“Tamahkar” Babək Rayon Xalq Teatrının səhnəsində - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Babək Rayon Xalq Teatrı rayon mədəniyyət sarayında Süleyman Sani Axundovun “Tamahkar” komediyası əsasında hazırladığı tamaşanı rayon sakinlərinə təqdim edib. Əsərin mövzusu bütün dövrlər üçün aktual olan tamahkarlıq və xəsislikdir. Əsərin baş qəhrəmanı Hacı Murad pula görə hər cür riyakarlığa hazırdır. Tamaşada tamahkar Hacı Muraddan başqa İmran, Gülzar, Şərəf xanım kimi yaxşı insanların da obrazları yer alıb.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli və musiqi tərtibatçısı Fətəli Axundzadədir.
Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Hacı Murad), Abbasəli Babayev (İmran), Nuray Mehdiyeva (Gülüzar), Stella Babayeva (Şərəf xanım), İsmayıl Qurbanov (Məhərrəm bəy), Gülşən Güləliyeva (Nabat), Rasim Qasımov (Qulu), Ələkbər İsmayılov (Əliqulu) surətləri təbii və özünəməxsus şəkildə təqdim edə bilirlər.
Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov xalq teatrının kollektivini təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar.
Xatırladaq ki, Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılıb və bu il 10 illiyini qeyd edib. Xalq teatrının repertuarında “Ezop”, “Yollara iz düşür”, “İkinci səs”, “Şeyx Rəhmətulla”, “Ana”, “Məhəbbət nişanəsi”, “Solğun çiçəklər”, “Durna”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Xəcalət”, “Unuda bilmirəm”, “Bəxtsiz cavan” və başqa tamaşalar var.