Milli dəyərlər hər bir xalqın milli mənliyini formalaşdıran əsas meyardır. Bu dəyərlərin isə yaradıcısı xalqdır. Məişət, dünyagörüş, düşüncə, milli ruh, geyim, kulinariya, yaşayış tərzi və sadalamaqla bitməyən, minilləri əhatə edən inkişaf yolu keçən milli dəyərlərimiz xalqımızın ən böyük sərvətidir. Bu ucu-bucağı görünməyən, heç bir çərçivəyə sığmayan sərvəti qorumaq isə hər bir vətəndaşın borcudur.
Milli dəyərlərin yaşadılması, qorunması, təbliği və gələcək nəslə çatdırılması işində mədəniyyət evlərinin və klubların fəaliyyəti danılmazdır.
Culfa rayon sakinlərinin mədəni tələbatlarının ödənilməsi sahəsində rayon Mədəniyyət Sarayının xüsusi rolu vardır. Burada fəaliyyət göstərən “Çeşmə” instrumental ansamblı daim repertuarını yeniləyərək rayon ictimaiyyəti qarşısında çıxışlar edir.
Həmçinin milli rəqslərin yaşadılması, uşaq və yeniyetmələrə aşılanması məqsədilə “Rəqs” dərnəyi də yaradılıb.
Culfa şəhər klubunda “Dram”, “Toxuculuq”, “Folklor” və “Qızıl əllər” dərnəyi fəaliyyət göstərir.Dram dərnəyi keçirilən tədbirlərə səhnəciklər hazırlamaqla bərabər, muxtar respublikada keçirilən müsabiqələrdə də fəal iştirak edir.
Dram dərnəklərinin fəaliyyəti daim diqqətdə saxlanılıb. Bu ilin iyun ayında mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən Üzeyir Hacıbəyovun “O, olmasın, bu olsun” operettası hazırlanıb və rayon ictimaiyyətinə təqdim edilib. Culfa şəhər klubunun “Haçadağ” dram dərnəyi pantomim janrında hazırladığı tamaşa ilə Naxçıvan şəhərində keçirilən “Yaradıcı gənclər festivalı”-nda teatr sahəsi üzrə birinci yerin qalibi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən həmin dərnəyin üzvü Duyqu Əliyevanın adı incəsənət sahəsi üzrə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”-na yazılıb, ona xüsusi təqaüd təyin edilib.
Yallı xalqımızın ən qədim rəqslərindəndir. Bu milli “xəzinənin” yaşadılması və təbliğ olunması çox vacib məsələdir. Hal-hazırda Milax və Bənəniyar kənd mədəniyyət evlərində həm böyüklərdən, həm də yeniyetmə və uşaqlardan ibarət yallı kollektivi fəaliyyət göstərir.
Qədim musiqi alətlərinin, xüsusən də zurna, balaban, çilik nağara kimi alətlərimizin qorunması sahəsində Saltaq kənd mədəniyyət evinin kollektivi fəallıq göstərir. Kollektiv milli musiqimizi ifa etməklə yanaşı rayonda olan yallı kollektivlərini də müşayiət edir.
Rayonda uşaq folklorunun yaşadılmasında Camaldın kənd mədəniyyət evinin də xüsusi rolu vardır. Uşaqlardan ibarət kollektivin repertuarını “Lolo”, “Bəri bax” mahnıları, “Qazlar, ördəklər”, “Ocaq yandı, su qaynadı” kimi uşaq oyunları təşkil edir.
Qazançı kənd mədəniyyət evində xalqımızın qədim el sənəti olan xalçaçılığın yaşadılması üçün “Xalçaçılıq” dərnəyi fəaliyyət göstərir. Cari ilin oktyabr ayında mədəniyyət evinin işçiləri tərəfindən toxunmuş 3 xalça Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilib.
Ötən ildə şöbənin tabeliyindəki 5 mədəniyyət evinin kollektivlərinin birgə təşkil etdiyi “Güləbətin” folklor kollektivi yaradılıb. Bu kollektiv Naxçıvanın qədim mahnısı olan və çox az müraciət edilən “Çit tuman” və başqa qədim xalq mahnıları hazırlayır. İfalara əlavə olunmuş rəqslər mahnılara xüsusi bir incəlik, xüsusi bir gözəllik verir. Bununla bərabər Milax kənd Mədəniyyət Evində bir neçə kəndin mədəniyyət işçilərinin “Gülüm ey” folklor kollektivi yaradılıb, onların repertuarına bayatılar və xalq deyimləri əlavə edilib. Milli-mənəvi sərvətlərimizin qorunması və təbliği bu gün qarşıda duran əsas vəzifələrdəndir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
Pərvin Həsənov
“Arazın səsi”qəzeti