Klassik irsimizin Mirzə Şəfi Vazeh zirvəsi
Mirzə Şəfi Vazehin anadan olmasının 225 illiyi tamam olur
NUHÇIXAN xəbər verir ki, əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vazeh dövrünün ən çox tanınmış dünya şöhrətli şairlərindən olmuşdur. Onun doğum tarixi tədqiqatçılar tərəfindən müxtəlif illəri göstərdiyindən (1792, 1794, 1805…) zənnimizcə, bu tarixləri ümumi şəkildə XVIII əsrin sonu XIX əsrin əvvəlləri kimi ifadə etmək daha doğru olar. Tarixi mənbələrdən aydın olur ki, Gəncədə Cavad xanın dövründə memar olmuş Kərbəlayi Sadığın ailəsində doğulmuş Şəfi ilk təhsilini mədrəsədə almışdır. Burada o, ərəb, fars dillərini, eləcə də şəriət elmlərini öyrənmişdir. Bununla yanaşı, Şərq poeziyasına maraq göstərmiş, onun bir çox nümayəndələrinin əsərləri ilə tanış olmuşdur. Şairin həyatı çətinlik, məhrumiyyətlər içində keçsə də, yaradıcılığının lirik-romantik səciyyəsi, ictimai-fəlsəfi məzmun və ideyası, milli-bəşəri mahiyyət kəsb etməsi sənətkar taleyinin parlaq şəkildə təcəssümüdür.
XIX əsrin əvvəllərindən başlayaraq Mirzə Şəfinin əsərləri dünya xalqlarının marağını çəkmişdir. “Mirzə Şəfi nəğmələri” ilk dəfə Almaniyada çap olunmuş və bundan sonra fransız, ingilis, italyan, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, macar, qədim yəhudi dillərinə tərcümə olunmuşdur. Həmin kitabın 300 dəfədən artıq çap olunması da o dövrdə qərb ölkələrində böyük əks-səda doğurmaqla yanaşı, Azərbaycan ədəbiyyatının təbliğində də böyük rol oynamışdır. Lakin tədqiqatçıların dediyi kimi, Mirzə Şəfinin Azərbaycan, fars dillərində yazdığı əsərlərinin böyük qisminin küll halında bizə gəlib çatmaması şairin yaradıcı taleyinin faciəsidir.
Mirzə Şəfi hələ mədrəsədə oxuduğu vaxtlardan yaşadığı dini-fanatizm mühitinə, riyakar, fırıldaqçı mollalara qarşı çıxsa da, onun gözünün açılmasında Gəncənin mədəni insanlarından olan Hacı Abdullanın təsiri böyük olmuşdur. Bu səbəbdən mollalar şairi həzm edə bilmir, ona düşmən münasibəti bəsləyirdilər. Elə buna görə də onun dolanışıq məqsədilə fəaliyyət göstərməsi çətinləşir. Amma buna baxmayaraq, Mirzə Şəfi bir müddət Cavad xanın qızı Püstə xanımın binagüzarlıq və yazı-pozu işlərini idarə edir, lakin 1826-cı ildə İranla Rusiya arasında başlayan müharibə, İranın Gəncəni işğal etməsi işlərini yarımçıq qoyur. Bundan sonra o, Hacı Abdullanın köməkliyi ilə məsciddə hücrələrin birində müxtəlif kitabların üzünü köçürməklə güzəran edir. Az keçmir İranda artıq litoqrafiyadan istifadə olunduğundan kitabın əl ilə köçürülməsinə ehtiyac qalmır, beləliklə, şair ərəb və fars dillərində fərdi qaydada dərs deməklə məşğul olur.
