Təkrarsız həndəsi naxışları, zərif zövqləri olan Gülüstan türbəsi!
Tarixə şahidlik edən bu abidə xalqımızın baş ucalığı, ulu yurdun bənzərsiz sənət incilərindən biridir.
Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən XII əsr Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri olan, böyük Əcəmi Əbubəkir oğlu Naxçıvaninin memarlıq məktəbinin yadigarlarından sayılan dünya əhəmiyyətli Gülüstan, Naxçıvan torpağında Möminə xatın, Yusif ibn (oğlu) Küseyir, Qarabağlar türbələri ilə yanaşı adı çəkilən nadir sənət nümunələrindən biridir. Bir-birini tamamlayan, bir-birinə arxa duran bu məğrur abidələri yada saldıqca, həqiqətən də, yurdumuzu qoca Şərqdə ən zəngin abidələr ölkəsi, alınmaz qalalar məskəni kimi dəyərləndiririk.
Gülüstan türbəsinin qənşərində çağlayan Xan Araz daha cazibədar görünür. Arazın ayna suları göz oxşayır, könüllərə rahatlıq bəxş edir. Arazın sol sahilində Gülüstan adlanan gül-çiçəklə bəzənmiş gülüstana dönən bu yer diqqətimizi cəlb edir.
Tarixi faktlardan aydın olur ki, yurdumuzda ucaldılan türbələrin böyük əksəriyyətini el içindən çıxmış ulu yurdun usta və memarları tikiblər. Dövrümüzə qədər gəlib çıxmış bu əvəzsiz sənət əsərlərində babalarımızın düşüncəsi, alın təri, əllərinin qabarları hopub qalıb. Heç şübhəsiz, Gülüstan türbəsi də bu cür zəhmətin bəhrəsidir. Gülüstan türbəsi tarixə şahidlik edən digər memarlıq nümunələri kimi əsrlərin keşməkeşinə sinə gərərək naxışlanmış daşlarla ulu tariximizin əbədiləşmiş heykəlini xatırladır. Gülüstan türbəsinin mənalı görkəmində bir gözəllik, mehribanlıq duyulur. 800 ildən çox yaşı olan, əsasən yonulub naxışlanmış yerli daşlardan tikilən bu abidəyə indi yeni həyat verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli-mənəvi dəyərlərimizi özündə yaşadan, qədim yurdumuzun əvəzsiz memarlıq incilərindən olan bu abidəyə ikinci ömrün verilməsi muxtar respublika sakinlərinin, o cümlədən abidəni ziyarət edən hər kəsin sevincinə səbəb olub. Gülüstan türbəsinin ətrafında abadlıq işlərinin aparılması da insanların bu tarixi sənət nümunəsinə marağını xeyli artırıb. Tariximizin nadir incilərindən sayılan Gülüstan türbəsinin bərpası eyni zamanda rayonumuzda turizmin inkişafına təkan verib.
Öz memarlıq üslubu, ornamentlərinin müxtəlifliyi, naxışlarının rəmzi məna daşıması ilə seçilən Gülüstan türbəsi qədim Azərbaycanın qülləvari tikilən abidələrindəndir. Türbənin sərdabəsi yerüstü hissədə yerləşir. Orijinal üslubda tikilmiş türbənin səthi oyma həndəsi ornamentlərlə bəzədilib. Türbənin burma ilə haşiyələnmiş yuxarı hissəsinin küncləri daşa həkk olunmuş mürəkkəb həndəsi ornamentlərlə doldurulub. Əcəmi Əbubəkr oğlu Naxçıvani sənətkarlığının yaratdığı diqqətəlayiq abidələrindən olan həndəsi naxışlı Gülüstan türbəsi mənəvi mədəniyyətimizin öyrənilməsində əvəzsiz xəzinələrdəndir.
Hər daşı, hər naxışı tarixin dərinliklərindən soraq verən memarlıq abidələrimiz ulularımızın bizə ən böyük əmanəti, yadigarıdır. Bu əmanəti, bu yadigarları qorumaq, gələcək nəsillərə çatdırmaq hər bir vətən oğlunun vətəndaşlıq işi, əsas amalı olmalıdır.
Yurdumuzun bir çox abidələri, toponimləri, sənət inciləri kimi, "Gülüstan" türbəsi haqqında da el arasında bir sıra əfsanələr yaranmış, nəsildən-nəslə keçərək bu günə qədər çatıb.
Babam söyləyirdi ki, bu ağır eldə Gülüstan adlı bir gözəl olubmuş. El-obada çoxları Gülüstanın eşqinə düşüblər. Başqa elin igidləri də Gülüstan sevdası ilə at minib, qılınc-qalxan gəzdiriblər. Gülüstan isə Araz adlı bir oğlana könül verib. Araz da igidlikdə tayı-bərabəri olmayan igid idi. O, sərt qayalarda şirlə, pələnglə pəncələşməkdən, mağaralarda dağ ayısı ilə döş-döşə vuruşmaqdan qorxmazdı. Eldə-obada qeyrətlə dolanardı. Məclislərdə böyüyün, kiçiyin yerini bilər, hər kəsə ehtiram göstərərdi Araz.
Bir qürub çağı boz dağlardan qalxan qara bulud el-obanı bürüdü, qara xəbər gətirdi. Düşmən yurda hücuma keçmişdi. Hamı silaha sarıldı. El ağsaqqalları igidlərə uğur dilədi. Ağ atın belindəki igid Araz qartala oxşayırdı.
Gülüstan Arazın arxasınca boylandı, çöhrəsinə qüssə qondu. İgidlər yeridilər düşmən üzərinə. Ağrıdağdan, Qızılgədikdən qovub çıxartdılar namərdləri. Araz "Hər şeydən uludur vətən sevgisi" demiş və düşməni daha amansızlıqla təqib etmişdir. Döyüşərkən silahlarından ayrı düşmüş və sinəsindən yara almışdı. Qanlı vuruşdan sonra obaya qələbə müjdəsi çatdı. İgidlər geri dönərkən Arazı onların arasında görməyən Gülüstan allı-güllü paltarını geyib çayın sahilinə gəldi. Gülüstan səhərəcən onu gözlədi. Lakin Araz gəlib çıxmadı. Ürəkdən ah çəkə-çəkə, zülfünü şanalaya-şanalaya bir bayatı söylədi.
Əzizim Gülüstanın
Yurd yeri Gülüstanın
Qurban getdi Arazım
Saç yoldu Gülüstanın.
Gözlərindən axan yaş hər tərəfi suya döndərdi, suyun əhatəsində bir parça allı-güllü yer qaldı.
Çox keçmir ki, igid Araz at belində yaralı halda qayıdır. Yaralı atını, qana bulaşmış yəhərini bir tərəfə atıb yorğun baxışlarla onu qarşılayanların içərisində Gülüstanı axtardı. Sual dolu baxışlarla ətrafı gəzən Araza heç kimsə cəsarət edib bir söz deyə bilmədi.
Çox axtardı Araz.... Nəhayət, gəlib gül-çiçəyin arasında rəngi solmuş sevgilisini ölmüş gördükdə yasa batdı Araz.
Könlüm quşu uçdu hey,
Çovğunlara düşdü hey.
Mən çatana dözmədi
Bu dünyadan köçdü hey.
Araz Gülüstanı torpağa tapşırıb, gecə-gündüz onun keşiyində dayanırmış. Qəbri üzərində bir məqbərə ucaltdıqdan sonra yoxa çıxır. İnsanlarda belə bir deyim formalaşır ki, Araz çiçəklərin ləçəyində, güllərin ətrində, bülbüllərin naləsində mahnıya dönüb. Vətən torpağını dolanır, çaya çevrilib gecə-gündüz Gülüstana həzin mahnılar oxuyur. Eşqinə sadiq, əməli müqəddəs olub Arazın.
Söylənilən bu əfsanənin təsirindən ayılanda biz də Arazın laylanı xatırladan nəğməsini eşitdik. Sanki Araz çayı igid Arazın nəğməsini oxuyurdu. Gülüstan türbəsi isə məğrur-məğrur Arazın yaxınlığında dolanıb gələcəyə ümidlə baxırdı.
Xalqımızın keçmişini özündə yaşadan, milli-mənəvi dəyərlərini, düşüncəsini əks etdirən Gülüstan türbəsi haqqında səslənən bu əfsanə əzizləyə-əzizləyə, sevə-sevə daşı daş üstünə qoyub Gülüstan türbəsini inşa edən ulularımız keçmişlə gələcək arasında körpü salmaq ümidi ilə bu cür neçə-neçə sənət incisi yaradıblar. Hər daşı bir türk oğlunun qanı bahasına qorunmuş, gələcək nəsillərə çatdırılmış bu tarix ulularımızın bizə əmanətidir.
Xalqımızın keçmişini özündə yaşadan, milli-mənəvi dəyərlərini, düşüncəsini əks etdirən Gülüstan türbəsi haqqında səslənən bu əfsanə yurdumuzun ölməz abidəsinə sığınaraq yaşayıb, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçə-keçə insan xəyalı, düşüncəsi ilə bəzənib, zənginləşib və kamil bir əsərə çevrilibdir.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti