Özbəkistanın nargiz.uz portalı Azərbaycan tarı haqqında rus dilində geniş məqalə hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, yazıda tar alətinin Azərbaycanda XVIII əsrdən başlayaraq populyarlaşdığı bildirilir. Bununla yanaşı, Qətran Təbrizi, Məhəmməd Füzuli, Qövsi Təbrizi və digər şairlərin əsərlərində, həmçinin X əsrdən başlayaraq şeir-musiqi məclislərində tarın ifa edildiyi bildirilir, həmçinin miniatürlərdə digər qədim musiqi alətləri ilə bərabər tarın da əks olunduğu vurğulanır.
Məqalədə tarın yayıldığı coğrafiyadan söhbət açılır, bildirilir ki, bu qədim musiqi aləti XIX əsrin 70-ci illərində Qarabağda Sadıqcan tərəfindən təkmilləşdirilib və indiki formaya düşüb. Sadıqcan əvvəlcə simlərin sayını 18-ə qaldırıb, sonra daha praktik olsun deyə 13-ə endirib və bir sıra digər əlavələr edib.
Məqalədə vurğulanır ki, məhz bu təkmilləşdirilmədən sonra Azərbaycan tarı bütün Qafqaza, Türkiyəyə, İrana, Orta Asiya ölkələrinə yayılıb.
Bildirilir ki, ötən əsrin 20-30-cu illərində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tarı simfonik orkestrin tərkibinə saldırıb. Bundan sonra isə orta ixtisas musiqi məktəblərində və Konservatoriyada tar sinifləri açılıb.