Moskvada Yunus Əmrənin büstü qoyulacaq

A- A A+

Moskvanın “Muzeon” incəsənət parkında görkəmli türk şairi və mütəfəkkiri Yunus Əmrənin büstü qoyulacaq. Dekabrın 12-də Moskva şəhər Dumasının müvafiq komissiyası bununla bağlı qərar qəbul edib.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, komissiyanın sədri İqor Voskresenski deyib: “Moskva Xarici İqtisadi əlaqələr və Beynəlxalq Münasibətlər Departamenti və Türkiyə Respublikasının Rusiyadakı səfirliyinin türk şairi Yunus Əmrənin büstünün qoyulması barədə müraciətini dəstəkləmək təklif olunur. Onun Türkiyə Respublikasının və Moskva büdcəsinin vəsaiti hesabına “Muzeon” incəsənət parkında qoyulması təklifi daxil olub. Moskvanın Arxitektura İdarəsi və Yakimanka rayon deputatlar şurasının bu təklifə etirazı yoxdur. Moskva Şəhər Mədəni İrs İdarəsi və Mədəniyyət Departamenti də təklifi dəstəkləyirlər”.

Moskva Şəhər Mədəni İrs İdarəsinin məlumatına görə, büstün 2019-cu ildə keçirilən Rusiya və Türkiyənin çarpaz Mədəniyyət İli çərçivəsində qoyulması planlaşdırılır. Voskresenski əlavə edib ki, bu abidənin qoyulmasına cavab olaraq, Ankarada planetin ilk kosmonavtı Yuri Qaqarinin abidəsi ucaldılacaq. “Türkiyə tərəfi məlumat verib ki, Moskvada qoyulacaq abidənin hazırlanmasına dair ən yaxşı layihə üçün qapalı müsabiqə elan ediləcək, bədii-arxitektura və işçi layihələşdirilməsi üçün maliyyə vəsaiti ayrılacaq. Bundan başqa, büstün uzunömürlü materialdan hazırlanması və onun Ankaradan Moskvaya çatdırılması təmin ediləcək. Qarşılıqlı razılaşmaya əsasən, postamentin hazırlanması və büstün ətrafındakı ərazinin abadlaşdırılması işləri Moskva hökumətinin büdcəsi hesabına həyata keçiriləcək. Hazırda Türkiyə tərəfi layihənin smetasını tərtib edir və onu diplomatik kanallarla Moskva hökumətinə çatdıracaq”, -deyə komissiyanın sədri vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: