NUHÇIXAN xəbər verir ki, Cəmşid Naxçıvanski Muzeyində muzeyin yaradılmasının 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, 1981-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanskinin 85 illik yubileyinin keçirilməsi, generalın vətənində - Naxçıvan şəhərində onun ev muzeyinin yaradılması haqqında qərar qəbul edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Cəmşid Naxçıvanskinin Ev Muzeyi kimi fəaliyyət göstərən ata evi əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra sentyabr ayının 23-də istifadəyə verilib.
Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşlarının, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının və Cəmşid Naxçıvanski adına Naxçıvan şəhər 11 №-li tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə Muzeyin direktoru Abasət Nuriyev mədəniyyət müəssisəsinin Cəmşid Naxçıvanski irsinin yaşadılması, gələcək nəsillərə çatdırılması işində əvəzsiz rol oynadığını vurğulayıb.
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının və məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya da təqdim edilib.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.