Özbəkistanın nargis.uz portalında orta əsr İrəvan memarlığı ilə bağlı rus dilində məqalə yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, yazıda 1504-cü ildə Səfəvi hökmdarı Şah İsmayılın öz sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində qala tikməyi tapşırdığı yer alır. Qeyd edilir ki, yeddi il ərzində Zəngi çayının cənub-şərq hissəsində daş və kərpicdən möhtəşəm qala tikilir.
Məqalədə deyilir ki, qala xanın şərəfində əvvəl Rəvanqulu, sonra Rəvan və İrəvan adlanmağa başlanıb. Qala getdikcə böyüməyə başlayıb, yeni-yeni memarlıq abidələri, məscidlər, mədrəsələr, kitabxanalar, bazar kompleksləri, saraylar, yaşayış evləri tikilib. İrəvanda məscidlər o qədər çox olub ki, buranı minarələr şəhəri adlandırıblar.
Orta əsr İrəvan şəhəri ticarət yollarının üzərində yerləşdiyindən bura karvansaralar şəhəri də adlandırılıb. Şəhərdə Sərdar, Şeyx-ul-İslam, Dağlı, Sulu, Susuz, Hacı Əli, Gürcü, Culfa, Hacı İlyas və digər karvansaralar məşhur olub.
Yazıda bildirilir ki, İrəvan ermənilərin əlinə keçəndən sonra tarixi abidələrin, məscidlərin tam əksəriyyəti dağıdılıb. Göy məscid və daha bir neçə abidə saxlanılıb ki, bunları da fars abidəsi kimi təqdim ediblər. Ermənilər təkrarsız abidə olan İrəvan qalasını, Sərdar bağını dağıtdıqdan sonra yerində üzüm bağları salıblar.