Otuzuncu illərdə Mirzə Şəfinin gənc Mirzə Fətəli Axundovla tanışlığı, qəflətdə olan Fətəlinin gözünün açılmasına, dünygörüşünün yenilənməsinə böyük təsir göstərir. Onların arasında dostluq əlaqələri yaranır. Sonralar Mirzə Fətəli Axundov yazacaqdı: “Mən atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib məstəliq yazısının (hüsnxətt) məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?”. Təəccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!”. Mirzə Şəfinin M.F.Axundova təsiri bundan sonra onun maarifpərvər ziyalı, yazıçı, dramaturq kimi yetişməsində özünü parlaq şəkildə göstərdi…
Mirzə Şəfi Vazehin əmək və yaradıcı fəaliyyəti Gəncədən başlasa da o, öz şəhərində dolanışıq və rahatlıq tapmayanda Tiflisə gedib. 1840-cı ildə Tiflis qəza məktəbində Şərq dilləri üzrə müəllim işləyib. Tiflis mühiti Mirzə Şəfinin dünyagörüşünə, bədii yaradıcılığına öz təsirini göstərib. O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan bu şəhərdə şair dövrünün görkəmli maarifpərvər şəxslərindən M.F.Axundov, A.Bakıxanovla dostluq münasibətləri yaradır. Eləcə də alman səyyahı, rus, Şərq poeziyasının tərcüməçisi, şərqşünas Fridrix Bodenştedtlə də tanış olur, onunla yaradıcılıq münasibətləri qurur. F.Bodenştedt şərq dillərini mükəmməl öyrənmək üçün Mirzə Şəfidən dərs alır. Bu barədə alman səyyahı sonralar qələmə aldığı xatirələrində Mirzə Şəfi ilə dostluq münasibətlərindən bəhs edərək, yazırdı ki, “mən səyahətdən qayıtdıqdan sonra Mirzə Şəfi özünün şeirlər külliyyatını mənə bağışladı”. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən bəhs edərək qeyd edirdi ki, həmin dəftərlər şairin tatar (Azərbaycan) və fars dillərində yazdığı nəğmələrdən ibarət idi... Bu fikirlərə, eləcə də M.Ş.Vazeh haqqında müəyyən bilgilərə, məlumatlara şairin “Nəğmələr” kitabına (2004-cü il nəşri) “Ön söz” yazmış Zahid Orucovun məqaləsinə istinad etməyimiz tədqiqatçının araşdırmalarında (səhih mənbə olaraq!) bu və ya digər məsələlərə aydınlıq gətirdiyinə inamımızdan yarandı.
Mirzə Şəfinin yaradıcılığından bəhs edərkən, bir qədər əvvəldə adını çəkdiyimiz F.Bodenştedtin şairlə yaradıcı əlaqələrinə və onun şeirlərinə münasibətindən danışmaq da özünün zəruriliyini doğurur. Mənbəyə müraciət edək: “XX əsr rus və Azərbaycan ədəbiyyatşünaslığında müəyyən edilmişdir ki, Almaniyada Bodenştedt tərəfindən “Mirzə Şəfi nəğmələri” və “Mirzə Şəfi irsindən” adlı kitablarda dərc edilən və XIX əsrin 70-ci illərində Mirzə Şəfinin ölümündən sonra Bodenştedtin öz adına çıxmaq istədiyi şeirlərin demək olar ki, tam əksəriyyəti Mirzə Şəfiyə məxsusdur.
Qeyd etmək lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai-fəlsəfi fikirlərinin öyrənilməsi sahəsində ədəbiyyatşünaslardan Ə.Ə.Seyidzadə, S.Mümtaz, E.Enikolopov, professorlarımızdan M.Rəfili, F.Qasımzadə, H.Hüseynov, M.Qasımov və akademik A.Makovelskinin xüsusi xidmətləri olmuşdur (Z.Orucov)”.
M.Ş.Vazehin əldə olunmuş orijinal şeirlərinin çox hissəsini məhəbbət lirikası, sevgi motivləri təşkil edir. Bu şeirlərində o, sevgiyə ötəri hisslər kimi baxmır. Mirzə Şəfiyə görə məhəbbət insana həm də ədəb, mərifət öyrədir, gözündə həyatı gözəlləşdirir, qəlbində xoş duyğular yaradır. Onun bir çox şeirləri, nəsihətamiz və tövsiyə xarakteri daşıyır. Qəlbi insana sevgi, gözəllik hissi ilə çağlayan müdrik şair həyatda gözüaçıq olmağı, həqiqətə söykənməyi, yalandan, riyadan uzaq durmağı, yaxşı əməllərlə həyatda iz qoymağı insanlara tövsiyə edir. Qadınlara nəcib hisslərlə yanaşan, onları qaranlıq mühitdən çıxarmağa çalışan şair bu zərif çiçəklərə müraciət edərək yazır:
Tulla gəl çadranı… görünsün üzün
Gül də gizlədərmi de bağda özün?
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
… Aç qara gözünü, çadranı tulla!
