xalçatoxuma hazırlığına xüsusi bir dəmdəsgahla başlayardıq. Əvvəlcə öz təsərrüfatımızdan əldə etdiyimiz yunu yuyurduq, darayırdıq. Hələ payızdan cəhrədə əlçim-əlçim əyirib ip hazırlayardıq. Sonra ip kələfi boyaq çağını gözləyərdi. Elə ki iplər hazır oldu, hana qurular, qız-gəlin cəm olub başlayardıq xalçanı toxumağa. Hər bölgəmizin özünəməxsus, maraqlı ilmə,naxış növləri var. Naxışnərgiz kəndində toxunan xalçalar, kilimlər, cecimlər, palazlar həm naxış müxtəlifliyi, həm də rəng çalarlarına görə fərqlənir. Xalçaçıların dili ilə desək,bu kənddə “qarmaqlı”,“dırnaqlı”, “göllü” gəbələr məşhur olub.
Böyük əziyyət bahasına ərsəyə gəlmiş, min bir rəngli xalçaların usta toxucularından biri də hələ gənc yaşlarından düşüncələrini ilmələrə göçürən Zeynəb Zamanovadır.O, ilmə, naxış vurmağı, ipi necə əldə etməyi anasından öyrənib.Zeynəb nənənin toxuduğu “göllü” gəbənin, kilimlərin, palazların gözəlliyi dillər əzbəri olub. Elə toxuduğu xalçaları da anasının çeşniləri əsasında toxuyub.“-Xalça üzərində toxuduğumuz hər bir naxışın, işarənin öz təxəyyülümüzdə xüsusi mənası, anlamı vardı. Toxuduğumuz xalçalarda daha çox bitki, ağac təsvirlərinə üstünlük verirdik. Kəndimizin təbiətində gördüyümüz gülü, çiçəyi, bitkini toxuduğumuz xalçaya köçürürdük. Bu ,həm də bizdən əvvəl xalça toxuyanlardan qalan bir ənənədir. Bitki, yaşıllıq təsvirlərini bolluğun, bərəkətin simvolu kimi xalçalara həkk edirdik.Bir “göl”ü bitirib ardından ikinci “göl”ü açırdıq. Elə olurdu ki,bu göllərin sayı dördə, beşə çatırdı. Təxminən bir aya xalçanı başa çatdırırdıq. Gəbəni, kilimi toxumaq üçün bir neçə nəfərin köməyi lazım gəlirdi, amma “garbıtı” iki nəfərlə də toxumaq olurdu. O, nisbətən asan başa gəlirdi. Hərə bir naxışı salırdı. İlmələrin sayıyla işlədiyimiz üçün bir neçə adamın eyni anda işləməsinə baxmayaraq,quruluş pozulmurdu. Hər kəs vuracağı ilməni, toxuyacağı naxışı dəqiq bilirdi”, -bunları da Zeynəb nənə deyir.
Kənddə xovsuz xalça növlərindən sayılan cecim toxunuşu daha geniş yayılıb. Məlumdur ki, cecim yun, pambıq və keyfiyyətli ipəkdən əyrilmiş iplərdən toxunur. Onun strukturunu əriş və arğac ipləri təşkil edir. Əriş ipləri çox sıx dartılır. Rənglənməmiş arğac ipləri altdan və üstdən tarım çəkilir. Arğac ipləri əriş iplərinə nisbətən qalın olduğundan cecimin üzü qabarıq olur. O, əsasən üfüqi yer hanasında toxunur. Cecimin materialına görə “əmya”, texnikasına görə “Ladı-cecim”, “şəddə-cecim”, “yer cecimi”, məişətdə istifadəsinə görə “cecimi-parça”, “darayı cecim”, “həyatı cecim”, “qara cecim”, “qəlibli cecim”, “paltarlıq cecim” kimi növləri var. 70 yaşlı kənd sakini Nubar İbrahimova daha çox palaz, cecim toxumaqla məşğul olub. O deyir: “toxumağı anamdan, nənəmdən öyrənmişəm. Cecimi, palazı yer hanasında toxuyurduq. Adətən payızda toxumağa başlayırdıq ki, qışa vaxtında hazır olsun. Bizdə palazın “taxta palaz”, “gilandarlı palaz” kimi növləri daha çox toxunub. Gilandarlı o deməkdir ki, sadə palazdan fərqli olaraq bu palazlarda güllər toxunardı. Mən toxuduğum gilandarlı palazların güllərini heç bir yerdən götürməmişəm, öz zövqümə uyğun olaraq toxumuşam. Ona görə də həmin palaz mənə digərlərindən daha çox doğmadır, əzizdir. Onu göz bəbəyi kimi qoruyuram ”. El yaddaşı, xalq təfəkkürü barmaqlardan ilmələrə, naxışlara hopub. Belə yaranıb bu yurdun dillər əzbəri olan xalçaları. Ümumiyyətlə, bu kəndin insanları əməyə, zəhmətə bağlı adamlar olub. Təbii ki xalçaçılıq da əmək, zəhmət tələb edən bir sənətdir. Sənətə bağlı el sənətkarlarımız o qədər həvəslə, maraqla toxuyub ki, hətta bəzi nümunələr vaxtından əvvəl araya-ərsəyə gəlib, hazır olub. Bir vaxtlar kəndin məşhur xalçaçılarından biri olan Əfruz Zamanova da toxuduğu xalçalardan dəqiqliklə danışdı. Əfruz xanım gənclik illərinin izləri yaşayan bu xalçaların hələ də öz rəngini, keyfiyyətini itirməməsinin səbəbini iplərin boyanması ilə əlaqələndirib deyir ki, o vaxtlar üzərlik bitkisi ilə yaşıl yarpağı qarışdırıb yaşıl, lalədən isə qırmızı, mürəkkəbəbənzər rəng alırdıq. Əldə etdiyimiz boyaların tərkibinə zəy, sirkə kimi məmulatlar qatırdıq ki, boya yaxşı tutsun, keyfiyyətli alınsın.Yun iplərdən fərqli olaraq pambıq iplərin boyaqları ayrı olurdu. Çünki pambıq yunun, yun isə pambığın rəngini tutanda tez solar. Ona görə də hər növ ipin öz boyası olurdu. Mənim cehizim olan, gənclik həvəsi ilə toxuduğum bu xalçanı mən dəfələrlə yumuşam. Amma rəngini, boyasını itirməyib.Yaxşı yadımdadır, əvvəllər balaca uşaqları xalçanın üzərinə qoyardılar ki,xalçanın üzərində gəzdikcə,toxunduqca o boyalar, naxışlar onun yaddaşına hopsun. Biz xalça üzərində, xalça aləmində böyümüşük. Xalçaya bağlı olmağımızın səbəbi də bundan irəli gəlir.Bu gün də Naxçıvanda xalçaçılıq sənətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Xalça toxunması ilə bağlı sosial layihələr icra olunur. Əl əməyi, göz nuru olan xalçalar dövlət tərəfindən alınır. Üstəgəl, bununla bağlı son vaxtlar mühüm dövlət proqramları qəbul olunub. Bu isə zəngin mədəni və mənəvi irsin yaşadılmasına göstərilən diqqətin bir nümunəsidir.
Sahilə Məmmədova
Jurnalist
“Şərqin səhəri” qəzeti