Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi ən qədim monqol yazılı abidələrindən biri olan XIII əsrə aid Çingiz xan daş kitabəsinin bir surətini Monqolustana hədiyyə edib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, həmin tarixi abidə Ulan-Batorda açılacaq Çingiz xan Muzeyində qoyulacaq. Bu barədə Monqolustanın Baş Naziri Uxnaagiyn Xürelsüx tarixi abidənin təhvil verilməsi barədə Ermitajın baş direktoru Mixail Piotrovski ilə müvafiq sənədin imzalanması mərasimində bildirib.
Monqolustanın Baş Naziri qeyd edib ki, onun ölkəsində Çingiz xanın irsinin daha yaxşı öyrənilməsi üzrə tədbirlər həyata keçirilir. Belə ki, gələn il paytaxt Ulan-Batorda Çingiz xan Muzeyinin tikintisi başlanacaq. Uxnaagiyn Xürelsüx bu cür qiymətli tarixi abidəni hədiyyə etdiyi üçün Rusiya tərəfinə təşəkkürünü bildirib.
Çingiz xan daş kitabəsi 1224-1225-ci illərə aid edilən qranit lövhədir. Onun üzərində yazılıb: “Sartaul xalqını özünə tabe etdirən Çingiz xan bütün monqol ulusunun noyonlarını Buxa-Sucixay adlı yerdə toplayıb, Esuenxe yayı çəkərək 335 sajına ox atıb”. Daş kitabəni XIX əsrdə Cənubi Sibirdə tapıblar və 1936-cı ildə Ermitaja göndərilib. 2017-ci ildə Rusiyanın Qiymətli Metalların Elmi Restavrasiyası Laboratoriyasında abidənin skanlaşdırılması və modelləşdirilməsi aparılıb.