Həyatda cəsur ol, yaşa qürurla.
Xalqın hələ avamlıq və savadsızlıq girdabında boğulduğu, qaragüruhçu mühitində məhv olduğu bir vaxtda şairin şeirlərində azadlığa təşnə bir ürək çırpınırdı. O, fikirlərini, odlu istəyini sərv ağacının obrazında belə ifadə edirdi: “Azadlıq rəmzidir şux sərv ağacı, Əyilib budağı toxunmaz yerə, Ardınca cəzb edib o nəzərləri, daima ucalar nurlu göylərə…”. Şairin tədqiqatçılar tərəfindən aşkar olunmuş qəzəl, müxəmməs, məsnəvi, rübailərində sevgi motivlərinin təsviri, dövrün eybəcərliyini ifşa etməsi, insana, onun arzularına ehtiramının ifadəsi M.Şəfinin istedadının, bədii duyumunun ecazı ilə diqqəti cəlb edir. Şair, şeir əvəzinə boşboğazlıq edən, mənasız və məntiqsiz fikirlər yazan, qafiyəpərdazlıqla məşğul olan “şairləri” də cəsarətlə tənqid və ifşa edir. Şair dini-fanatizmə qarşı həmişə mübarizədə olub, insanın mənəvi saflığına, ucalığına münasibəti isə hər zaman səmimiyyətini, sevgisini ifadə edib.
Həyatda həqiqi olan nə varsa, Mirzə Şəfi ona bağlı olub, ondan güc alıb. Qəlbinin aynasında əks olunan həqiqəti görməyi, işığına tapınmağı xoşbəxtlik sanıb. Nəsihətamiz şeirlərində qəlbinin səsini dinləyən şair özünə xitabən tövsiyə edir, haqqa, həqiqətə işıq, ümid dolu nəğmələr qoşur. Burada mütləqdir deyək ki, şairin poetik düşüncələri ümumən bəşər övladının taleyini düşünməyə, duymağa yönəlir.
Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi!
Uca tut daima arı, şərəfi.
Həqiqət bir şeydir gözəllik ilə,
Olarmı, gözəllik gəlməsin dilə?
Cəzadan, təqibdən olmaqçün uzaq,
Bəzən sözlərini söyləmə çılpaq.
Asta ol, özünü daim gözlə sən,
Acı sözünü də, de xoş sözlə sən.
M.Ş.Vazeh həyatında çox çətinliklər, acılar yaşamış, bu səbəbdən də əhvalının təlx çağlarında öz hücrəsinə çəkilərək pəjmürdə halını təsvir etməyə çalışmışdır. Yazmış ki: “Nə gülməyə bir həvəsim, nə söhbətə meylim, Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış. Nə səbir etmək qüdrətim, nə ah çəkmək qüvvətim var. Canım dodağımda, gözüm yollardadır”. Elə burdaca qeyd etmək yerinə düşür ki, ustadın təkcə “Nəğmələr” kitabındakı alman dilindən tərcümə olunmuş şeirləri, eləcə də orijinal əsərləri – qəzəl, rübailəri Mirzə Şəfinin söz-fikir-rənglər dünyasından bəhs etməyə, şəxsiyyətini duymağa müəyyən mənada imkan yaradır. Lakin çox təəssüf ki, M.Ş.Vazehin əldə olan bu orijinal və tərcümə əsərləri şairin ictimai-nəzəri görüşlərini bütün incəliyi və dolğunluğu ilə açmağa yetmir. Yəni bu əsərlərdən əxz etdiyimiz ideya-məzmun, əlimizə çatmayan əsərlərində daha dərin, daha bitkin, dolğun fikirləri doğura biləcəyini düşünməyə əsas verir.
Bütün bunlara baxmayaraq, Mirzə Şəfi Vazeh özündən sonra böyük bir məktəb qoydu və bu məktəbin yetirmələri, davamçıları – M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir… kimi mütəfəkkirlər onun əsərlərində ifadə etdiyi mətləbləri öz yaradıcılıqlarında yeni düşüncəylə inkişafa apardılar.
Mirzə Şəfi Vazehin lirik-romantik, mübariz, döyüşkən ruhlu əsərlərinin, azadlığa, yeniliyə səsləyən şeirlərinin mövzusu və ideyası bu gün də aktualdır, müasirdir.