Heydər Əliyev muzeyində növbəti açıq dərs - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Əbədi yaşar lider” mövzusunda açıq dərs keçirilib.
Dərsdə bildirilib ki, ümummilli liderin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Dahi şəxsiyyət respublikamıza rəhbərliyinin hər iki dövründə ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edərək inkişaf yoluna çıxarıb. Müstəqil Azərbaycan isə ümummilli lider Heydər Əliyevin şah əsəridir.
Qeyd olunub ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsədə, böyük çətinliklərlə qarşılaşıb. Ulu öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Vurğulanıb ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu öndərimizin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, məhv olmaqdan qurtulub. Məhz ümummilli liderimizin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Sonra şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Mədinə Rəhimli