Noyabrın 28-də Moskvada “National Geographic Traveler” jurnalı tərəfindən təşkil olunan “National Geographic Traveler Awards 2019” müsabiqəsində Azərbaycan İtaliya və Böyük Britaniyanı qabaqlayaraq “Ən yaxşı ekskursiya istiqaməti” nominasiyası üzrə qalib seçilib.
Dövlət Turizm Agentliyindən NUHÇIXAN-a bildirilib ki, “Nat-geo.ru” saytı vasitəsilə onlayn səsvermə əsasında aparılan müsabiqədə 450 mindən çox insan iştirak edib.
Bu il iyun ayının 29-dan oktyabrın 31-dək davam edən səsvermədə ən populyar turizm növləri və ən yaxşı turizm istiqamətləri üzrə 24 nominasiya yer alıb.
Sayca 9-cu dəfə keçirilən müsabiqədə 50-dən artıq ölkənin turizm məhsulları və turizm istiqamətləri səsverməyə çıxarılıb.
Hər il keçirilən “National Geographic Traveler Awards” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin yeni səyahət marşrutlarının yaranmasını stimullaşdırır.
Məlumat üçün bildirək ki, “National Geographic Traveler” jurnalı “National Geographic Partners” korporasiyası tərəfindən Rusiya da daxil olmaqla, dünyanın bir çox ölkəsində dərc olunur və jurnalda səyahət mövzuları üzrə məqalələr dərc olunur.