NUHÇIXAN xəbər verir ki, “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinə yekin vurulub. Bu məqsədlə Naxçıvan Dövlət Uşaq Teatrında keçirlən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, rəqs sənətinin inkişafına göstərilən dövlət qayğısı muxtar respublikada kifayət qədər professional rəqs ifaçısının yetişməsi ilə nəticələnir. Bütün bu uğurların peşəkar ifaçılarla bərabər, qeyri-peşəkar rəqs ifaçılarının öz məharətlərini sərgiləyə biləcəyi genişmiqyaslı müsabiqələrin və konsertlərin təşkil edilməsinə imkan verir.
Vurğulanıb ki, “Ritmi hiss et, Sən də qatıl” rəqs müsabiqəsi bu ilin oktyabrından keçirilir. Müsabiqə seçim və əsas turlardan ibarətdir. Müsabiqədə iştirakçılar solo, duet, və kollektiv ifalar formasında qabiliyyətlərini nümayiş etdiriblər.
Qeyd edək ki, “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu 6 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında təşkil olunub. Bu turda münsiflər heyətinin qərarı ilə “Ən yaxşı geyim” nominasiyası üzrə Naxçıvan Musiqi Kollecinin “Buta” rəqs kollektivi, “Ən yaxşı duet” nominasiyası üzrə Babək Rayon Mədəniyyət Sarayının rəqs dərnəyinin üzvləri – Qurban Cəlilov və Sevgi Abdullazadə, “Ən yaxşı kollektiv” nominasiyası üzrə Naxçıvan Dövlət Universitetinin “Mahur” və Naxçıvan Tibb Kollecinin “Şərq ulduzları” rəqs kollektivləri, “Ən yaxşı müasir dünya rəqsi” nominasiyası üzrə Babək Rayon Kərimbəyli Kənd Mədəniyyət Evinin “Səbinə” rəqs kollektivi və Naxçıvan Musiqi Kollecinin “AEDO” qızlardan ibarət rəqs kollektivi, “Ən yaxşı milli rəqs” nominasiyası üzrə Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” və Babək Rayon Mədəniyyət Sarayının “Fatimə” rəqs kollektivləri qalib elan edilib.. Müsabiqədə muxtar respublika ərazisində yaşayan, təhsil alan və ya qeyri-peşəkar şəkildə fəaliyyət göstərən 170-ə yaxın şəxs, rəqs dərnəkləri, qrupları və həvəskar kollektivlər iştirak edib.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin tələbəsi Duyğu Əhmədovaya, Ordubad Rayon Vənənd Kənd Mədəniyyət Evinin “Vənənd inciləri”, Culfa Rayon Mədəniyyət Sarayının “Gülüstan”, Culfa Rayon Gülüstan Kənd Mədəniyyət Evinin “İnci” rəqs kollektivlərinə və Babək Rayon Kültəpə Kənd Mədəniyyət Evinin, Culfa Rayon Kırna Kənd Mədəniyyət Evinin, Sədərək Rayon Mədəniyyət Sarayının rəqs dərnəklərinə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edilib.
Kollektivlər müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.
Ərhan Novruzov